Naxçıvanda struktur islahatları və dəyişikliklər gözlənilir - EKSPERT
2-12-2022, 09:35
“Naxçıvanın iqtisadi cəhətdən inkişafı Azərbaycan dövlət büdcəsinin böyüməsində rol oynaya bilər. Maliyyə naziri Samir Şərifov bu günlərdə açıqladı ki, gələn ilin büdcəsində Naxçıvan üçün dotasiya 30 milyon manat azaldılaraq 450 milyon manata endirilib. Bu da gömrük və DTX sahəsində aparılan islahatlarla bağlıdır. Bir sözlə, iki qurumda aparılan islahat dövlət büdcəsində 30 milyon manat qənaətə səbəb oldu. Bu da onu deməyə əsas verir ki, MR-nın digər dövlət idarəetmə strukturlarında da islahatlar aparılacaq və dəyişikliklər baş verəcək”.
Bu fikirləri Publika.az-a açıqlayan iqtisadçı-ekspert Eyyub Kərimlinin fikrincə, gələcəkdə Naxçıvanda fəaliyyət göstərən iri şirkətlərin vergi ödəmələrində də müəyyən nəzarət təmin edilməli, onlar Azərbaycanın ümumi vergi strukturuna inteqrasiya olunmalıdır:
“Onların üzərində nəzarət daha da təkmilləşdilirməlidir ki, itkilər və qanunsuz mənimsəmələr azalsın və Naxşıvanın geniş iqtisadi potensilının daha da genişlənməsinə sərf olunsun”.
Ekspert bildirdi ki, 2023-cü ilin dövlət büdcəsinin icrası müddətində Naxçıvan MR üçün 650 milyon manat həcmində vəsait nəzərdə tutulub:
“Bunun 170 milyon manatının daxili imkanlar hesabına təmin edilməsi, 480 milyonu isə mərkəzdən dotasiya formasında ayrılması nəzərdə tutulub. Naxçıvanda bu illər ərzində tək sahibkarlığın inkişafı üçün 200 milyon manat vəsait ayrılmışdı”.
E.Kərimli belə hesab edir ki, Naxçıvanın özünün təminatı üçün böyük imkanlar var:
“Ulu Öndər Heydər Əliyevin 1992-ci ildə dediyi kimi, Naxçıvan Azərbaycanın Uralıdır. Bu da o deməkdir ki, burada böyük mineral su ehtiyatları, tikinti materialları, mərməri, duzu çox geniş şəkildə istehsal olunur və satışa çıxarılır. Bu sahələrdən böyük gəlirlər əldə edilir. Bu gün Naxçıvanda həyata keçirilən iqtisadi siyasət təkcə muxtar respublikanın yerli büdcəsinə və yerli iqtisadi potensialına deyil, eyni zamanda, Azərbaycanın büdcəsinə qənaət etməyə imkan verəcək və dotasiyaların məbləğini azaldacaq”.
280 milyon manata yaxın korrupsiya halının aşkarlandığını deyən ekspert qeyd etdi ki, bu mənimsəmənin hansı müddətdə baş verdiyi bəlli deyil:
“Təkcə bu fakt onu deməyə əsas verir ki, Naxçıvanda çox geniş iqtisadi potensial mövcuddur. Çoğrafi mövqeyi də Naxşıvana imkan verir ki, daha böyük inkişafa nail olsun. Üç ölkə həmsərhəd olduğu üçün gələcəkdə böyük investisiyaların yatırılması baş tuta bilər. MR-nın geniş turizm potensialı da var və təəssüf ki, bundan çox az istifadə olunur”.
Naxçıvan MR-nın Azərbaycanın digər bölgələrinə inteqrasiyası üçün böyük imkanlar yarandığı düşüncəsində olan ekspert hesab edir ki, Azərbaycanın digər bölgələrindən olan sahibkarların da burada fəaliyyət göstərməsinə şərait yaradılmalıdır:
“Əsasən də kənd təsərrüfatı sahəsində böyük mal mübadiləsinin həyata keçirilməsi üçün böyük imkanlar var. Bu gün burada statistikaya əsasən 400 min nəfərdən çox əhali yaşayır ki, bu da böyük bazar deməkdir. Sözsüz ki, Naxçıvanda orta və kiçik sahibkarlığın inkişafı və işsizliyin aradan qaldırılması, məşğulluğun təmin olunması və yoxsulluğun aradan qaldırılması üçün işlər görülməlidir”.