Azərbaycanın Baş Qərargah rəisinin ABŞ səfəri: İlginc detallar – Müsahibə

2-12-2022, 09:56           
Azərbaycanın Baş Qərargah rəisinin ABŞ səfəri:
Jurnalist Elçin Alıoğlu Teleqraf.com-a müsahibə verib.

TEREF.AZ onunla müsahibəni təqdim edirik.

- Sərhəd və Qarabağ istiqamətində artan təxribatlar nəticəsində Ermənistan-Azərbaycan sülh danışıqları yenidən dalana dirənmiş kimi görünür. ABŞ və Avropa Birliyindən verilən son açıqlamalarda isə nikbin notlar var. Siz necə düşünürsünüz, nikbinlik üçün bir əsas varmı?

- Diplomatiyada nikbinlik üçün həmişə əsas olmalıdır, əks təqdirdə, müharibə başlamalıdır. Diplomatiyanın özü nikbinliyə söykənir, bu, Babil və Bizans dönəmindən belədir.

Ermənistan-Azərbaycan münasibətlərindəki problemlərə gəldikdə, birincisi, bu məsələlərin yeganə həll yolu danışıqlardır. İkinci alternativ yol, müharibədir. Müharibə isə artıq Azərbaycan ərazilərində yox, Azərbaycanla Ermənistan arasındakı şərti sərhəd boyunca gedə bilər. Başqa bir amil isə hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində mümkün antiterror əməliyyatları ilə bağlıdır. Ermənistan rəhbərliyi bunları bilir. Bildiyi üçün də danışıqlar prosesində status-kvonu saxlamaq və ya mümkün qədər uzatmaq niyyətindədir. Bu, çox bəsit bir davranışdır.

İrəvan illərlə ATƏT-in Minsk qrupunun vasitəçiliyində davam etmiş prosesi təkrarlamaq, mümkün qədər söz naminə söz demək və prosesi bir addım belə irəli aparmamaq niyyətindədir. Məhz bu səbəbdən İrəvan Fransanı danışıqlar prosesinə cəlb etməyə çalışır, Minsk qrupunu diriltmək üçün bütün vasitələrə əl atır, İran və Rusiya ilə aktiv müzakirələr aparır və s.

Bütün bu cəhdlərin hamısı mənasızdır. Ermənistan imza atdığı 10 noyabr üçtərəfli anlaşmasını bəyanat kimi tanımır, “atəşkəs razılaşması” kimi qələmə verir, bu sənədin şərtlərinə əməl etmir, ən əsası öz hərbi qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaq fikrində deyil.

İrəvan bildirir ki, Azərbaycan ərazilərində Ermənistan vətəndaşları yoxdur. Bu məsələnin çox sadə bir çözümü var. Dediyim kimi, danışıqlar nəticəsiz olarsa və hərbi əməliyyatlar başlayarsa, Ermənistanın iddialarına cavabı tabutlar verəcək. Həmin tabutlar içindəki şəxslərin haradan çağırıldıqlarını dəqiq göstərəcək. Ehtimalım budur ki, həmin tabutların 99 faizi Ermənistan ərazisinə gedəcək. Ermənistan bunu bilir və buna görə də danışıqları uzatmağa çalışır.

Avropa Birliyi və ABŞ-a gəldikdə, bəli, onlar nikbindirlər, çünki Rusiya artıq danışıqlar prosesində əsas aktor kimi öz rolunu oynaya bilmir, İran və Fransa prosesə müdaxilə edir. Bu müdaxilələr fonunda da böyük güclərin hər biri öz maraqlarını təmin etməyə çalışır. Situasiya bu qədər sadədir.

- Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev ABŞ-da səfərdədir. Baş qərargah rəisi Vaşinqtonda önəmli görüşlər keçirdi. Bu səfəri və ümumən ABŞ-ın son zamanlarda artan fəallığını hansı kontekstdə şərh etmək olar?

- Təsadüfi deyil ki, cənab Vəliyev Vaşinqtonda olarkən, əsasən ABŞ Milli Qvardiyasının rəhbərliyi ilə görüşlər keçirdi. ABŞ işğaldan azad edilmiş ərazilərdə ağır zirehli texnika, Azərbaycan Ordusu, Sərhəd Xidməti və Daxili Qoşunların hərbi hissələrinin əvəzinə, bu hissələrin mənsublarından ibarət, amma yüngül atıcı silahlarla silahlanmış şəxslər, eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət mobil qrupların fəaliyyət göstərməsinə tərəfdar olduğunu çox incə eyhamla Bakının nəzərinə çatıdırır.

Çünki ABŞ-da Milli Qvardiya ordu deyil, sadəcə təbii fəlakətlər, yaxud lokal toqquşmalar və iğtişaşlar zamanı yaşayış məntəqələrinin olduğu ərazilərə yeridilən bir qüvvədir. Məhz bu səbəbdən cənab Vəliyevin Vaşinqtonda keçirdiyi görüşlərdə ABŞ Milli Qvardiyasının mənsubları üstünlük təşkil etdi.

Pentaqonda (ABŞ Müdafiə Nazirliyi) da görüşlər oldu. Pentaqondakı görüşlərin qayəsi və məzmunu, ən əsası bəzi qonşu ölkələrə verdiyi mesaj bundan ibarətdir ki, ABŞ regionda İran və Rusiyanın regionda möhkəmlənməsinə qətiyyən imkan verməyəcək. İranın dini-siyasi rəhbərliyində təmisl olunan şəxslər istədikləri qədər Azərbaycana hədə, təhdid mesajları göndərə bilərlər, amma ABŞ burada yeni hərbi münaqişənin yaranmasına imkan verməyəcək. ABŞ-ın bunun üçün nə qədər gücü olduğunu, məncə, hər kəs bilir, müzakirə etməyə ehtiyac yoxdur.

Başqa bir məqam isə budur ki, ABŞ Rusiyanın cənub sərhədləri yaxınlığında ona ikinci cəbhə açmaq niyyətində deyil. Əksinə, ABŞ Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqla burada sadəcə özünün hegemon güc olmasını da istəmir. Çünki ABŞ bölgənin problemlərini təkbaşına həll etmək və prosesin də maliyyə yükünü öz üzərinə götürmək niyyətində deyil. Buna görə də Avropa Birliyi ABŞ-la tandem şəklində hərəkət edir və moderator rolunu Rusiyanın əlindən alaraq, prosesi yeni fazaya keçirmək niyyətindədir.

- ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Mayk Karpenter Azərbaycan və Ermənistan liderləri arasında görüşün təşkilinə çalışdıqlarını bildirdi. Sizcə, növbəti belə bir görüş Vaşinqtonda baş tuta bilərmi?

- Belə bir görüş baş tutacaq, buna şübhə etmirəm. Birincisi, bu görüşdə məqsəd Rusiyanın moderatorluq funksiyalarını əlindən almaq, ikincisi, Avropa Birliyinin bu danışıqlarda əsas vasitəçi kimi çıxış etməsinə imkan verməməkdir. ABŞ-ın ATƏT-ə münasibəti məlumdur. ABŞ həmişə öz maraqlarını təmin etmək zərurəti yarananda ATƏT-dən istifadə edir. Amma ABŞ heç vaxt ATƏT-in öz daxili siyasətinə müdaxilə etməsinə imkan verməyib. ABŞ-da keçirilən son aralıq seçkilərində ATƏT mənsublarının bəzi seçki məntəqələrinə buraxılmaması da bunu sübut edir.

ABŞ Ermənistan-Azərbaycan danışıqlarını Avropa Birliyi formatından çıxararaq, Minsk qrupu olmadan ATƏT-in patronajlığı altında davam etdirilməsinə çalışır. Çünki Minsk qrupunun bərpası qeyri-mümkündür. ABŞ-ın yenidən Fransa və Rusiya ilə bir masa arxasında oturaraq danışıqlar prosesinə başlamaq istədiyini düşünmürəm, bu ehtimal inandırıcı görünmür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.