“TƏHLÜKƏSİZLİK SİSTEMLƏRİMİZ BİZƏ XƏYANƏT ETDİ...” – “Bizi aldadırlar, yoxsa biz özümüzü aldadırıq?...”
5-03-2023, 10:16
"Mən deyə bilmərəm ki, biz bu gün, xüsusən də geosiyasi təlatümlərin baş verdiyi indiki şəraitdə ölkəmizin təhlükəsizliyinə artıq təminat vermişik. Belə reallıqları nəzərə alsaq, çox təhlükəli mühitdə olduğumuzu bildirmək lazımdır".
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşündə deyib.
O, bu kontekstdə sülh gündəminin vacibliyini vurğulayıb. Baş nazir etiraf edib ki, risklər çoxdur: "Ümumiyyətlə deməliyəm ki, indi bizim üçün çox çətin və təhlükəli dövrdür. Mövcud çağırışları aradan qaldırmaq üçün maksimum ciddilik, çeviklik lazımdır. Bizim dərin iqtisadi problemlərimiz yoxdur, daxili təhlükəsizlik, demokratik inkişaf baxımından heç bir problemimiz yoxdur”.
Baş nazirin sözlərinə görə, beynəlxalq ictimaiyyət müəyyən dərəcədə Ermənistana və bütövlükdə regiona diqqət yetirir və bu diqqətdən uzunmüddətli həll yollarına nail olmaq, regionda sülhün bərqərar olması üçün istifadə etməyi bacarmaq lazımdır.
Ətraflı
“Ərazi və insan itkilərinin davam etdiyini nəzərə alaraq, məsuliyyəti öz üzərinə götürməyin, istefaya getməyin vaxtı çatıbmı” sualına cavab olaraq Baş nazir bildirib ki, itkilərin səbəbləri barədə danışmaq və Ermənistan ordusunda vəziyyətin necə olduğunu təhlil etmək lazımdır. "Təhlükəsizlik sistemlərindən danışırıq, amma nədənsə təhlükəsizlik sistemlərimizin bizə xəyanət etdiyini demirik. Belə çıxır ki, biz əslində sabun köpüyünə çevrilən təhlükəsizlik faktorlarına etibar etmişik? Belə çıxa bilərmi ki, bizi aldadırlar, yoxsa biz özümüzü aldadırıq?”- Paşinyan bildirib.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan martın 2-3-də Berlində səfərdə olub. Ermənistan hökumətinin başçısı Almaniya kansleri Olaf Şolz və Prezident Frank-Valter Ştaynmayerlə görüşlər keçirib.