Vahid Əhmədov: “Ermənilərin təxribatında rus sülhməramlılarının əli var”
6-03-2023, 13:40
“Azərbaycan təcili bu iki məsələni həll etməlidir”
“Gedən proseslər, baş verən təxribatlar onu deməyə əsas verir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını istəmir. Ermənistandan daha çox isə Rusiya istəmir. Yəqin ki, sülh müqaviləsinin imzalanmaması üçün də Ermənistana müəyyən təzyiqlər edilir”.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, bir vaxtlar deyirdilər ki, guya Ermənistanla Rusiya arasında münasibətlər gərginləşib: “Amma martın 5-də baş verən hadisə bunun əksini göstərdi. Hadisə yerinə gələn rus hərbçiləri hətta yaralı erməninin başını sarıyırdı”.
Deputat hesab edir ki, ABŞ və Avropa Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir və bu istiqamətdə də aktiv fəaliyyət göstərir: “Hətta mart ayında Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə növbəti belə bir görüş də nəzərdə tutulub. Məqsəd iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Bu məqsədlə Avorpa İttifaqının təmsilçisi də Bakıya səfər edib və burada görüşlər keçirəcək. O buradan İrəvana gedəcək. Görüşlərdə sülh müqaviləsi müzakirə olunacaq. Çünki Qərb bölgədə sabitliyin yaranması üçün sülh müqaviləsinin imzalanmasını zəruri sayır. Amma bölgdə sülhün yaranması digər qüvvələrə sərf etmir. Onlar da hər vəchlə sülhü pozub, prosesin uzanmasına çalışırlar və ona görə də təxribatlara əl atırlar”.
Bu cür təxribatların gözlənilən olduğunu deyən millət vəkili bildirib ki, Lavrov bu yaxınlarda Azərbaycanda səfərdə oldu və müəyyən məsələlər müzakirə edildi: “Baş verənlər onu deməyə əsas verir ki, səfərin nəticəsi olmayıb. O baxımdan da hesab edirəm ki, Azərbaycan iki məsələni tez bir zamanda mütləq həll etməlidir. Birincisi, Laçın dəhlizində gömrük, sərhəd nəzarət keçid məntəqəsini qurmalıdır.
İkincisi, rus sülhməramlıları öz missiyasını yerinə yetirmək istəyirlərsə, o zaman nəzarət etdikləri ərazilərdə qanunsuz erməni hərbi birlikləri, terrorçular tərk-silah edilməlidir. Təəssüf ki, hələ də həmin ərazilərdə silahlılar var və bu isə onu deməyə əsas verir ki, rus sülhməramlıları öz missiyasını yerinə yetirmir. Daha çox Ermənistanla təmasda olurlar və onları müdafiə edirlər. Hesab edirəm ki, Ermənistandan gələn maşında silahın olmasında rus sülhməramlılarının əli var. Yəqin ki, rus sülhmərmalılarının komandanı onlara icazə verib. Ayrı yolla həmin silahları Xankəndinə gətirsinlər. Bütün bunlar ciddi məsələdir. Bütün bunları nəzərə alaraq təklif edirəm ki, Azərbaycan hökuməti xarici siyasətini daha da sərtləşdirib qeyd etdiyim iki məsələni mütləq həll etməlidir”.
O əlavə edib ki, Rusiya iki dövlət arasında sülh müqaviləsinin imzalanmasını istəmir və hər vasitə ilə buna mane olur: “Rusiya istəyir ki, bölgədə təsir imkanlarını qoruyub saxlasın. O baxımdan da ruslar ermənilərə belə bir təxribatçı hərəkət etməyə yardımçı olublar. Axı hamıya məlumdur ki, Ermənistan kimdir.
Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, belə təxribatların qarşısını almaq üçün ordumuz ayıq-sayıq olmalıdır”.