"Atam dünyasını dəyişdi, ev də həmin qadına qaldı"
8-03-2023, 12:37
“Atamın 60 yaşı olanda mən anadan olmuşam. O vaxta kimi atam ailəyə soyuq yanaşıb. Mən doğulandan sonra evə qarşı istiqanlı olub. Onunla bağlı xoş xatirələrim çoxdur. Bağda yaşayırdıq, gələndə hər şey alıb gətirirdi. Hətta üzüm də alırdı. Anam deyirdi ki, üzümü neynirsən? Deyirdi ki, “yox qoy yesinlər, iki övladım var, ikisi də mənə əzizdir”. Yaşlı vaxtında tapmışdı bizi. Bizə can yandırırdı. Pulsuz gedirdi, bir də görürdün ki, bir maşın yemək, cibində çoxlu yüzlüklər gətirdi. Məzar daşlarına şeirlər yazanda ona yaxşı hörmət edirdilər. Bu yadıma gəlir ki, arxasınca bağa qədər gəlib, gözləyirdilər. Atam təsr idi, dedi yox, demək ki, yox. Ürəyiyumşağlığı da var idi. Bir dənə qarışqanı da basdalamazdı ki, onun da canı var”
TEREF.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında məşhur qəzəlxan Əliağa Vahidin qızı Firəngiz Əliağa Vahid qızı deyib.
“Mən doğulanda deyiblər ki, qızın olub. Deyib ki, “taleh mənə vermişdi biz oğlan, bir qız. Qızım Firəngizdir, oğlum da Ramiz”. Deyib ki, ona Firəngiz adını verirəm. Qardaşım Ramizlə məni çox istəyirdi. Həmişə deyirdi ki, “Ramiz, sən mənim oğlumsan. Nəsil bə nəsil sən çörək yeyəcəksən”. O öncədən bilirdi ki, öləndən sonra biz onun pensiyasını yeyəcəyik. Sovet dövründə atamın şeirləri oxunanda da bizə pul gəlirdi” deyə qəzəlxanın qızı deyib.
Firəngiz xanım atasının bir qadınla olan münasibətindən də danışıb.
“Anam o vaxt ona çox naz atıb. 29 yaş anam atamdan kiçik olub. Anam danışırdı ki, onun şairliyinə, dahiliyinə heyran idim. Atam da Polşaya gedəndə orada Fedya adlı Polyak qızı ilə tanış olub. Fedyanı Bakıya gətirib, o biri küçədə onun üçün ev də almışdı. Mən də o evə gedib-gəlmişəm. Sonra atam öləndə o qadın gəldi, anama dedi ki, niyə ağlayırsan? Sənin heç olmasa övladların var, məndə heç kim yoxdur”. Atam deyirdi ki, o evi qardaşımın adına salacaq, amma edə bilmədi. Atam öləndə qardaşım 10-cu sinifdə oxuyurdu. Atam dünyasını dəyişdi, ev də həmin qadına qaldı” deyə o bildirib.
Firəngiz xanım atasının daim övladlarını qoruduğunu bildirib.
“Bağa bizi mayın 9-da köçərdik. Biz maşın tutardıq, bütün yükümüz gedirdi. Anama deyirdi ki, “qızı incitmə, çünki qız kəsikdir, ancaq oğlan yox”. Anam deyib ki, “Ramiz yorulub Firəngizin dərslərini etməkdən”. Deyirdi ki, “Şəhrəbanu, səni and verirəm Allaha onu vurma”. Atam şeirlərini toplamayıb, harda gəldi yazıb atırdı. Çay kağızına, adi kağıza. Qardaşıma şeir deyəndə deyirdi ki, yazdın? Qardaşım deyirdi ki, “de yazaram”. Deyirdi ki, “daha o getdi, ağlıma gəlməyəcək” deyə Firəngiz xanım bildirib.
Firəngiz xanım atasının ölümündən də danışıb.
“Atam Mərdəkanda yatırdı, orada da rəhmətə getdi. Səhər bizə xəbər gəldi ki, Vahid ölüb. 1965-ci il, oktyabrın 30-u idi. O günü sanki qəmə batmışdıq, adama hiss gəlirdi də. O gün nə televizor açdıq, nə də ki, başqa şey. Sən demə həmin gecə artıq atam keçinmişdi. Ayın 1-də bir kişi gəldi bizə, “Leçkomissiya”-nın üzvü idi, qorxa-qorxa dedi ki, “atan ölüb”. Anam ağlamağa başladı, sonra evə adamlar gəldi. Sən demə hamı bilirdi. 3 gün cənazəni evdə saxladıq. Anama demişdi ki, “məni orkestr ilə yox, islam dininin qayda-qanunları ilə basdırın”. 3 gündən sonra Fəxri xiyabanda dəfn etdilər. Bilirsiniz nə qədər adam var idi? Atam camaatın çiynində gedirdi. Uşaq idim, ağlım kəsmirdi, sevinirdim ki, nə yaxşı qonaqlar gəlib bizə, daha bilmirdim ki, atam rəhmətə gedib. Mən onun yoxluğuna hələ də inana bilmirəm. Atam üçün bilirsiniz, nə qədər oturub ağlayıram evdə tək olanda? Ata çörəyi çox yemədim. Mən ona heyfslənirəm ki, kaş bir az yaşayardı. 4-cü sinifdə oxuyurdum, atam getdi qaldım anamın ümidinə. Hara gedirəmsə Əliağa Vahidin qızı olduğumu bilib xoş sifət göstərirlər. Deyirlər ki, “orada yox, burada otur”. Yenə də nə çörək yeyirəmsə, onun adı ilə bağlıdır” deyə qəzəlxanın qızı deyib.