Elşad Miri: “İslam dinində “ziyarətgah” anlayışı yoxdur”
9-03-2023, 20:00
Elşad Miri: “İslam dinində “ziyarətgah” anlayışı yoxdur”
Sosial şəbəkələrdə Bakı daxilində ziyarətgah hesab edilən məkanlara tur təşkil edən şirkətlərdən biri paylaşdığı siyahıya birinci mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin məzarını əlavə edib. Şirkətin bu addımı birmənalı qarşılanmayıb.
Tanınmış ilhiyyatçı Elşad Miri isə Pravda.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, İslam dinində “ziyarətgah” anlayışı yoxdur.
““Qurani-Kərim”ə baxdığımız zaman orada belə bir anlayışın olmadığını görürük. Xüsusilə də qəbir ziyarəti. Məsələn, İslamın özündə belə bir yanaşma var – bu, təbii ki, “Quran”da yoxdur – qəbir ziyarəti insana o biri dünyanı, axirəti, insanın öləcəyini xatırlatmaq üçündür. Amma Bakının Şüvəlan kəndindəki “Mirmövsüm ağa” deyilən yerə gedən insanlar, sizcə, orada axirəti xatırlayırlarmı? Yoxsa “Mirmövsüm ağa” deyilən yer kiminsə hansısa vəzifəyə keçmək üçün nəzir qoyduğu, övladının imtahandan keçməsi üçün pul qoyduğu, uşaq dünyaya gətirmək üçün gedib qəbirlərin ətrafında fırlandığı yerdir? Orada “axirət” anlayışı olmur. Dırnaqarası da olsa, reallıq budur ki, ən böyük biznes elə “din biznesidir”. Təəssüf... Çünki insanlar bunu sorğulamırlar, öz ciblərindən pul verirlər, həmin yerlərdə bir-bir gəzdirilirlər. Adı da olur “ziyarətgah”, guya “mənəvi təsəlli”, “ruhun sakitləşməsi” və sair. Təbii ki, bunların heç birinin mənası yoxdur”, - ilahiyyatçı bildirib.
Elşad Miri Məhəmməd Peyğəmbərin həyatından misal çəkib: “Peyğəmbərimizin həyatına nəzər salsaq, onun altı övladı vəfat edib. Peyğəmbərin onların hansınınsa məzarının ziyarətgah olması ilə bağlı bir tövsiyəsi, fəaliyyəti, işarəti olubmu? Bəs Peyğəmbərin vəfatından sonra onun öz yaxın dostlarının bununla bağlı hansısa yanaşması olubmu? Təbii ki, xeyr. Belə olan halda, “ziyarətgah” anlayışının olması bütləşdirməyə aparıb çıxarır. “Büt” anlayışı necə formalaşırdı? Elə bu cür. Əlli-yüz il sonra bilməyən insanlar müxtəlif formalarda, müxtəlif adlarla belə yerləri ziyarətgah kimi istifadə edərək həmin yeri büt halına gətirəcəklər”.