Ermənistan sülhə imza atır: Bu iki şərtlə... - Sabiq nazir açıqladı
10-03-2023, 12:18
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, ermənilərin Qarabağda qalmış qanunsuz silahlı birləşmələrinin Azərbaycana qarşı təxribatı fonunda fərqli yanaşmalar izlənilir. Ölkəmizə qarşı bu cür ikili mövqe çərçivəsində sülh prosesi ilə bağlı müsbət tendensiya gözlənilirmi?
- Son təxribatlar fonunda bəzi müsbət məsələlər də gündəmdə gəlib. Hər halda Avropa İttifaqı və ABŞ nümayəndəsi mövqeyini açıqlayıb. Onların mövqeyi odur ki, bölgədə kommunikasiyalar Azərbaycanın suverenliyinə daxil olmalıdır. Bu baxımdan fərqli bir mövqelər var. Rusiya tərəfinin mövqeyi də bəllidir. Rusiya xarici işlər nazirinin Bakıya səfəri zamanı açıqladığı məqam da burada diqqətdən kənar qala bilməz. Bu, Laçın yoluna nəzarətlə bağlı idi. Burada digər bir yanaşmalar gərgin diplomatik təmasların olduğunu göstərir. Bu məsələnin də həlli gündəmdədir. Amma sözsüz ki, Qarabağda bu cür təxribatlar Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurulmasa davam edəcək. Azərbaycan da təbii ki, bunu istəmir. Qarabağdakı təxribatı sadə bir məntiqlə də izah etmək olar.
- Erməni tərəfi təxribatın planlı hazırlanması iddialarını qəbul etmək istəmir...
- Çünki orada Azərbaycan hərbçilərinə həm Ermənistana məxsus maşından, həm də kənardan atəş açılıb. Bu qanlı terror nəticəsində iki hərbiçimiz şəhid olub. Bu isə öncədən hazırlanmış bir plan, pusqu olduğunu təsdiqləyir. Məhz onların planına görə, erməni hərbçiləri orada həmin mövqedə olmalı idi. Orada istifadə edilən silahların atəş məsafəsi 400-500 metr təşkil edir. Söhbət həmin məsafədən Azərbaycan hərbçilərinə açılan atəşdən gedir. Deməli orada həmin erməni maşınından başqa digər bir qrup olub. O da Azərbaycan hərbçilərinə qarşı bu təxribatı həyata keçirib. Bunu başa düşmək üçün heç də mütəxəssis olmağa ehtiyac yoxdur.
- Bu cür təxribatlarda siyasi məqsədlər nə dərəcədə qabarıq görünür?
- Əslində bu vəziyyət də öz-özünə yaranmayıb. Təxribatı törədənlər və planlaşdıranlar var idi. Hiss olunur, təxribatın baş verməsi, hazırlanmasında siyasi məqsədlər güdülüb. Burada istər-istəməz müxtəlif tərəflər başqa mövqedədir. Qərbin, Rusiyanın mövqeyi ilə yanaşı Azərbaycanın da istəyi, iradəsi ortadadır.
- Azərbaycanla Ermənistan arasında mümkün sülhlə bağlı hər iki tərəf qarşılıqlı olaraq təkliflər irəli sürür. Bunun məntiqi sonluğu necə olacaq?
- Artıq tərəflər arasında qarşılıqlı olaraq yazışmalar gedir. Bunun nəticəsində nəyinsə həll olunacağı maraq kəsb edir. Çünki burada maraqlı qüvvələr var ki, münaqişə bitməsin,müqavimət mərkəzi olaraq Qarabağ saxlanılsın. Niyyət görünür. Amma iki ölkə arasında sülh sazişi ilə bu məsələnin necə həll edilməsinə də diqqət etmək lazımdır. Hansısa bir sənədə imza atmaqla bu məsələnin bitməsi inandırıcı deyil. Təbii, Azərbaycanın istəyi odur ki, bu, son olsun. Amma bu məsələdə Ermənistanın iştirakı yenə sual altındadır.
- Ermənistan sülhə imza atacağı təqdirdə digər əks arqument kimi hansı məsələləri gündəmə gətirə bilər?
- Erməni tərəfi bizimlə sülhə imza atdıqdan sonra Qarabağda qondarma rejimin məsələsini gündəliyə çıxaracaq. Hətta bizə deyə bilərlər ki, gedin onlarla danışın. Elə bu cür təxribatlarla da proses uzun müddət davam edəcək. Bu baxımdan sülhdən sonra vəziyyətin dəyişəcəyinə də ciddi şəkildə inanmaq olmur.
- Burada Azərbaycanın başlıca tələbi nədən ibarət idi?
- Qarşı tərəf Azərbaycanın istədiyi məsələyə öz münasibətini bildirib. Azərbaycanın tələbi odur ki, Ermənistan bizim ərazi bütövlüyümüzü tanımaqla yanaşı ona hörmətlə yanaşmalıdır. Başlıca tələb də odur ki, onlar Azərbaycanın suverenliyinə qarşı bundan sonra heç bir təxribat aparmayacaq.
- Buna kim zəmanət verə bilər?
- Onlar iddia edirlər ki, Azərbaycanın ərazi bütövlüyünü Ermənistan 1991-ci ildən tanıyıb. Amma fakt odur ki, 1991-ci ildən sonra Ermənistan Azərbaycanın 20 faiz ərazisini 30 ilə yaxın işğalda saxlayıb. Elə məsələnin də mahiyyəti məhz bundadır. Ona görə də, erməni tərəfi Azərbaycanla sülh sazişinə imza atsa belə özünün anneksiya siyasətindən əl çəkməyəcək.