“Elçibəyin müşaviri idim, həqiqəti söylədiyim üçün partiyadan xaric olundum”

10-03-2023, 16:07           
“Elçibəyin müşaviri idim, həqiqəti söylədiyim üçün partiyadan xaric olundum”
Xəbər verdiyimiz kimi, tanınmış telejurnalist, ictimai-siyasi xadim Kamran Həsənli Azərbaycan Yüksəliş Partiyası Başqanının Qafqaz ölkələri və xalqları ilə iş üzrə müavini təyin olunub.

Bu təyinat sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Şoumenin aktiv siyasətə qatılıb-qatılmayacağı maraq doğurur.

TEREF.AZ bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan aparıcı aktiv siyasətə gəlməyinin televiziyadan uzaqlaşdırılması ilə bağlı olmadığını deyib:

“Mən uzun illərdir televiziyada yoxam. Ona görə yox ki, aktiv siyasətə qoşulmuşam. Sadəcə, televiziya kanalları mənə qarşı koalisiya yaradıblar. Onlar məni çağırmırlar. Açığı, aktiv siyasətə qoşulmağımın televiziya ilə əlaqəsi yoxdur. İnsan siyasətlə də, öz peşəsi ilə də məşğul ola bilər. Mən onsuz da siyasi verilişlər aparırıdım, Azərbaycan Yüksəliş Partiyasında da əqidədaşlarımı gördüm. Orada çoxlu gənclər gördüm, gəncliyi çox sevirəm, gənc düşüncələr, xaricdə universitet bitirib gələn gənclər mənə maraqlıdır. Onlarla əqidəmiz çox yaxın olduğundan mənim üçün onlarla ünsiyyət də maraqlıdır. Ona görə qərara gəldim ki, o partiyada dostlarla bir yerdə olum”.

Parlament seçkilərində namizəd olub-olmayacağı ilə bağlı sualı cavablayan Həsənli millət vəkili olmaq arzusunun olduğunu desə də hələ ki, bu barədə qəti qərara gəlmədiyini bildirib:

“Açığı, mən növbəti parlament seçkiləri barəsində düşünməmişəm, amma növbəti parlament seçkiləri təyin olunarsa, o vaxt artıq fikrimizi deyəcəyik. Əlbəttə ki, millət vəkili olmaq istəyi içimdə var. Millət vəkili olmaqla yanaşı, Azərbaycanda həqiqi, doğru seçkilərin olması arzusu ilə yaşayıram. Güman edirəm ki, Azərbaycan bu yola doğru gedir, addımbaaddım dünyada gedən proseslərdən geri qalmır və xalqımız da bu prosesləri izləyir. İnanıram ki, Azərbaycana da həqiqi seçkilər gələcək. Millət vəkilliyinə namizəd olub-olmayacağım məsələsinə isə həmin vaxt baxarıq.

Mən o vaxt Əbülfəz Elçibəyin müşaviri olmuşam. O vaxt Elçibəy tərəfindən millətlərarası münasibətlər üzrə müşavir təyin olunmuşdum. O dövrdə həmin partiyada bəzi həqiqətləri açıq söylədiyimə görə ordan xaric olunmuşdum. Ondan sonra heç bir partiyaya üzv olmamışdım”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.