Türkiyə kəşfiyyatı məlumatı sızdırdı: İran Azərbaycana qarşı… - Ekspert danışır
11-03-2023, 09:53
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.
TEREF.AZ onunla müsahibəni təqdim edir:
- Artıq molla rejimi Azərbaycanın sadə vətəndaşlarını da hədəfə alır. Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərli İranda yoxa çıxıb, bir neçə gündür ondan xəbər yoxdur. Rejim əvvəllər bu kimi addımları Qərb dövlətlərindən olan insanlara qarşı atırdı, indi isə bizə qarşı. Baş verənləri necə şərh etmək olar?
- Bu insanın İrana getməsinin heç bir ictimai-siyasi yükü yoxdur. O, sadəcə öz dostunu görməyə gedib, amma ETTELAAT tərəfindən oğurlandığı güman edilir. Azərbaycan Xarici İşlər Nazirliyi artıq məsələ ilə əlaqədar İrana nota verib.
İran yolunu tamam azıb. Son dövrlərdə Azərbaycana qarşı radikal düşmənçilik siyasəti aparmağa başlayıb. “Türkiyə” qəzeti İranın Qarabağın ermənilər yaşayan hissəsinə 4 min terrorçu göndərməyə hazırlaşması barədə məlumat yayıb. İran bölgədə qulduruluq və terror siyasəti həyata keçirməyi hədəfə alıb. Molla rejiminin bu addımlarını diqqətlə izləməli və onun bu siyasətinin bölgə dövlətlərinə hansı təhlükələri yaratması barədə beynəlxalq təşkilatları məlumatlandırmalıyıq.
Bu fakt və vətəndaşımızı girov götürməsi İranın dünyanın digər dövlətlərinə qarşı apardığı bədnam siyasətin başqa bir formasıdır.
İranın 44 günlük müharibədən əvvəl və sonra Azərbaycana qarşı apardığı təxribatçı siyasətinin monitorinqi aparılmalı və bunun nəticələri beynəlxalq səviyyədə ictimailəşdirilməlidir. Artıq dünya tərəfindən terrorçu dövlət kimi tanınan, insan oğurluğu ilə məşğul olan, Azərbaycana qarşı terrorçu birləşmə yaradan İran bütün bölgə dövlətləri üçün təhdid mənbəyinə çevrilir. Tehranın bu kimi addımları ona qarşı görüləcək tədbirlər siyahısına daxil edilməlidir.
- İranın öz terrorçularını Qarabağa göndərmək niyyətinə toxundunuz. Türkiyə mediasının bununla bağlı iddiasına nə qədər inanmalıyıq? Türk nəşrləri bu məsələdə SEPAH-ın “Qüds” briqadasının komandiri İsmayıl Qəninin fəaliyyətinə diqqət çəkir. İddia edilir ki, o, “Əsaəb Əhlil Haqq”, “Hərəkat ən-Nücəba” və “Hizbullah” kimi terror təşkilatlarının liderlərlərinə bu məqsədlə 4 min nəfərlik “xüsusi qüvvə” yaratmağı tapşırıb.
- “Türkiyə” qəzetinin yazdıqlarının altına imza atmağa hazıram. İran Yaxın Şərqdəki bütün terror təşkilatlarını dəstəkləyən donor, daha doğrusu, terrorçu dövlətdir. Tehranın Türkiyəyə qarşı yaratdığı “Həşd əş-Şabi” terror qruplaşması buna misal ola bilər. Suriya və İraqda “Həşd əş-Şabi” kimi bir neçə terror təşkilatı var ki, İran tərəfindən yaradılıb və maliyyələşdirilir. Livan “Hizbullah”ı da bura daxildir.
İndi İran terror şəbəkəsini daha da genişləndirir, bunu bütün regiona və ya ətrafındakı dövlətlərə yaymaq istəyir. Azərbaycana qarşı yönəlmiş siyasətdə Ermənistanın dəstəklənməsi məsələsi də ön plana çıxır.
İranın anti-Azərbaycan mövqeyi bütün çılpaqlığıyla üzə çıxıb. “Türkiyə” ölkəsinin xüsusi xidmət orqanlarına yaxın bir qəzetdir. Eyni zamanda, əhali arasında böyük populyarlığı var. Yəni bu qəzet bu məlumatı təsadüfən yaymaz.
Bu məlumat o zaman yayıldı ki, İran xarici işlər naziri Abdullahiyan Ankarada idi, türk həmkarı Çavuşoğlu ilə görüşürdü. Üstəgəl, bundan əvvəl İsrail dronları və qırıcıları “Həşd əş-Şabi”nin Suriyadakı və Livana yaxın ərazilərdəki mövqelərini bombramdan etmişdi. Bəlkə də bu, təsadüfi idi, amma İranın bölgədəki terror şəbəkəsinə qarşı mübarizənin zəruriliyini bir daha ortaya qoydu.
Nəzərə almalıyıq ki, Türkiyə xarici işlər nazirinin də Tehrana səfəri gözlənilir, ondan sonra İbrahim Rəisi Ankaraya gələcək. Bütün bunlar göstərir ki, İranın mümkün addımlarına qarşı Türkiyənin hazırlıqlı olması Tehran tərəfindən qıcıqla qarşılanır. Ona görə də İran Türkiyəyə müəyyən təminatlar verməyə çalışır. Amma dəfələrlə belə təminatlar verilib, sınaqdan çıxmayıb.
Otuz il ərzində Azərbaycana da belə “yağlı təminatlar” verilib, heç birinin icrası istiqamətində isə addımlar atılmayıb. Belə riyakar siyasətinə görə bundan sonra İrana inanmaq, onunla iki və çoxtərəfli münasibətlər qurmaq demək olar ki, mümkün deyil. Bütün bunlardan sonra Abdullahiyan Ankarada deyir ki, Tehranda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşünü keçirməyə hazırdırlar.
İran bölgəni qarışdırmaqda davam edir. İran öz daxilindəki inqilabi hərəkatı söndürmək üçün xaricdə “düşmən obrazı” yaradıb, bundan daxildə sabitlik yaratmaq üçün istifadə etməyə çalışır. Amma bu alınmır və alınmayacaq da! Üstəgəl, İran getdikcə daha çox ölkələr tərəfindən dünyadan təcrid edilir, təkliyə sürüklənir.
.İran bu gün yalnız Rusiya və Çinlə müəyyən əlaqələrə malikdir. Yerdə qalan bütün dövlətlər tərəfindən tamamilə təcrid olunub. Amma İranda elə bir rejim var ki, o, baş verənlərdən və etdiyi xətalardan ibrət dərsi götürmür və bu xətti həyasızcasına davam etdirir.
Zənnimcə, artıq İrandan haqq-hesab tələb etmək vaxtı gəlib çatıb. Bura təkcə Tehranın nüvə proqramı ilə bağlı məsələlər daxil deyil, molla rejiminin öz xalqına qarşı amansız siyasəti dünya tərəfindən hiddətlə qarşılanır. İrana qarşı atılacaq addımlar gündəmdədir, masadadır. Masadakı variantların həyata keçirilməsi o qədər də uzaq zamanda baş verməyəcək. Yaxın vaxtlarda reallaşdırıla bilər.
- Bəs İrana qarşı hansı variant seçilə bilər? Məsələn, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays iddia edir ki, seçim təkcə diplomatiya olmayacaq...
- ABŞ-ın müdafiə naziri bu günlərdə Təl-Əvivdə oldu, orada İsrailin rəhbər şəxsləri ilə görüşdü. Görüş çərçivəsində İranla bağlı çox ciddi məsələlər müzakirə edilib. Bunlar arasında İrana qarşı hərbi əməliyyatların başlanması məsələsi öndə olub. Bu mənada Təl-Əviv və Vaşinqtonun mövqeləri üst-üstə düşür. Üstəgəl, İngiltərə və Avropanın digər böyük dövlətləri bu məsələd İsraili dəstəkləyirlər.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri bu yaxınlarda İranda oldular, nüvə müəssisələrində təftiş apardılar, bu, hələ də davam edir. Amma bu, İranla bağlı məsələlərin dinc və ya diplomatik yollarla həllinə dair mövcud olan illüziyaları çox da yaşamağa imkan verməyəcək. Əminəm ki, İran gizli nüvə müəssisələrini və laboratoriyalarını AEBA və dünya ictimaiyyətinə göstərməyəcək.
İran dünyanı aldatmağa çalışır. Amma ABŞ və İsrailin kəşfiyyat qurumları bu yöndə yaxşı işləyirlər, bu yalanlarını da ifşa edərək, İranı dalana dirənməyə məcbur edəcəklər.