İran Azərbaycana hücum edərsə... - Fakt, ehtimal, təhlil

14-03-2023, 16:34           
İran Azərbaycana hücum edərsə... -
İran Azərbaycana qarşı növbəti dəfə təxribata əl atıb. Martın 11-də İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 kilometr məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.

İran rejiminin bu addımı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və Müdafiə Nazirliyi (MN) birgə bəyanat yayıb. Bəyanatda qeyd edilib ki, hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir.

“İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır. Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi. İran tərəfini bu cür təhrikçi addımına görə şiddətlə qınayır, müvafiq izahat verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırırıq”, - deyə nazirliklərin birgə bəyanatında vurğulanıb.

Onu da qeyd edək ki, martın 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan XİN-ə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub. TEREF.AZ-ın məlumatına görə, İranın artan təxribatları ilə bağlı AYNA-nın suallarını cavablandıran politoloq Şahin Cəfərli qeyd edib ki, bu cür hadisələr adətən xəbərdarlıq mahiyyəti daşıyır:

- İran hərbi təyyarəsinin Azərbaycanın sərhəd xəttinin üzərində nümayişkəranə uçuş etməsi şübhəsiz ki, Bakıya xəbərdarlıqdır. Bu hadisəni İrandakı Azərbaycan səfirliyinə hücumun davamı kimi qiymətləndirmək olar. İran tərəfi səfirliyə hücum təşkil etməklə Bakıya mesaj vermək istədi. Görünən odur ki, Bakı Tehranın vermək istədiyi o mesajı qəbul etmədi. İran da xəbərdarlıqlarını davanm etdirməyə üstünlük verir.

- Ümumiyyətlə, İranın belə mesajlarının, təhdid xarakterli addımlarının arxasında nə dayanır?

- İkinci Qarabağ müharibəsindən sonra regional nizam pozuldu. Əvvəlki status-kvo pozulub, yenisi isə hələ ki, formalaşmayıb. Ermənistanla Azərbaycanın münasibətlərində hələlik aydınlaşma yoxdur, sülh imzalanmayıb. Müharibədən sonra ortaya çıxan mənzərəni İran özünün milli maraqlarına təhdid kimi qiymətləndirir. Tehran rejimi təhlükəsizliyinə təhdid kimi qiymətləndirdiyi vəziyyəti ortadan qaldırmaq istiqamətində siyasət yeritməyə başladı. Əvvəllər İran şifahi bəyanatlarla Bakıya hədə-qorxu gəldi. Daha sonra sərhədlərimizdə genişmiqyaslı hərbi təlimlər keçirdi, güc nümayiş etdirdi. Bunlar İranın gözlədiyi nəticəni vermədiyi üçün səfirliyə terror hücumu təşkil olundu. İndi də sərhəd xəttində hərbi təyyarəni nümayiş etdirməkdədir. Düşünürəm ki, bu cür gərginliklər davam edəcək. Çünki iki ölkənin münasibətlərində gərginlik faktiki olaraq davam edir.

İran Azərbaycanın yeritdiyi siyasətdən ciddi şəkildə narahatdır. Xüsusilə də Azərbaycan-İsrail münasibətlərinin daha da inkişaf etməsi və yeni səviyyəyə qalxması, ikitərəfli səfərlərin intensivləşməsi Tehran rejimini qıcıqlandırır. Məsələn, ötən günlərdə İsrailin kəşfiyyat naziri Bakıda oldu, Prezident İlham Əliyevlə görüş keçirdi. Eyni zamanda, İsrailin sabiq Baş naziri Bakıya gəlmişdi, yüksək səviyyədə qəbul olundu. Aydındır ki, Azərbaycan-İsrail münasibətlərində geniş ictimaiyyətin bilmədiyi məsələlər də mövcuddur. Böyük ehtimalla, İran rejimi bu barədə məlumatlıdır və ciddi narahat olur.

- Belə iddialar var ki, İrana qarşı beynəlxalq güclərin, daha doğrusu, İsrail və ABŞ-ın hərbi müdaxilə hazırlığı gündəmdədir. Pentaqon rəhbərinin İsrailə səfəri və verdiyi açıqlamalar bu ehtimalı daha da artırır. Tehran İrana qarşı əməliyyatda israillə münasibətlərinin səviyyəsini yüksəldən Azərbaycan ərazisindən istifadə ediləcəyindən narahatdır, yoxsa başqa səbəb var??

- İrana qarşı hərbi əməliyyatın hazırlandığlı sirr deyil. Bunun da səbəbi odur ki, İran artıq nüvə silahı yaratmağa yaxınlaşıb. Bu isə həm İsrailin, həm də ABŞ-ın qırmızı xəttidir. Bu dövlətlərin rəsmiləri açıq şəkildə dəfələrlə bəyan ediblər ki, İranın nüvə silahı əldə etməsinə imkan tanımayacaqlar. ABŞ müdafiə naziri də İsrailə sonuncu səfərində bunu bir daha qeyd etdi. İranın nüvə proqramının icrasının diplomatik-siyasi yolla dayandırılması imkanları demək olar ki, tükənib. Bəlkə, İran rejimi son anda mövqeyini dəyişər və ABŞ-la dialoqa başlayar. Bu ehtimalı tam istisna etmək olmasa da, həddən artıq azdır. Yəni ki, İranın nüvə silahı əldə etməsi probleminin diplomatik yolla həlli ya tükənib, ya da tükənmək üzrədir. Ona görə də hərbi variant aktullaşıb.

İranın narahatlığı da təkcə Azərbaycanın yeritdiyi siyasətdən doğan hal deyil, ümumilikdə, bölgədəki geopolitik vəziyyətdən duyduğu narahatlıqla bağlıdır. İran çox gözəl bilir ki, ona qarşı hərbi əməliyyat hazırlanır. Tehrandakılar güman edirlər ki, bu əməliyyatda Azərbaycan da İsrailə hansısa formada dəstək verəcək. Mən şəxsən inanmıram ki, İrana hücum olarsa, Azərbaycan ərazisindən istifadə oluna bilər. Lakin Tehran belə düşünmür. Tehran bizim ərazilərimizdən hücum olmasa da, İsrailin Azərbaycan ərazisində hansısa kəşfiyyat fəaliyyəti həyata keçirməsindən də şübhələnir.

Ümumilikdə, İran probleminin həlli demək olar ki, İsrail və ABŞ-ın gündəmindədir. Və bu, bütün aktuallığı ilə gündəmə gəlib. Yaxın gələcəkdə İrana qarşı hərbi əməliyyatların gerçəkləşməsi ehtimalının yüksək olduğu qənaətindəyəm. Diplomatik yolla problemin həlli tükənibsə, geriyə bir variant qalır – hərbi əməliyyatlar. İranın nüvə obyektlərinin bombalanması ehtimalı getdikcə güclənir. Belə demək mümkündürsə, regionumuzun rahat dövrü arxada qalıb.

- İsrailin keçmiş Baş naziri Bakıda belə bir bəyanat verdi ki, iran Azərbaycana qarşı hərbi müdaxilə haqqında iki dəfə düşünməlidir. Və əlavə etdi ki, Azərbaycanın İsrail kimi dostu və müttəfiqi var və Təl-Əviv bütün gücü ilə Azərbaycanın yanındadır. Necə düşünürsünüz, İran hazırkı durumunda Azərbaycana qarşı hərbi müdaxilə edə bilərmi?

- Şübhəsiz ki, İran Azərbaycanı hər zaman təhdid edib. Çünki İranla Azərbaycan arasında fundamental antoqonizm mövcuddur. Bu da ondan qaynaqlanır ki, İran rejimi şimal sərhədlərində müstəqil, güclü və demokratik Azərbaycan istəmir. Bundan Tehran ciddi şəkildə narahatdır. Azərbaycanın müstəqil və demokratik olmasını, güclü olmasını İran özü üçün təhdid sayır. Tehran hesab edir ki, şimal sərhədlərində güclü və oturuşmuş Azərbaycan modeli İranın içərisinə təsir edir və orada yaşayan milyonlarla Azərbaycan türkünü ayrılmağa həvəsləndirəcək. Düşünürlər ki, Azərbaycan İran daxilindəki türklər üçün cazibə mərkəzi rolunu oynaya bilər. Bu səbəbdən Azərbaycanın müstəqilliyinin ilk günündən bizə ən böyük təhdid mənbəyi İran olub.

Düzdür, onlar bu niyyətlərini müxtəlif məsələlərlə pərdələməyə çalışıblar. Din, məzhəb qardaşlığı adı altında, keçirdikləri humanitar aksiyalarla bu niyyətlərini gizlətmək istəyiblər. Birinci Qarabağ müharibəsindən sonra qaçqın düşən azərbaycanlılara müxtəlif yardımlar etməklə İran özünə Azərbaycan içərisində rəğbət yaratmağa, nüfuzunu artırmağa, tərəfdar toplamağa çalışıb. Buna qismən də olsa, nail ola bilib. Görürük ki, Azərbaycanda İrana simpatiyası olan müəyyən çevrələr mövcuddur. Hamımıza aydındır ki, Azərbaycanın hansı bölgələrində İran təbliğatı yeriyə bilib.

Demək istədiyim odur ki, son hadisələr olmasa belə, İran Azərbaycanı təhdid edib. Hətta dövlətlərarası münasibətlərin nisbətən yaxşı olduğu dövrdə belə, İranın əsl simasını müşahidə etmişik. Zaman-zaman Tehran rejimi Azərbaycanda təxribatlar törədib, casus şəbəkələri ifşa olunub. Hətta yazıçı Rafiq Tağının qətlə yetirilməsində İranın əli var. Hər kəsə məlumdur ki, Rafiq Tağı niyə və kim tərəfindən öldürüldü. Hətta yazıçının öldürülməsindən bir qədər əvvəl İran ayətullahı Lənkərani fətva vermişdi. İran belə terror aktları həyata keçirib. Ona görə də İranın təhdidləri heç də son hadisələrlə bağlı deyil.

Sadəcə olaraq İkinci Qarabağ müharibəsindən sonra İran Azərbaycandan ona qarşı güman etdiyi təhdidlərin daha da gücləndiyini hesab edir. Buna qarşı da Tehran rejimi tədbirlər görmək qərarı verib. İran dövləti öz siyasətini əvvəlki illərdə olduğu kimi, artıq pərdələmir, buna ehtiyac duymur. İranın regiona və Azərbaycana baxışı bütün çılpaqlığı ilə ortadadır. Mən demirəm ki, sabah İran Azərbaycana hücum edəcək, yaxud işğalçı müharibəyə başlayacaq. Bu ehtimal azdır. Lakin İran Azərbaycanda müəyyən təxribatlar törədə bilər, hansı ki, buna imkanları mövcuddur.

İsrailin sabiq Baş nazirinin bəyanatı havadan götürülməyib. Baxmayaraq ki keçmiş Baş nazirdir, amma biz bilirik ki, sabiq dövlət rəhbərlərinə İsraildə mütəmadi məlumatlar verilir. Onlar İsrailin xarici siyasəti barədə, bölgədə və dünyada baş verənlər barədə daimi məlumatlandırılırlar. Bu baxımdan, ola bilsin ki, İsrail kəşfiyyatının əlində İrandan Azərbaycana qarşı hansısa təxribatların törədildiyi barədə məlumatlar var. İsrailin Baş naziri də deyir ki, İrandan Azərbaycana qarşı müdaxilə olarsa, Bakıya yardım edəcəklər. Əlbəttə, İsrail ordusu gəlib burada döyüşməyəcək, amma başqa üsullarla köməyini göstərəcək. Mənim buna heç bir şübhəm yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.