Ekspertdən nazirin çıxışına reaksiya: - "Vəzifəni, qrantları öz dost-tanışlarına..."

14-03-2023, 16:48           
Ekspertdən nazirin çıxışına reaksiya: -
Martın 13-ü Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib.

Dinləmədə iştirak edən və bir çox məsələlərə münasibət bildirən elm və təhsil naziri Emin Əmrullayev diplomların qazanılması məsələsinə də toxunub.

Nazir bu gün ali məktəbə daxil olanların 90 %-dən çoxunun universiteti bitirdiyini deyib:

“Dövlətdən narazı qalan vətəndaşa yalançı diplom verməklə vəziyyət düzəlməz”.

Nazirin sözlərinə görə, ədalətli yanaşma odur ki, diplom ala bilməyənə diplom verilməsin:

“Bolonya sisteminə keçəndən sonra minlərlə saxta diplomu olanları müəyyənləşdirmişik. Misal olaraq, Azərbaycan Tibb Universitetinin rektoru ilə müzakirə etdiyimiz məsələ var idi ki, həkim diplomu alıb harada necə oxuduğu bəlli olmayan şəxslər var”.

“Biz işə qəbulda görürük ki, pedaqoji diplom almış məzun müəllimlərin işə qəbul imtahanında minimal bal yığmır. Sual olunur ki, biz bu diplomu ona niyə vermişik?! Həqiqət bundan ibarətdir ki, vətəndaş dövlətdən narazıdır. Biz vətəndaş dövlətdən narazı qalmasın deyə ona havayı diplom verəndə axırı yaxşı qurtarmır. O vətəndaş daim narazı qalır ki, onda mənə bir dənə də iş ver və s. Nə vaxtsa, ona yox deməliyik”, – Elm və təhsil naziri əlavə edib.

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, narazılığı yaradan nazirlikdir:

“Birmənalı şəkildə bu ifadə məmura yaraşmayan ifadədir. Vətəndaş ona görə dövlətdən narazı olur ki, Elm və Təhsil Nazirliyində təhsildən anlayışı olmayan dost-tanış, yaxınlar rəhbər postuna gətiriblər.

Hər bir şəxs sosial lift faktoru ilə, pillə-pillə vəzifəyə gəlməlidir, lakin bu gün təhsil sektorunda təhsilə aid olmayan insanlar birdən-birə vəzifəyə gəlirlər. Azərbaycan dövlətinin siyasəti insanlarda narazılıq yaratmır. Narazılığı məmurlar yaradırlar, nazir çıxışında deyir ki, biz kiməsə diplomu peşkəş verməməliyik. Necə olur ki, vəzifəni, qrantları öz dost-tanışlarına, əsgər yoldaşlarına verə bilirlər”.

Ekspert hesab edir ki, bu gün Azərbaycan ali təhsil müəssisələri əmək bazarının tələblərinə cavab vermir:

“Bu, ciddi bir problemdir. Bu gün dünyada gedən müasir təhsil proseslərindən geriyik. Ali təhsil müəssisələrimiz əmək bazarının tələblərinə və müasir standartlara uyğun kadr hazırlaya bilmir. Bunu da yoxlayan, monitorinqini aparan, bunu akreditasiyadan keçirən Elm və Təhsil Nazirliyidir.

Başları qarışıb qeyri-hökumət təşkilatlarına yüz minlərlə manat bəxşiş, qrant verməyə. Bu gün Azərbaycan vətəndaşını hökumətdən narazı salırlar.

Azərbaycanda ingilis dilinin tədrisi vəziyyətinə baxın. Bircə dəfə Azərbaycan Dillər Universitetinə məzunlarınızın ingilis dili biliyinin bu qədər aşağı olduğunu demisinizmi?! Halbuki Elm və Təhsil Nazirliyinin əsasnaməsində qeyd olunub ki, məzun əmək bazarının tələblərinə və müasir standartlara cavab vermirsə, o, geri qaytarılmalıdır. Onu eləmisinizmi, eləməməsiniz. Azərbaycan ali təhsil müəssisələrinin məzunlarının 42 faizi ixtisası üzrə işləyə bilir. Yəni keyfiyyət 50 faizin altındadır”.

O digər problemli məsələnin xaricdə təhsil almış Azərbaycan vətəndaşlarının diplomunun tanınmaması ilə bağlı olduğunu qeyd edib:

“Əvvəla, heç kim onlardan diplom istəmir. Söhbət əsasən xarici ölkələrdə təhsil alanların Azərbyacanda diplomlarının tanınması məsələsi idi. Heç kim Emin Əmrullayevdən diplom hədiyyəsi istəmir.

Mənim savadlı və ya savadsız olmağımı işəgötürən müəyyən edəcək. Xarici ölkələrdə diplomların tanınmasını bir amil həyata keçirir. Soruşursan ki, ay univeristet, bu diplomu sənmi vermisən. Universitet də təsdiq etikdən sonra məsələ bitir.

Savadını artıq işəgötürən müəyyyənləşdirəcək. İşə qəbul imtahanlarının əksəriyyəti imtahanladır. Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna imtahan keçirir, məsələn, mən Ukraynada, bir başqası Bakı Dövlət Universitetində və ya Xəzər universitetində oxuyub. Burada fərq yoxdur, imtahana giririk, kim savadlıdırsa, o da imtahandan keçəcək.

Məsələnin ikinci tərəfinə baxaq. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunlarının neçə faizi MİQ imtahanlarında uğur qazana bilir. Sizin ADPU-nun məzunlarına verdiyiniz diplomla Ukraynada verilən diplomun fərqi nədir ki?! İmkan verin öz biliklərini imtahanda yoxlasınlar. Necə olur ki, kimlərsə hansısa yollarla diplomlarını tanıda bilirlər, amma başqalarına əziyyət verilir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.