"Anar bunu istəmirdi, Həsən Məmmədovla erotik səhnə..." - Leyla Şıxlinskanın etirafları
15-03-2023, 18:33
Xalq artisti Leyla Şıxlinskaya Azad Azərbaycan televiziyasında yayımlanan "ATV səhər" verilişində etirafları ilə diqqət çəkib.
TEREF.AZ teleqraf.com-a istinadla xəbər verir ki, Leyla Şıxlinskaya filmlərə çəkilməməsinin səbəbini açıqlayıb:
"Filmlərə dəvət edirlər, düzdür, tez-tez yox. Bəziləri düşünür ki, həmişəlik Moskvaya köçmüşəm, burada yaşamıram. Bu, səhvdir. Mövzu kinoya gəlincə hər an hazıram. Əgər kimsə məni kinoya çəkmək istəsə və sadəcə zəng edib desə ki, sizi filmə çəkmək istəyirik, həmin an təyyarəyə minib Bakıya uçaram. Başqa məşğuliyyətim yoxdur. Sərbəst adamam. Sadəcə yaxşı ssenari yoxdur.
Soruşanda ki, niyə ssenari yoxdur? Cavab verirlər ki, ssenarini sifariş etmək lazımdır. Bunlar da hamısı puldur, hər şeyi madiyyata bağlayırlar.
Mən düşünmürəm ki, Anar Rzayev, Arif Babayev, Rasim İsmayılov "Gün keçdi" kimi böyük filmi çəkəndə dəhşətli pullar lazım olub... Yalnız onu deyə bilərəm ki, "Gün keçdi", "Dədə Qorqud", "Arşın mal alan" kimi filmlərdən sonra zəif filmlərə çəkilməyə haqqım yoxdur. Maraqlı süjet və ssenari olsa, böyük məmuniyyətlə filmə çəkilmək istərdim".
Leyla Şıxlinskaya deyib ki, "Gün keçdi" filminə Şəfiqə Məmmədova çəkilməli idi: "Filmdə bir səhnə çəkilməli idi. Onuncu sinif şagirdi dikdabanda "klas-klas" oynayır. O səhnə alınmadı. Əlbəttə, Şəfiqə xanım çox gözəl, çəkici qadın idi. Amma onuncu sinif şagirdi roluna uyğun gəlmirdi. Hər halda mən elə düşünürəm.
Anar Rzayev mənim bu filmə çəkilməyimi istəmirdi. Onu başa düşürəm. Bu filmə qədər ancaq "Arşın mal alan" filmində çəkilmişdim. Əsas odur ki, Anar məndən üzr istədi. Dedi, Leyla, bağışla, mən tərəddüd edirdim, amma sağ ol ki, belə uğurlu film alındı. Bəlkə də yaşım az olduğuna görə belə təbii alındı. Çünki ekran əsərində sadəcə özümü onayırdım. Həyatda necəyəmsə, filmdə də elə".
Xalq artisti tərəf müqabili mərhum xalq artisti Həsən Məmmədovun imtina etdiyi səhnədən də danışıb: "Ən erotik səhnə idi, həm də gülməli... Qız pərdənin yanında dayanıb və oğlan ona yaxınlaşır. Qız çevrilib deyir ki, buna görə gəlmədim. Həsən əllərini çiynimə qoymalı idi. O, bütün heyəti pavioliondan çıxardı. Dedi, hamı çıxsın, operator və rejissor qalsın. O, çox sakit, tərbiyəli adam idi. Dedi, əks halda çəkilə bilmərəm, dublyor çəkilsin.
Mən paltarın üstündən onun əlimi çiynimə qoymasını belə hiss etmədim. Həsən kinematoqrafiyamız və yaxınlarımız üçün böyük itki idi. Rasim Balayevlə daha gülməli səhnələr olub. "Dinamo"ya gedirdim, çempion Aydın İbrahimov məşqçim idi. Rasim bir dəfə də gəlmədi. Dedi ki, Leyla xanım 45 kilodur və tutub ataram. Çəkiliş başladı, Rasim deyir, Leyla xanım, məni ehtiyatlı at, camaat deyər ki, qadın o boyda Nəsimini yerə çırpır.
Mən də cavab verdim ki, sən indi Nəsimi deyilsən, Beyrəksən. Rasim Balayev sizin verilişi izləsə, bəlkə də, məndən inciyəcək. Mən isə həqiqəti dedim”.