“Priqojin eyni vaxtda bir neçə taxtada oynayır” – “”Vaqner” olmasa kim vuruşacaq – kabinet generallarımı?”
16-03-2023, 08:44
Xeyli vaxtdır ki, “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi və Baş Qərargahı ilə birbaşa qarşıdurmaya girşib. ABŞ-ın “Müharibə Araşdırmaları İnstitutu”nun(ISW) dəyərləndirməsinə görə, artıq bu münaqişə ən şiddətli fazaya keçib.
Kreml rəhbəri Vladimir Putin bu qarşıdurmada qismən də olsa Müdafiə Nazirliyinin tərəfini saxlayır. Hazırda Priqojini bir çox imtiyazlardan məhrum ediblər və Baxmut uğrunda döyüşlərdə onun ordusuna verilən atəş dəstəyi kəsilib.
Əslində isə Rusiya silahlı birləşmələri arasındakı münaqişənin miqyası daha böyükdür. Bu gün Donbas “respublikaları”nın “orduları” ilə səfərbərlik edilən əsgərlər arasında, kadırovçular ilə Rusiya nizami ordusu arasında da gərginlik və münaqişə yaşanır.
“AzPolitika.info” xəbər verir ki, bu mövzuyla bağlı Ukraynanın “Obozrevatel.com” internet portalı rusiyalı müxalif siyasətçi və jurnalist İqor Yakovenkodan müsahibə götürüb.
Həmin müsahibəni təqdim edirik:
- Sizdə belə bir təsəvvür yaranmırmı ki, bu gün Kreml üçün Baxmutda Priqojinin, yoxsa Müdafiə Nazirliyinin adının yazılması, bu kiçik şəhərin zəbt olunmasından daha vacibdir? Nəyə görə KİV-lərdə Priqojinin adı tez-tez səslənir?
- Əvvəla, soruşmaq lazımdır ki, nəyə görə Baxmut Rusiya üçün bu qədər müqəddəs məna daşıyır? Çox sadə səbəb var: Əgər Ukraynanın bu kiçik şəhəri alınarsa, bu, Rusiya ordusunun son on ay ərzində cəbhədə əldə edə bildiyi yeganə uğur olacaq. Ancaq əslində, heç bir uğur yoxdur. Rusiya ortalıqda çoxsaylı meyitlər buraxaraq yalnız bir neçə metr irəliləyə bilib. Faktiki nailiyyət yalnız bundan ibarətdir.
Baxmutun əhəmiyyəti şişirdilir. Priqojin Soledar uğrunda döyüşləri mühüm hadisə adlandıraraq, onu İkinci Dünya Müharibəsinin vacib döyüşlərindən olan Stalinqrad uğrunda döyüşə bənzətmişdi. Əlbəttə, bu, nələrin baş verdiyini anlayan əksər insanlar üçün tamamilə cəfəng bir şeydir.
O ki qaldı ideyaya, Kreml üçün fərqi yoxdur ki, Baxmuta öz adını kim birinci yazacaq. Kreml üçün vacib odur ki, Baxmutu kim olursa-olsun, zəbt etsin. Burada Kreml rəqabət aparmır, rəqabəti Priqojin və Şoyqu ilə birlikdə hərəkət edən Gerasimov aparır. Priqojinlə Müdafiə Nazirliyi və Baş Qərargah arasında ciddi rəqabət hələ müharibədən əvvəl başlayıb. Priqojin Müdafiə Nazirliyinin büdcəsindən iri bir tikə dişləməyə cəhd göstərmişdi və istəyirdi ki, təchizat, ərzaq və sair alınmasının sifarişini ələ keçirsin. Priqojin qarşısına çıxan hər şeyi qamarlamağa çalışan akuladır. Hələ demirəm ki, o, bir sıra Afrika ölkələrində əlinə çox şey keçirib.
Həqiqətən də, artıq bu gün Priqojinlə Müdafiə Nazirliyi və Baş Qərargah arasındakı rəqabət ictimai müstəviyə çıxıb. Müdafiə Nazirliyi bütün gücü ilə Priqojini sıxışdırmağa çalışır. Onu mərmi təchizatından tam məhrum etməsələr də, ona xüsusi imtiyaz da vermirlər, sadəcə digər hərbi birləşmələr səviyyəsində saxlayırlar. Priqojinin istənilən məmura rahat zəng etməsinin qarşısını almaq üçün onun xüsusi rabitə xəttini də kəsiblər.
Təbii ki, Priqojin həmişə imtiyazlı mövqedə dayanmağa adət etdiyindən, bütün bunlar onu bərk qəzəbləndirir. O, əlbəttə, dövlət aparatı müstəvisində uduzur. Amma mətbuat sahəsində mövqeyini möhkəmləndirməyə çalışır. Bu sahədə onun imkanları Müdafiə Nazirliyi ilə müqayisədə daha yaxşıdır. Birincisi, Priqojin Müdafiə Nazirliyinin kötükləşmiş məmurları ilə müqayisədə daha bacarıqlı natiqdir. İkincisi, onun kifayət qədər güclü mediya resursu var. Müharibə davam edir.
- Daxili çəkişmə Rusiyanın Ukraynadakı işğalçı ordusunun mövqeyinə necə təsir göstərəcək?
- Bu, Ukraynanın xeyrinədir. Nəticədə “Vaqner” qrupuna atəş dəstəyi verilmir, ona cinahlardan kömək gəlmir. Baxmutun alınması yolunda “Vaqner” fantastik sayda itki verib. Bəzi hesablamlara görə, Baxmut uğrunda döyüşlərdə Priqojinin 30 min döyüşçüsü məhv edilib. Ümumən götürdükdə, işğalçı ordunun daxilindəki münaqişə kifayət qədər ciddidir. Bu, təkcə bizim danışdığımız münaqişə ilə məhdudlaşmır. Belə bir münaqişə “dxr” və “lxr” hərbi dəstələri ilə səfərbərliyə cəlb edilən dəstlər arasında da yaşanır. Amansız daxili münaqişə həm də Rusiya ordusuna tamamilə yad cisim olan kadırovçular ilə nizami ordu birləşmələri arasında da mövcuddur. Bu daxili gərginlik müharibədə vacib və başlıca prinsip olan vahid rəhbərlik prinspinin pozulmasına gətirib çıxarır. Vəziyyətin belə olması Ukrayna üçün faydalıdır.
- Həqiqətən də, belə görünür ki, vahid rəhbərlik prinsipi çat verib. Amma biz bu vəziyyətə Putinin necə reaksiya verdiyini görürük. Əgər o, əvvəlcə ayrı-ayrı frazalarla bu münaqişənin xoşagəlməz olmasını anlatmağa çalışırdısa, son dövrlər sadəcə susur. Ola bilərmi ki, Putin baş verənlər üzərində nəzarətini itirir?
- Müəyyən mənada Putin doğrudan da nəzarəti itirir. Əlbəttə, o, bu münaqişədə tərəflərdən birinin yanındadır. Putin Müdafiə Nazirliyi tərəfə bir neçə addım atıb. Əvvəla, döyüşlərə rəhbərlik etməyi Gerasimova tapşırıb. İkincisi, Priqojinin dustaqlar içərisindən döyüşçü cəlb etməsinə imkan verilmir. İndi bu işi Şoyqu görür və o, artıq özünün özəl hərbi kompaniyasını yaradıb.
Yəni, bu qarşıdurmada Putin Müdafiə Nazirliyinə tərəf yaxınlaşıb, amma axıra qədər yox. Putin birmənalı olaraq Müdafiə Naziriyinin tərəfini saxlaya bilməz, çünki o, yaxşı başa düşür ki, ”Vaqner” bu gün ən yüksək döyüş qabiliyyətinə malik hərbi birləşmədir və Müdafiə Nazirliyinin daxili çəkişmədə qalib çıxması işğalçı rus ordusuna xeyir gətirməz. Əgər “Vaqner” olmasa, kim vuruşacaq? Kabinet generalları? Döyüşməyi bacarmayan səfərbərlik əsgərləri necə hücum edəcəklər? Ona görə də mən düşünürəm ki, indi Putin müdaxilə etməməyə və susmağa üstünlük verəcək. O, bu qarşıdurmada tarazılıq yaratmaq üçün bir neçə addım atıb. Hazırda Putin nataraz vəziyyətdədir.
- Priqojin bəyan edib ki, ”Vaqner”i ideologiyalı orduya çevirəcək və bu ordu ədalət uğrunda mübarizə aparacaq. Onun bu cür riskə getmək niyyətinin əlamətləri varmı? Əgər varsa, o, öz oyununda nəyə arxayın ola bilər?
- Mən düşünürəm ki, Priqojin eyni zamanda bir neçə taxtada oynayır. Tamamilə aydındır ki, o, öz siyasi təsirini möhkəmləndirməyə cəhd göstərir. Əgər hərbi məğlubiyyət nəticəsində rejim çökməzsə, o zaman hansısa seçkilər keçiriləcək və öz siyasi gücünü yaratmağa iddialı olan Priqojin seçikilərdə iştirak edib siyasi pay götürməyə çalışacaq. Amma əgər digər variant yaşanarsa, bu rejim çökərsə və nəticədə ölkə qarışıqlıq dönəminə girərsə, onda nə baş verər? Belə olan təqdirdə bu “ideoloji ordu” ərazi və mülkiyyət uğrunda mübarizə alətinə çevrilər. Düşünürəm ki, bunu Priqojin, Kadırov və hər hansı hərbi potensiala malik digər insanlar da başa düşürlər”.