Mayın 1-də Gürcüstanla quru sərhədləri açılacaq? – AÇIQLAMA

17-03-2023, 08:15           
Mayın 1-də Gürcüstanla quru sərhədləri açılacaq? – AÇIQLAMA
Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açılacağı barədə xəbərlər yayılıb. Gürcüstan mətbuatında yer alan məlumata görə, may ayının 1-dən Azərbaycan-Gürcüstan arasında quru sərhədinin açılması planlaşdırır. Lakin Azərbaycan tərəfi bununla bağlı hər hansı rəsmi mövqe ortaya qoymayıb.

Sərhədlərin açılması haqda Modern.az-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev iddiaların reallığı əks etdirmədiyini söyləyib. Onun sözlərinə görə, quru sərhədlərin açılmasına dair Nazirlər Kabineti yanında Operativ Qərargah hər hansı qərar verməyib:

“Bu barədə məlumatı yalnız Operativ Qərargah verə bilər. Yəni bu məsələ onların səlahiyyətindədir. Azərbaycanda rəsmi olaraq belə bir məlumat yayılmayıbsa, Operativ Qərargahın qərarını gözləməliyik”.

Deputat hesab edir ki, sərhədlərin açılması məsələsinə başqa prizmadan baxmaq lazımdır:

“Bu, milli təhlükəsizliklə, yəni millətin sağlamlığı ilə əlaqədar olan məsələdir. Buna bir qədər başqa formada baxmalıyıq. Biz pandemiyanın yaratdığı problemi kökündən həll edə bildik. Amma quru sərhədləri açılsa, bunun nəticələri necə olacaq, onu deyə bilmərik. Bunu ən yaxşı Opertaiv Qərargah bilə bilər. Ona görə də, səbirli olub, gözləmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan quru sərhədi 3 ildir koronavirus pandemiyası səbəbindən bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru