“Dedim “ayə, sən arvadı lap az almısan ki...” - Şeyxin qudası
17-03-2023, 10:05
Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsi bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətlər təyin edib. Belə ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları, yəni 9775 manatdır. İldən-ilə artan Həcc qiymətləri hər zaman olduğu kimi, bu dəfə də söz-söhbətsiz ötüşmədi. Qiymətlərin az qala 10 minə qaldırılması ciddi narazılıq yaradıb. Təklif edilir ki, Həcc ziyarətində bir neçə dəfə olanların yenidən ziyarətə getmələri doğru deyil, heç olmasa imkanı çatmayanlara maddi baxımdan dəstək versinlər.
TEREF.AZ-ın məlumatına görə, bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadə deyib ki, bu il də kiçik Həcc ziyarətinə gedəcək.
“Kiçik Həcc ziyarətində əməllərin hamısını yerinə yetirirsən, təkcə Ərəfatda olmursan. 70 yaşım var, özümü qoruyuram, bərk isti olur... Onsuz da Səudiyyə Ərəbistanında qiymətlər artıb. Azərbaycandan asılı nəsə yoxdur. Həcc ziyarəti elədir ki, gərək, əvvəlcə adam özü həci olsun, sonra da kimisə göndərsin. Əvvəllər Həcə gedəndə biz quru yerdə yatırdıq. Boş otaqlar idi. İndi kondisionerlər, Ərəfatda istiyə davamlı palatkalar, həkimlər, hotellər... 1990-cı illərlə hazırkı vaxt müqayisə ediləsi deyil. Çünki insanların rahatlığı tam təmin olunub. Hər şey lüksdur. Bu qiyməti bizə görə artırmayıblar ki. Səudiyyə özünə görə ziyarəti dünya səviyyəsinə qaldırıb. Orda hotel var ki imkanlı adamlar gəlir, 25 min dollara. Heç ora bahalıqdan girmək olmur. Məsələn, bir otağa 25 min ödə, özünlə istədiyin qədər adam gətir. Amma bu pulu ödəməlisən”, - deyib.
Q.Salahzadə Səudiyyədə hotelə nə qədər pul xərcləməsi barədə suala isə belə cavab verib: “Otelə nə qədər pul xərclədiyimi deyə bilmərəm. Amma orda dostlarım var, çox vaxt məni qonaq edirlər. Hətta iki dəfə Kəbə evinin içinə girmişəm. Heç qoyurlar ki, əlimi cibimə salım? Yalan deyə bilmərəm ki, getdim neçə min ödədim. Gördüyümü danışıram. Səudiyyə 33 il ərzində o qədər inkişaf edib, əvvəlki halı ilə müqayisə insanın ağlına gəlməz. Mən bir dəfəyə 500 adamı Həccə göndərmişəm. Bəziləri deyirlər ki, gedərəm ziyarətə. Xeyr. Allahın icazəsi yoxdursa, dünya qədər pulun olsa da, gedə bilməzsən. Orada nə qədər xalqların nümayəndələri olur, başıaçıq, ayaqyalın. Yoxlasan, hamısı milyonerdirlər. Bir gün hava limanında gələndə gördüm ki, 70 yaşında bir qoca kişi. Altı cavan qadın çevrəsində, bunu əzizləyir. Tərcüməçini çağırdım, kişini danışdırdı. Elə gözəl qadınlar idi. Kişi dedi ki, dördü mənim arvadımdır. İkisi isə arvadım olub, boşamışam. Amma böyük arvadımın razılığı ilə yanımda saxlayıram. Soruşduq ki, harda işləyirsən? Dedi ki, Afrikada Malini tanıyırsan? Dedim “həri”. Dedi ki, orada mənim qızıl mədənlərim var... Dedim “ayə, sən arvadı lap az almısan ki...” Yəni Səudiyyədə baxırsan, elə bilirsən adi adamdır, amma hamısı imkanlı, varlıdırlar. 25 min dollar onlar üçün adi puldur. Bizim üçün isə... Hələ o səviyyədə iş görəcək vəziyyətə gəlib çatmamışıq. Allahın köməkliyi, cənab Prezidentin rəhbərliyi ilə ora da gəlib çatarıq...”
Qeyd: Qalib Salahzadə 32 dəfə Həcc ziyarətində olub.