“Şərəfimə sığışdırmaram ki, hökumət mənim jurnalistliyimi təsdiq eləsin” - Arif Əliyevdən ETİRAZ

17-03-2023, 11:48           
“Şərəfimə sığışdırmaram ki, hökumət mənim jurnalistliyimi təsdiq eləsin” - Arif Əliyevdən ETİRAZ
Teref.az “Yeni Nəsil” Azərbaycan Jurnalistlər Birliyinin sədri, Bakı Mətbuat Klubunun prezidenti, “Media açarı” jurnalist mükafatının təsisçisi, ictimaiyyətlə əlaqələr sahəsi üzrə mütəxəssis, jurnalist Arif Əliyevin Yeniavaz.com-a müsahibəsini təqdim edir:

- Yeni Nəsil Jurnalistlər Birliyinin sədrisiniz. Bu “yeni nəsl”ə kimlər daxildir? Hazırda onların vəziyyəti necədir?
- Yeni Nəsil Birliyindən indi ad qalıb. Yəni, adı belədir. Birlik 1994-cü ildə yaranıb. O zaman niyə belə adlandı? Çünki Azərbaycanda köhnə dövrdən qalmış bir jurnalist təşkilatı var idi. Artıq Azərbaycanda yeni jurnalistika yetişmişdi. Müstəqil Azərbaycan jurnalistikası yetişmişdi, nəsillər dəyişməsi, təfəkkür dəyişməsi baş vermişdi. O zamanda yaradıldı və bu cür də adlanıldı. Həmin o yeni nəsil bu gün artıq Azərbaycan jurnalistikasının aparıcı simalarıdır. Və indi də, təəssüf ki, belə olaraq qalır. Məsələn, mən düşünürdüm ki, zaman dəyişməsi baş verdiyi kimi, siyasi aləmdə olduğu kimi, media aləmində də o dəyişmə baş verəcək. Amma hələ ki baş vermir.

- Ədəbiliklə jurnalist yazısını necə qarışdırmayaq?
- Ədəbiyyat bizim üçün, ümumiyyətlə, jurnalistika üçün bazis rolunu oynayır. Əgər jurnalist çox oxumursa, onun nə danışmaq, nə də yazmaq qabiliyyəti olacaq. Bunu mən yaşlı və təcrübəli bir adam kimi söyləyirəm. Bu ana-bala bağlılığı bunların arasında var. Amma bilavasitə peşə fəaliyyətinin yerinə yetirilməsində müəyyən janrlar var ki, əlbəttə, orda ədəbiliyə, ədəbi priyomlara, ədəbi formalara yer verilir. Publisistika janrlarıdır, hekayə formatında qurulmuş janrlardır. Amma xəbərçilikdə, xəbər janrında ədəbiyyata, əlbəttə, yer yoxdur. Belə bir ifadə var, deyirlər ki, jurnalistlər ədəbiyyatın qara fəhlələridirlər. Yəni, jurnalistika fakt, quru informasiya, öz mövqeyini yox, mövcud mövqeləri toplayıb ortaya qoymağı gətirir. Bunlar hamısı ədəbiyyat üçün ölçülməz materialdır. Bir çox janrlar var ki, orda ədəbiyyata xas olan keyfiyyətləri gətirmək olmaz. Dediyim müstəvidə jurnalistika və ədəbiyyatı bir şey bağlaya bilər – şirin, anlaşılan, lakonik dildə danışmaq bacarığı.

- Azad medianı formalaşdıran ünsürlər hansılardır?
- Bir azadlıq var, bir müstəqillik var. Bunlar bir az fərqli anlayışlardır. Azadlıq odur ki, sənin əvəzinə heç kim düşünmür, sən özün düşünürsən və sənin düşünmək imkanın var. Müstəqillik odur ki, sənin əvəzinə heç kim pul vermir, sənin xərclərini heç kim ödəmir. Bunlar bir-birlərinə bağlı məfhumdur. Bir jurnalist kimi ola bilsin ki, sizin azadlıq imkanınız daha genişdir, nəinki kütləvi infomasiya vasitəsinin (KİV). KİV həm də istehsal növüdür, biznesdir. Onun azadlığı müstəqilliyinə tam bağlı bir şərtdir. İstər jurnalistə, istərsə də KİV-ə azadlıq üçün birinci növbədə siyasi şərait lazımdır. Yəni bütün siyasi qurumlar, hakimiyyətlər – diktaturası, hətta demokratı da – mətbuatın özünə tabe olunmuş şəkildə fəaliyyət göstərməsinə həvəslidirlər. Bu, hər yerdə belədir. Heç kim istəməz ki, özü haqqında tənqid oxusun, kimsə onun əlinə baxsın ki, görüm bu hardan neçə götürdü, hara qoydu və s. Xüsusən də siyasətçilər. Buna görə də onlar bu və ya digər formada medianı özlərinə tabe etməyə, özlərinin nəzarətinə götürməyə cəhd göstərirlər. Avtokrat və daha qatı cəmiyyətlərdə bunlar qanunlar, dövlət orqanlarını yaratmaq vasitəsilə həyata keçirilir. Təəssüf ki, onların bir çox elementi bizim həyatımızda var. Bizim qanundur, bizim dövlət orqanlarıdır və s. Birinci şərt budur. İkinci şərt, əlbəttə, jurnalistin özünün “kafa”sıdır. Təəssüf ki, Azərbaycanda son 15 ildə deyərdim ki, özünüsenzura həddən artıq güclənib. Keçmiş vaxtlarda, 19-cu əsrdə, 20-ci əsrin əvvəllərində deyirdilər ki, beyinlərdə sanki senzor oturub və fikirləri qayçılayır. Artıq beynin buna öyrəşir, məhdudlaşır, çəpərləşir. Bu, xofdan, qorxudan, qazanmaq həvəsindən – çünki başqasının sözünə qulaq asanda çox verir – bacarıqsızlıqdan, çox şeydən irəli gəlir. Azərbaycanda senzura ləğv olunanda “Azadlıq” qəzetinin redaktoru mənə dedi ki, indi biz necə işləyəcəyik? Bizim əvəzimizə orda oturmuşdular, hər şeyi qayçılayırdılar. Ona görə elə jurnalistlər var ki, onları azadlığa buraxırsan, deyir istəmirəm, mənə bu qəfəs yaxşıdır. Üçüncüsü, əlbəttə, maliyyə lazımdır. Maliyyə imkanları olmadan azad və müstəqil olmaq mümkün deyil.

- Media haqqında qanunda jurnalistin azad fəaliyyətinə əngəl olan müddəalar varmı? Yoxsa qanun nöqsansızdır? Daha nələr əlavə etmək olar?
- Qanunun fəlsəfəsi, konsepsiyası, bir də ayrı-ayrı müddəaları olur. Təəssüf ki, bu qanunun fəlsəfəsi də, konsepsiyası da bütövlükdə medianı məhdudlaşdırmağa yönəldilib. Məsələn, bizdə qurum yaradanda adını qoyursan “Medianın inkişafı”, fərman verəndə adını qoyursan “Medianın inkişafı”, çıxış eləyəndə deyirsən “Medianın inkişafı”, amma bu qanunlar, qərarlar inkişafa yox, nəzarətə yönəlib. Onların hamısı “bu olmaz, bunu edəndə belə cəzalandırılacaqsınız”, – bunlardan ibarətdir. Orda stimul yaradıcı elementlər yoxdur ki, inkişaf üçün stimul yaratsın. Məsələn, reyestr məsələsini götürək. Bu reyestr hər yerdə var, çox yerdə olan şeylərdir. Amma reyestr nədir? Sən hansısa bir dövlət orqanında qeydiyyata düşürsən, sənin adını, soyadını, hansısa məlumatlarını ora daxil edirlər və bu, sənin gözünün qabağında reyestr olur. İzləyirlər, bu nə vaxt bağlandı, yerini dəyişdi, həyatında hansısa bir dəyişiklik baş verdimi, bunun üçün səndən nə əlavə sənəd tələb edirlər, nə səni məhkəməyə verə bilirlər. Reyestrə salmaq sənin vəzifəndir, reyestrə düşmək mənim vəzifəm deyil. Bizdə reyestrə düşmək üçün uzun bir müraciət forması keçməlisən. Sənədlər doldurmalısan, bütün jurnalistlərin siyahısını verməlisən. Bəlkə, bu, normal KİV-dir. Məsələn, “Zerkalo”da vaxt var idi 150 adam işləyirdi. Sən o 150 nəfər üçün oturub bir həftə o məlumatları doldurmalısan? Hansı ki, heç kimə də lazım deyil. Nəticədə sən bunları etmirsənsə, yaxud orda elə məhdudiyyətlər var ki, məsələn, KİV gündə 20 xəbər verməlidir. Bu aqreqatdır, elə bil ki, toyuq fabrikidir, jurnalistika deyil. Bunun regionu var, regionda bir gündə 20 xəbəri hardan çıxarsın və niyə çıxarmalıdır? Və ya analitik jurnalistika var. Sən hansı analitik informasiya agentliyindən tələb edə bilərsən ki, gündə 20 analitika verməlisən, yoxsa mən səni KİV adlandıra bilmərəm? Absurd şeylərdir. Mən qanun qəbul olunanda parlament komissiyasındakı çıxışımda dedim ki, bu qanun nə özü işləyəcək, nə siz düz əməlli işləyə biləcəksiniz, nə də bizi işləməyə qoyacaq. Bax, indi qanun yavaş-yavaş fəaliyyətə düşməyə başlayır, artıq o narahatlıqlar jurnalistlər, KİV tərəfindən yaranır. Baxmayaraq ki redaktorların çoxu dil-dil ötür ki, ay nə bilim gözəldir, nədir, tək qalanda tamam başqa cür oxuyurlar. Həm də dövlət orqanlarının özləri də bu saat o qanunun əlində qalıblar. Tutaq ki, bir 300 redaksiya bu şərtlərə uyğun gəlmədi, nə edəcəksən, 300 dənə məhkəmə işi açacaqsan? Sənin onda səhərdən axşama kimi bütün günün məhkəmələrdə keçəcək axı. Yuxarıda dediklərim jurnalistlərin yox, media vasitələrinin reyestrinə aid idi. Jurnalist reyestri elə bir anaxronizm, elə bir gerifikirlilikdir ki, yəni, mən öz adıma deyirəm, öz şərəfimə sığışdırmaram ki, hökumət mənim jurnalistliyimi təsdiq eləsin və mənə sənəd versin. Mən bunu peşə şərəfimə sığışdırmaram. Mən Moskva Dövlət Universitetinin məzunuyam, dünyanın aparıcı KİV-ində məqalələrim çıxıb. Mən bunun hələ hissiyyat tərəfini söylədim. Amma peşə prinsiplərinə görə qadağandır. Jurnalistlərə dövlət orqanlarının verdiyi səlahiyyətlərlə üstünlüklərdən istifadə etmək qadağandır. Həmin o dövlət orqanının verdiyi sənəd isə jurnalistə üstünlük yaradacaq. Əgər siz redaksiyanın sənədi ilə gedəcəksinizsə, deyəcəklər olmaz, dövlətdən aldığın vəsiqəni gətir. Bütün peşə kodekslərinə görə, jurnalistə dövlətin ona verdiyi üstünlüklərdən istifadə etmək qadağan olunur. Biz isə bütün bunları qanunlara salırıq. Yəni həyat, fəaliyyət prinsiplərinə keçiririk.

- Dövlət və media qurumları arasında əlaqə, kommunikasiya hansı səviyyədədir?
- Jurnalistlər üçün nə baş verirsə versin, bir nömrəli informasiya mənbəyi dövlət orqanlarıdır. Bizim həmişə onlara ehtiyacımız olacaq. Bunun üçün də mexanizmlər lazımdır. O mexanizmlərin də hamısı Azərbaycan qanunvericiliyində, sistemində var. Bu qanunları pozanlar üçün cəza mexanizmləri də var, ombudsman da var. Düzdür, media ombudsmanı yaradılmadı, amma mövcud insan haqları üzrə ombudsmana tapşırılıb ki, bu məsələlərlə məşğul olmalısan. Dövlət orqanlarının mətbuat xidmətləri var. Media sahəsində fəaliyyət göstərən digər qurumlar var. Bu mexanizmlər, təəssüf ki, işləmir. Çünki ümumi yanaşma belədir ki, sən informasiyanı cəmiyyətə açmağa məcbur deyilsən. Onu daha çox gizlətmək bacarığına malik olmalısan. Niyə? Çünki cəmiyyətdə korrupsiya böyükdür. İnformasiyanı kim gizlədir, niyə gizlədirlər? Əgər sən yaxşı iş görmüsənsə, özün dağa çıxıb qışqırarsan ki, ay camaat, mən bunu elədim. Və sənə mikrofon uzadan jurnalistin də hələ, bəlkə, o üzündən bu üzündən də öpərsən ki, bu informasiyanı yay. Ona görə gizlədirsən ki, birincisi, sənin zibilin, oğurluğun, yalanın var. Bir də ona görə gizlədirsən ki, sən fərasətsizsən, bacarıqsızsan. Qorxursan ki, bu informasiya yayılar, kiminsə qulağına çatar. Məsələn, biz neft şirkətinin keçmiş rəhbərindən az danışmışıq?! O danışanda adamın gülməyi gəlirdi, fikirləşirdin ki, ilahi, bu insan bu boyda neft məmləkətində bu boyda təşkilatı nə cür idarə eləyir? Bunu mənə xarici jurnalistlər də deyirdilər. Və bir də psixoloji mühit. Bütün dövlət orqanlarında qapalı psixoloji mühit var. Məsələn, bir çox ölkələrdə ali dövlət orqanlarının, bələdiyyələrin iclaslarında jurnalistlər, adi vətəndaşlar belə iştirak edir. Bizdə bir jurnalistin imkanı çatır gedib o qapıdan bir içəri girsin? Və məhkəmələr də müstəqil deyillər, sifarişlərlə işləyirlər, dövlət orqanlarından göstəriş gələndə ki, jurnalistin, yaxud media orqanının məhkəmə müraciətini cavabsız burax, onlar da buraxırlar. Ona görə də onlarla belə işlər axırda Avropa Məhkəməsinə gedib çıxır. Peşəkarlıq məsələsini isə mən bu mövzuda, ümumiyyətlə, işlətmədim. İndiki mühitdə, təəssüf ki, jurnalistlərin peşəkarlığını inkişaf elətdirmək üçün şərait yoxdur. Biz də ona görə peşəkar olmaq istəyirik ki, cəmiyyətdə hörmət qazanaq, pul, mövqe qazanaq, yazımıza hörmətlə yanaşsınlar. Peşəkarlıq sizə pul, ad, cəmiyyətdə mövqe, vəzifə və s. gətirmirsə, başqa şeylər gətirir. Məsələn, sifarişlə işləmək, sözə yaxşı qulaq asmaq, bu adamları vurmaq, o biriləri qaldırmaq – bax belə şeylər gətirir. Hər hansısa peşəkar Azərbaycanın aparıcı media qurumunda peşəkarlığın əsas tələblərinə əməl etmiş olsa, bir həftədən sonra işdən çıxaracaqlar.

- Media qurumunun hansısa şəxsin və ya şəxslərin, qurumun qeyri-rəsmi nəzarətində fəaliyyət göstərib, onun maraqlarına xidmət etməsi jurnalistika prinsiplərinə ziddirmi?
- Birmənalı olaraq ziddir. Peşə prinsipləri, kodeksləri bizdən tələb edir ki, bütün informasiya mənbələrimiz oxucu, auditoriya üçün açıq olmalıdır. Amma Azərbaycan şəraitində bunu tələb etmək qeyri-mümkündür. Azərbaycanda media bazarı yoxdur ki, orda gəlir əldə edilsin. Bu, biznes strukturudur, nə iləsə işləməlidir. Bu, feysbuk deyil ki yazdın, sonra getdin yatdın, bir saat sonra yenidən gəldin. Bu, istehsaldır. Bunun hər şeyi vəsait tələb edir. Bu vəsaiti sən reklamdan, satışdan götürə bilmirsənsə, digər gəlir mənbələri yoxdursa, deməli, media bu vəsaiti hardansa götürür. Havadan yarana bilməz ki. Hardansa götürürsə, bu ya büdcədir, ya oliqarxdır, ya bir dövlət orqanıdır, ya da bəlkə də hardasa elə insaflı, xeyirxah adamlar var ki, onlar yardım edirlər, ya da öz şəxsi vəsaitindir. Əslində bu cəmiyyətin, ictimaiyyətin özünün vəsaiti olmalıdır. Ola bilsin, hansısa vicdanlı məmurdur, deyir ki, mən görürəm ki, siz ölkənin, ictimaiyyətin maraqlarına xidmət edirsiniz, bu da mənim köməyimdir, heç elə bilin ki, mən yoxam. Nəzəri cəhətdən ola bilər. Amma burda iki şey var. Teatrda necədir? Əgər birinci aktda divardan silah asılıbsa, demək ki, sonuncu aktda o mütləq atəş açacaq. Burda da əgər o faktor varsa, sən ən azından onun psixoloji təzyiqini öz üzərində hiss edəcəksən. Beyindəki senzura, elə vicdanın özü olsun. Sən hansısa dövlət orqanından bu vəsaiti alasan, sənə o qədər imkanlar yarada, sonra da Məşədi İbad demişkən, “atasını yandırasan” ki, hardasa oğurluq və ya ədalətsizlik edib. Belə bir mürəkkəb dilemmadır.

- Kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi bir dövrdə vətəndaş jurnalistikası ilə peşəkar jurnalistikanı necə ayıraq? Sosial şəbəkələrdə gündəm olan məlumat xəbər olmalıdır, yoxsa yazılan xəbər sosial şəbəkələrin gündəminə çevrilməlidir?
- Biz artıq “olmalıdır”, ya “olmamalıdır” kimi ifadələrlə danışa bilmərik. Reallıq var, fakt var və bu faktla hesablaşmalıyıq. Vətəndaş jurnalistikası deyilən məfhum nisbidir, belə bir şey yoxdur. Vətəndaş milisliyi deyə bilərikmi? Vətəndaş milisi növbətçidir. Əhali razılaşır, kömək edirlər, növbətçi çıxırlar. Və ya vətəndaş həkimliyi… Jurnalistika peşədir. Vətəndaş jurnalistikası dediyimiz şeydə peşəkarlıq da, məsuliyyət də yoxdur. Yazdın getdi. Səhəri gün bunun səndən haqq-hesabını da aparmayacaqlar. Bu elə peşədir ki, sən bununla daimi, professional əsaslarla məşğul olmalısan. Ona görə də biz bunları bir-birindən ayırmalıyıq. Sosial şəbəkələr isə öz-özlüyündə platformadır. Yanaşma tərzimizi bir az düzgün qurmalıyıq. Dünən insan cəmiyyətə öz səsini eşitdirmək üçün biz jurnalistlərdən istifadə edirdi, məsələn, telekameradan, mikrofondan və s. Bu gün bunların heç birinə ehtiyac yoxdur. Bu gün elə platformalar var ki, onlar sənin səsini də, şəklini də, sözünü də qısa vaxt ərzində başqalarına çatdıracaqlar. Bəli, bunlar çox geniş kommunikasiya vasitələridir. Və yəqin, onlar elə formada inkişaf edəcəklər ki, bəlkə, onun haqqında bizim indi heç təsəvvürümüz belə yoxdur. Mənim yadımdadır, 1998-ci ildə internet hələ təzə-təzə genişlənəndə dünyanın ən böyük media mütəxəssislərindən biri - “Reuters”in rəhbəri demişdi ki, bunun heç bir gələcəyi yoxdur. İndi biz nəinki evdə, hətta küçədə də olanda ünsiyyət üçün həyatımızı internetsiz təsəvvür edə bilmirik. Bu o demək deyil ki, biz öz peşəmizdə hər şeyi atıb yenidən qurmalıyıq.

- İctimai fəal Bəxtiyar Hacıyevin timsalında KİV-in məhkəməyə hörmətsizlikdə təqsirləndirilən, həbsdə aclıq edən və kibercinayətə məruz qalan bir vətəndaşa münasibəti necə olmalıdır?
- Biz indi burda işıqlı, sakit bir yerdə oturub, heç kimin bizə heç nəyi məcbur etmədiyi bir şəraitdə söhbət edirik və içəridə əyləşmiş bir şəxs haqqında münasibət bildiririk. Mən bilirəm ki, o şəxs mürəkkəb adamdır. Bu məsələdə, yəqin ki, razılaşdığımız, razılaşmadığımız məqamlar var. Hətta güclü tənqid kimi irəli sürəcəyimiz məqamlar da ola bilər. Amma bu adam xuliqan deyil, ictimai fiqurdur. Və bizim münasibətimiz də o cür olmalıdır. Dövlətin vəzifəsi vətəndaşını alçaltmaq, cəzalandırmaq, mütləq başını divara döymək, onu ən ağır şərtlərlə qarşılaşdırmaq deyil. Dövlətin vəzifəsi işi düzgün araşdırıb və ona layiq olduğu cəzanı verməkdir. Bunun üçün Bəxtiyar Hacıyevi o psixoloji və fiziki vəziyyətdə həbsxanada saxlamağa ehtiyac varmı? Gəlin baxaq, elə şəxslərin ev dustaqlığı şəraitində istintaqını təmin edirlər ki, burda nə var ki?! Burda açıq-aşkar görünür ki, kimsə kimdənsə hayıfını alır. Əslində biz bilirik, nəyin hayıfını alırlar. Dövlət belə şeyə heç vaxt getməməlidir. Əlində əsas var, yoxdur, heç vaxt belə şeylərə getməməlidir. Biz də cəmiyyət olaraq belə şeylərə getməməliyik. Çünki buna öyrəşdinsə, buna susdunsa, sabah yüz faizlik haqqa da susacaqsan. Bu bir öyrəncəlikdir. Mən düşünürəm ki, B.Hacıyev məsələsinə biz belə yanaşmalıyıq. O günahkardır, günahkar deyil, bu ikinci məsələdir. Birinci məsələ ondan ibarətdir ki, bu iş nə dərəcədə ədalətli aparılır. Və onun hökm çıxmamışdan əvvəl çəkdiyi cəza onun düşdüyü şəraitə uyğundur, uyğun deyil? Mənə elə gəlir ki, əlbəttə, uyğun deyil. Milyonları yemiş və bu cəmiyyətin başına oyun açmış adamları həbsdən evə buraxırlar. Heç demirlər ki, bu qaça bilər, istintaqa təsir edə bilər. Milyonları var, istədiyi anda təsir edə bilər. Açıq-aşkar görünür ki, bəhsəbəs gedir. Dövlət heç vaxt vətəndaşla bəhsəbəs etməz. Mənə elə gəlir ki, mətbuat bu məqamda birinci növbədə insan haqlarını üstün tutmalıdır. Bu, onsuz da mətbuatın vəzifəsidir. Və mətbuat bir şeyi unutmamalıdır ki, bizim haqqında məhkəmə hökmü çıxarılmamış heç bir şəxsi cinayətkar adlandırmağa haqqımız yoxdur. Və ona o cür münasibət sərgiləmək də olmaz. Əlbəttə, faktları yaz, qiymətini ver. Amma, məncə, bu damğaları vurmaq olmaz, bu, jurnalistikaya yaraşmaz.

- Son olaraq, jurnalistikada insanlıq, yoxsa peşə?
- Toyuq və yumurta məsələsi, hə? Bir dəfə mən Qırğızıstanda özbək və qırğız redaktorlarına Oş hadisələrindən sonra treninq keçirdim. Onlar, Allah göstərməsin, bir-birlərini Qarabağda olduğundan da pis qırmışdılar. Çox “qansız” hadisələr baş vermişdi. Orda qırğız redaktorlardan biri ilə – xanımın çox gözəl adı da var idi, bizim dilə tərcümə edəndə “mirvari” olurdu – real bir situasiya araşdırılırdı ki, jurnalist elə bir vəziyyətdədir ki, bir tərəfdən informasiyanı aparıb redaksiyasına çatdırmalıdır, o biri tərəfdən digər insanların həyatı ondan asılıdır. Orda kimlərsə xahiş etmişdi ki, jurnalist onları özü ilə maşınla götürsün. Götürməlidir, ya götürməməlidir? Belə bir situasiya idi. O qız birmənalı olaraq dedi ki, götürməməlidir. Dedi ki, mən götürməzdim. Bununla xeyli insan razı olmadı. Treninq bitdi. Səhər növbəti iclasa yığışanda o ağlaya-ağlaya gəldi, hamıdan üzr istədi, dedi ki, yox, onu etmək olmaz. Jurnalist istənilən anda birinci növbədə o insanın həyatını düşünməlidir və ona kömək etməlidir. Redaksiya qaydaları onu tələb edir ki, jurnalist üçün birinci növbədə peşə fəaliyyətidir. O, birinci növbədə peşə fəaliyyətini, xəbərin hazırlanması, çatdırılması və tərəfsizliyini təmin etməlidir. Amma praktikada buna əməl etmək insani baxımından çox çətindir. Və biz buna əməl etdiyinə görə də heç bir kəsi qınaya bilmərik. Sizin sonuncu sualınızın cavabı açıq qalsın. Jurnalist özü üçün müəyyənləşdirməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.