“HÖKUMƏTDƏ KÖHNƏDƏN QALANLARIN ÇOXU RUSİYANIN ADAMLARIDIR” – “İlham Əliyev Putinə Qarabağdan danışmağa imkan vermədi, dedi ki...”

18-03-2023, 10:14           
“HÖKUMƏTDƏ KÖHNƏDƏN QALANLARIN ÇOXU RUSİYANIN ADAMLARIDIR” –
Sərdar Cəlaloğlu: “Yeni dünya düzənində Cənubi Qafqaz Rusiyanın təsiri altında olmayacaq”

“Biz elə etməliyik ki, Qərbi Azərbaycan ideyası Qarabağ məsələsindən önə keçsin”

“Birləşib xalqda boş-boş ümid yaratmağa ehtiyac yoxdur”

Azərbaycan Demokrat Partiyası(ADP) müstəqilliyin ilk illərindən ölkənin ictima-siyasi həyatında sayılıb-seçilən partiyalardan biri olub. Ölkədə siyasi aktivliyin yüksək olduğu illərdə ictimai proseslərə təsirinə görə birinci üçlükdə qərar tutub. Partiyanın keçmiş sədri, eks-spiker Rəsul Quliyevin 2005-ci il seçkiləri ərəfəsində Azərbaycana uğursuz dönüş cəhdi, ölkədəki siyasi durğunluq, seçkilərə, partiyalara inamsızlığın artması ADP-yə də öz təsirini göstərib.

Artıq ADP-nin Nərimanov rayonunda yerləşən ikimərtəbəli qərargahında 2000-ci illərin ilk onilliyindəki qələbəliyə rast gəlinmir. Divarlarda isə hələ də 2005-ci il parlament seçkiləri ərəfəsində çap olunmuş plakatlar, deputatlığa namizədlərin fotoları, keçmiş siyasi məhbusların şəkilləri yer alan stendlər asılıb.

Partiya sədri Sərdar Cəlaloğlu vədələşdiyimiz vaxtdan bir qədər gec gəlir, gülər üzlə salamlaşır, tıxacdan gileylənir. İş otağına keçirik…

- Sərdar bəy, müsahibə üçün təşəkkür edirik. Partiyanızın yerləşdiyi ərazidə köhnə tikililər plana düşüb, sökülür, ərazi tikinti meydançasını xatırladır. ADP-nin binasının da sökülməsi gözlənilirmi?

- Binamızla bağlı bir problem var. Əslində, buranı özəlləşdirməli idik, amma o zaman Ramiz Mehdiyev buna mane oldu. Baxmayaraq ki, Əmlak Komitəsi dəfələrlə bizə müraciət etmişdi ki, binanı özəlləşdirək. Hazırda özəlləşmə ilə bağlı Əmlak Məsələləri Komitəsinə rəsmi şəkildə müraciət etmişik. Qanuna əsasən özəlləşmə zamanı bina ilk növbədə icarədara təklif olunur. Biz də 35 ildir ki, burada icarədarıq, binanı demək olar, şəxsi vəsaitimizlə qurmuşuq. Bizə heç kim hazır bina verməyib.

- Əmlak Komitəsindən müraciətinizə cavab verilibmi?

- Açığı, hələlik onlardan konkret bir cavab ala bilməmişik. Ümid edirəm ki, dövlət qurumu konstitusiyaya və qanunlara uyğun addım atacaq.

- Obrazlı desək, Azərbaycanda siyasi partiyaların da "plana düşmək" məsələsi var. Partiyalar haqqında yeni qanunvericiliyin tələbinə görə, hər bir siyasi partiyanın 5 min üzvü olmalıdır. Bəzi partiyalar bağlanır, yaxud sədrləri üzv problemi olduğunu deyirlər. Bəs ADP-də vəziyyət necədir?

- Bizim çox da aktiv olmayan təxminən 50 min üzvümüz var. Əvvəllər daha çox idi. Rəsul Quliyevdən ayrılan vaxt hardasa 200 minə yaxın üzvümüz var idi. Bir qrup Rəsul Quliyevin arxasınca getdi, bir qrup dağıldı və s. Hazırda aktiv üzvlərimizin siyahısını hazırlayırıq, Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Bununla bağlı problemimiz yoxdur. Onu da deyim ki, bu cür senzuralar Azərbaycanda siyasi inkişafın stimulu ola bilməz. Əksinə, elə bir rəqabət mühiti yaradılmalıdır ki, min nəfər üzvü olan partiya 10 min, 100 min üzvü olan partiyaları qabaqlasın və qalib gəlsin.

Azərbaycanda siyasi partiyaların dövlət və cəmiyyətin həyatında iştirakı demək olar, sıfıra endirilib. Konstitusiyada bu barədə heç bir müddəa yoxdur, qanunda partiyaların dövlətin və cəmiyyətin həyatında iştirakı ilə bağlı ciddi normalar müəyyən olunmayıb. Buna görə də insanların partiyalara marağı həddən artıq azdır. Ən azından, proporsional seçki sistemi tətbiq olunsa və ya Azərbaycan Konstitusiyasında çoxpartiyalı siyasi sistemlə bağlı hüquqi norma təsbit olunsaydı, insanların siyasi partiyalara marağı artardı.

- Sərdar bəy, bir neçə ildir hökumətlə müxalifət arasında dialoq prosesi davam edir. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi də bu ərəfədə meydana çıxdı. Məlumdur ki, artıq qəbul olunmuş qanundan bəzi siyasi təşkilatlar, beynəlxalq qurumlar narazıdır. Maraqlıdır, hakimiyyətlə dialoqda olan partiyalar niyə ilk növbədə özləri üçün prioritet olan normal qanunun qəbul olunmasına nail ola bilmədilər?

- Bəzi adamlar siyasi dialoqla siyasi diskussiyanı qarışdırır. Elmi şəkildə siyasi dialoq milli problemlərin həllində iqtidarla müxalifətin birgə iştakı deməkdir. Bu məsələ 44 günlük Qarabağ müharibəsi zamanı meydana çıxdı. Biz də klassik siyasi dialoqun bir nümunəsini ortaya qoyduq. Yəni, Qarabağı işğaldan azad edən zaman iqtidar və müxalifət vahid yumruq kimi birləşdi. Biz bu müharibənin ideoloji, siyasi əsaslarını hazırladıq, eləcə də onun əleyhinə olan xarici qüvvələrin Azərbaycan iqtidarına təsirini zəiflətdik. Hakimiyyət isə əlində olan resurslarla Qarabağı azad elədi.

44 günlük müharibədən sonra hökumət bir milli problemi ortalığa qoymadı ki, yenə həmin o siyasi dialoqu davam etdirək. Biz müharibədən sonra ölkədə çox ciddi iqtisadi, siyasi islahatların həyata keçiriləcəyini və bu zaman müxalifətlə dialoqun davam edəcəyini düşünürdük. Bizim hökumət deyir ki, islahata başladıq, sonra qayıdıb deyir, islahatı bitirdik, filan sahələrdə də islahat apardıq və s. Amma bu islahatlar müxalifətin fikri öyrənilmədən həyata keçirilir. Digər ölkələrdə islahatlar 10-15 ilə aparılırsa, Azərbaycanda bir-iki həftə ərzində bu proses yekunlaşır.

Məsələn, xatırlayıram, hökumət elan etmişdi ki, "biz hüquqi islahatlara başlamışıq". Həmin vaxt Sumqayıt məhkəməsində bir hakimin yerini dəyişdirmişdilər və bununla da islahatlar başa çatmışdı. Halbuki, hüquqi islahatlar dövlətin əsasları ilə bağlı məsələlərdir. Bu, bir-iki günə olan iş deyil. Bizdən heç kim nəsə soruşmur.

- Qanunun tələbi var, əgər 5 min üzv yoxdursa, siyasi partiya ləğv ediləcək. Bu tələb siyasi partiyalar arasında konsolidasiyaya gətirib çıxaracaqmı?

- Bizim cəmiyyətin ən böyük problemlərinin biri konsolidasiyadır. Məsələn, Azərbaycanda müstəqil həmkarlar təşkilatları yoxdur. Bu, o deməkdir ki, işləyənlər birləşə, bir araya gələ bilmirlər. Ölkədə vətəndaşların vətəndaş cəmiyyətinə münasibəti mənfidir. Yəni bilrik problemi millətimizin, dövlətimzin problemidir. Hökumət elə bir siyasət aparmalıdır ki, o birliyin mənası olsun. Adolf Hitlerin “Mayn Kampf” əsərində bir yer var. Hitler parlamentdə partiya sədri olan zaman ondan soruşurlar ki, “sən niyə ittifaqlara meyl eləmirsən?” Hitler cavabında bildirib ki, bu ittifaqlar bəzən birliyə gedən ən güclü qüvvəni belə zəiflədir. İndi biz sosiallarla, millətçilərlə, dinçilərlə birləşsək məcburuq ki, orada öz prinsiplərimizdən imtina edək. İkincisi, birləşən zaman vəziyyət dəyişmirsə, birləşib xalqda boş-boş ümid yaratmağa və o birliyin içində müəyyən konfliktlərin meydana gəlməsinə ehtiyac yoxdur.

- Hazırda ölkədə 50-dən çox siyasi partiya var. Sizcə, bu partiyalardan neçəsi öz mövcudluğunu saxlaya biləcək?

- Siyasi iqtidar meydana gələn andan siyasi müxalifət olub. Bunun demokratiyaya, avtokratiyaya, diktaturaya və monarxiyaya aidiyyatı yoxdur. Şahlara qarşı çevrilişlər, krallara qarşı qəsdlər olub, diktatorları öldürməyə çalışıblar və s. Demokratiyanın gözəlliyi odur ki, siyasi mübarizə şəffaf, müəyyən bir qanun çərçivəsində və proqnozlaşdırıla bilinən şəkildə aparılsın. Amma demokratiya olmayacağı təqdirdə heç kəs deyə bilməz ki, sabah kim hansı addımı atacaq. Bu isə cəmiyyət üçün təhlükəlidir. Yəni siyasi müxalifətin zəifləməsi qeyri-leqal siyasi qüvvələri gücləndirir.

- Azərbaycanda qeyri-leqal fəaliyyət göstərən qüvvələr var?

- Məsələn, bu yaxınlarda Dövlət Təhlükəsizliyi Xidməti “kərimə dövləti” yaratmaq istəyən şəxsləri həbs edib. Siyasi partiyaların cəmiyyətdə rolunun azalması bu cür dövlətin əsaslarına zidd olan ideyaları dəstəkləyən ünsürlərin fəallaşmasına səbəb olur.

Bildiyiniz kmi, konstitusiyada birləşmək hüququ var. Mən də üç-dörd nəfərlik bir qrup yaratmaq istəyirəm. Amma 5 min üzvüm yoxdur, iki min üzvüm var. Mən siyasi partiya kimi fəaliyyət göstərə bilərəm, ya yox? Deyir ki, bu qədər üzvün olmasa, səni qeydiyyata ala bilmərəm. Lap yaxşı, qeydiyyata alma. Amma bu zaman nə olacaq? Qanunda yazılıb ki, qeydiyyata alınmayan siyasi partiyaların fəaliyyəti qadağandır. Bu, konstitusiyada təsbit olunmuş birləşmək hüququnun pozulması deməkdir. Venesiya Komissiyasının yeni qanuna mənfi rəy verməsi də məhz konstitusion maddələrin pozulmasıyla əlaqədardır.

- Siyasi kuluarlarda dolaşan xəbərlərə görə, hökumət konstitusiya islahatları üçün referendumuna hazırlaşır. Qarabağ ətrafında gedən proseslər də konstitusion islahatların, dəyişikliklərin olmasını zəruri edir. Partiya funksionerlərindən biri Prezident Administrasiyasında keçirdiyi görüşdən sonra demişdi ki, proporsional seçki sistemi bərpa oluna bilər. Sizdə bu barədə məlumat varmı? Nə gözləyirsiniz?

- Hüquqda belə bir şey var ki, işləyən pis qanun, işləməyən yaxşı qanundan yaxşıdır. Bismarkın da belə bir sözü var: “Pis qanunlar olan yerdə məmurlar yaxşıdırsa, dövlət yaxşı idarə olunur, yaxşı qanunlar olan yerdə məmurlar pisdirsə, dövlət pis idarə olunur”. Bu qanunun necə olmasının bizim həyatımızda bir əhəmiyyəti yoxdur. Avropada hətta XVI əsrdə qəbul olunan qanunun da bu gün hüquqi qüvvəsi var. Biz ölkəmizə dünyanın ən ideal seçki qanununu gətirək, Məzahir Pənahovu da seçki komissiyasının sədri qoyaq. Nə olacaq? Əlbəttə, heç nə!

Proporsional seçki sistemində də saxtalaşdırmalar olub. Məsələn, xatırlayıram ki, o vaxt (2000-ci ildə keçirilmiş parlament seçkilərini nəzərdə tutur – red.) Əli Kərimli ilə kommunistlər guya proporsional seçki sistemində qalib gəldilər. Halbuki, biz bilirdik, kommunistlər sıfır faiz, Əli Kərimli isə üç-dörd faiz səs toplamışdı. Hökumət 6 deputat yerini Əli Kərimliyə verdi, 3 yer də kommunistlərə. Beləcə məsələ bitdi. Yəni, bu şeylərin Azərbaycanda siyasi inkişafa aidiyyatı yoxdur.

- Sərdar bəy, istərdik ki, regionda və Qarabağ ətrafında gedən proseslər haqqında danışaq. Ermənistanın Baş naziri Nikol Paşinyanın bu günlərdə verdiyi açıqlamalar yaxın zamanlarda sülhün olmayacağına işarədir. Bəzi ekspertlər sülhdən imtinanın növbəti hərbi toqquşmalara gətirib çıxaracağını düşünürlər. Yaxın həftələrdə proseslər necə inkişaf edə bilər?
Ətraflı

- Dövlət artıq Qərbi Azərbaycanla bağlı konkret siyasət aparır. Biz elə etməliyik ki, Qərbi Azərbaycan ideyası Qarabağ məsələsindən önə keçsin. Yeganə yol budur. Dövlət və ictimaiyyət aktiv şəkildə Qərbi Azərbaycan məsələsini gündəmə gətirməlidir. Hətta bu məsələ Azərbaycan tərəfindən sülh sazişinə də salınmalıdır.

- Paşinyan dedi ki, Azərbaycan bu məsələni sazişə salıb Ermənistana qarşı ərazi iddiası formalaşdırmağa çalışır…

- Əgər onlar bizə diplomatik yollarla hansısa əngəllər törədirlərsə, bizim də əsas prioritetimiz Qərbi Azərbaycan olmalıdır. Ermənistan Qərblə razılaşır razılaşsın, özü bilər, amma ən azı bizə qarşı olan yersiz hücumların qarşısını almaq üçün əlimizdə çox ciddi arqument olmalıdır. İkincisi, Qarabağ Azərbaycanın daxili işidir. Beynəlxalq hüquq normaları var. Heç kəs, heç kəsin daxili işlərinə qarışa bilməz. İlham Əliyevin bir hərəkətini çox bəyəndim. Soçidə görüşdə Putin Qarabağdan danışmaq istəyən zaman, İlham Əliyev ona imkan vermədi, dedi ki, “Qarabağ bizim daxili işimizdir. Biz heç bir yerdə bunu müzakirə etməyəcəyik”. Bu mövqeni bütün dünyada nümayiş etdirməliyik - həm Xarici İşlər nazirimiz, həm Prezidentimiz, həm də parlament təmsilçilərimiz. Qarabağla bağlı müzakirəyə başladığın anda artıq xarici qüvvələrin daxili işlərimizə müdaxiləsinə şərait yaradırsan…

- Ancaq Rusiya həbçiləri bizim ərazimizdədir və separatçıları himayə edirlər. Moskva sanki bununla Qarabağın ermənilər yaşayan ərazilərində söz sahibi olduğunu, problemin bizim daxili məsələmiz olmaqdan çıxdığını göstərmək istəyir. Biz Rusiya ilə necə danışaq, hansı mexanizmləri tapaq ki, Xankəndində də suverenliyimizi bərpa edək?

- Yox, Qarabağla bağlı problem bizim daxili işimiz olmaqdan çıxmayıb. Məsələn, dünyada yüzlərlə təcrübə var ki, dövlətlərdə müəyyən çaxnaşmalar yaranan zaman BMT-nin egidası altında ora müəyyən qüvvələr göndərilir. Əgər sən razılıq verirsənsə, o qüvvələrin orada olması sənin daxili işinə müdaxilə deyil. Üçtərəfli bəyanata görə, Azərbaycan, formal da olsa, buna razılıq verib. Deməli, Rusiya bizim daxili işimizə müdaxilə etməyib, biz onu dəvət etmişik. Azərbaycan hökuməti onun Qarabağdan çıxarılması ilə bağlı konkret addımlar atır. Rusiya çıxmasa, artıq sülhməramlı qoşunlar işğalçı hesab olunacaqlar.

- Xankəndindəki separatçılar Azərbaycanın suverenliyini qəbul eləmir. Onun da arxasında Rusiya durub, Qərbin müəyyən dairələrindən də dəstəyi var. Bu situasiyada biz nə etməliyik ki, status-kvonu öz xeyrimizə dəyişək?

- Bizim ən böyük səhvimiz odur ki, Qərbə hələ də Qarabağ ermənilərinin Rusiyanın Qafqazı əlində saxlaması üçün bir açar rolunu oynadığını başa sala bilməmişik. Siz nə qədər Qarabağ ermənilərini müdafiə etsəniz də, onun arxasında Rusiya var. Biz onları başa salmalıyıq ki, bu, Qarabağ məsələsi, erməni məsələsi deyil, rus məsələsidir.

İkincisi, bütün dünya ermənilərin tərəfində deyil. Məsələn, Britaniyanın Xarici İşlər naziri dedi ki, Azərbaycanın təhlükəsizliyi bizim üçün İngiltərənin təhlükəsizliyi deməkdir. Baxın, görün bu bəyanatdan sonra Azərbaycan hökuməti İngiltərə ilə hər hansısa bir müqavilə bağladımı? Yox! Məsələ burasındadır ki, biz Avropa, İngiltərə və İsraillə sıx əlaqələr quracağımız təqdirdə ABŞ da bizim tərəfimizdə olacaq. Yəni, Britaniya öz dili ilə deyir ki, Azərbaycanın təhlükəsizliyini qarantiya altına ala bilərik…

- Biz buna niyə getmirik, nədən çəkinirik? Rusiyadanmı?

- Rusiya artıq həmin Rusiya deyil. Ukrayna müharibəsindən sonra heç kim Rusiyanı adam yerinə qoymur. Estoniya və Litva Rusiyaya qarşı ərazi iddiası ilə çıxış edir, Moldova və Gürcüstan Rusiyanın əleyhinə bəyanatlar səsləndirir və s. Gürcüstandan böyük olan Azərbaycan isə heç nə etmir. Bunun səbəbi ondadır ki, Azərbaycanda vəzifədə olanların içərisində Rusiyanın kadrları, Rusiyanın agentura şəbəkəsinə cəlb edilmiş adamlar hələ də çoxdur.

- Onlar kimlərdir, dövlətin siyasətinə hansısa təsir imkanları varmı?

- Hökumətə müxtəlif vasitələrlə təsir imkanları var. Parlamentdə də Rusiyaya xidmət edən deputatların sayı kifayət qədərdir. Bundan əlavə qeyri-rəsmi güclər də var. Lobbilər, cinayətkar elitalar, biznes dairələri və s. Bu dairələrin hər zaman hökumətin siyasətinə təsiri böyük olub. Dünyada belədir… Azərbaycanda da dövlətin siyasətinə təsir edən ruypərəst qüvvələr var.

- Kimlərdir onların nümayəndələri?

- Məsələn, orduda Nəcməddin Sadıkov və onun adamları…

- Nəcmədin Sadıkov çoxdandır orduda deyil…

- Ümumiyyətlə, hökumətdə köhnədən qalanların bir çoxu Rusiya xəttində olan adamlardır. Məsələn, Baş nazirin müavini Yaqub Eyyubov. Bu adam Rusiyadan “Rus torpaqlarının qorunmasında göstərdiyi xidmətlərə görə” orden alıb. Sual olunur - Yaqub Eyyubov, sən hansı rus torpaqlarını müdafiə edib, bu ordeni almısan? Belə çıxır ki, Azərbaycanı müstəqillik yolundan saxlamaq, ruslar üçün rus torpaqlarının müdafiəsi anlamına gəlir… Baxın, Azərbaycan məmurlarının 70-80 faizinin Türkiyə ilə heç bir əlaqəsi yoxdur, bu ölkəyə səfər etmirlər. Parlamentin keçmiş sədri Oqtay Əsədovun pulları Moskvada idi. Niyə Türkiyəyə və ya İngiltərəyə aparmayıb? Çünki Rusiyanın adamı idi, bu pulları da Rusiyanın vasitəsilə qazanmışdı. Məsələn, Allahşükür Paşazadənin biznesi haradadır? Rusiyanın təsiri altında olan Şərqi Avropa ölkələrində…

- Perspektivdə Rusiyanın Ukraynada məğlub olacağını şübhə doğurmur. Bİr çox ekspertlər Putin hakimiyyətinin iflasının Xankəndində suverenliyimizin bərpasını tezləşdirəcəyi fikrindədir. İndidən Rusiyanın hərbçilərini ərazimizdən çıxarmasını tələb etməyə başlasaq, hər hansı təhdidlə üzləşə bilərikmi?

- Heç bir təhdid ola bilməz. Qarabağın taleyi bizim Türkiyə və Pakistanla düzgün münasibət qurmağımızdan asılıdır. Biz müttəfiqlərimizlə düzgün əlaqə qurmalıyıq. Bu halda Rusiya Qarabağdan çıxacaq. Bu regionda Azərbaycana həmişə təsir edən geopolitik bir situasiya var idi. Türkiyə, İran, Rusiya… Hazırda isə dörd qüvvə var – Rusiya, Türkiyə, İran və Avropa. Burada İran və Rusiya müttəfiqdir. Avropa müəyyən mənada Türkiyəyə dəstək verəcəyi təqdirdə Cənubi Qafqazı Türkiyənin nəzarəti altına keçirəcək. Gürcüstan zatən Türkiyənin təsiri altındadır. Bir Ermənistan qalır, o da bilir ki, Türkiyənin təsirini qəbul etmədən mövcud ola bilməz. Çünki onun bütün açıq sulara çıxışı, inkişafı, təhlükəsizliyi Türkiyə ilə bağlıdır. Yeni dünya düzənində Cənubi Qafqaz Rusiyanın təsiri altında olmayacaq.

- Bəs Qərb burada olacaqmı?

- Birbaşa yox, ancaq Türkiyənin vasitəsilə olacaq. Min illik tarixə baxsaq, Qərbin birbaşa Cənubi Qafqazda olmasına dair bir dənə nümunə yoxdur.

- Sonda region ölkələrində cərəyan edən proseslər haqda fikirləriniz maraqlıdır. Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərindən nə gözləyirsiniz?

- Ərdoğan qalib gələcək.

- Sizcə, bu il Rusiyada Putinin hakimiyyətdən getməsi gözlənilirmi?

- Rusiya Ukrayna müharibəsində məğlub olsa belə, Putin hakimiyyətdə qalacaq.

- Bəs İrana qarşı müharibə gözlənilirmi?

- İranda elə indiki vəziyyət davam edəcək və heç bir müharibə olmayacaq. Çünki İran ona düşmən olan dövlətlərin əlində çox əlverişli bir vasitədir. Həmçinin İranın mövcudluğu onların qlobal maraqlarına uyğun gəlir.

Elvin Bəyməmmədli

"AzPolitika.info"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.