Səfir də komandamızı tənqid etdi: - “Qızlardan, dollardan danışır, yeyib-içirdilər”

28-03-2023, 12:08           
Səfir də komandamızı tənqid etdi: -
Futbol üzrə Azərbaycan milli komandasının səfərdə İsveç yığmasına 0:5 hesablı məğlubiyyəti (bundan əvvəl də Avstriyaya 1:4 hesabı ilə uduzmuşduq) geniş müzakirələrə səbəb olub. Milli komandanın biabırçı məğlubiyyətini həzm edə bilməyən Azərbaycanın futbol ictimaiyyəti sosial şəbəkələrdə futbolçuları, məşqçi heyətini və AFFA rəhbərliyini tənqid atəşinə tutub.

Milli komandanı qınayanlar sırasında tanınmış simalar da az deyil.

TEREF.AZ-ın modern.az-a istinadən məlumatına görə, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev də biabırçı məğlubiyyətə görə əsəblərini cilovlaya bilməyib. Səfir Azərbaycan millisinin Polşa yığmasına 0:8 hesablı məğlubiyyətini yada salaraq bunları qeyd edib:

Səfir də komandamızı tənqid etdi:

“Deməli, milli komandamız dünən İsveçə 0:5 hesabı ilə uduzdu. Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan.

Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 0:8 hesabı ilə məğlub olduq.

VİP lojada Polşanın müdafiə naziri V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub:

- Bu futboldur, - dedi. - Hər dəqiqə hər şey dəyişə bilər.

Dördüncü qol vurulanda isə:

- Futbol boş şeydir, - deyə ürək-dirək verdi. - Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan.

Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən o da oyuna görə xəcalət çəkirdi.

Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil 0:8 hesabı ilə uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar.

Yanaşı oturduğumuz məşqçi Şahin Diniyev isə guya özünə haqq qazandırırmış kimi:

- Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox... - dedi.

Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan...

Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir...”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.