Baba Vəziroğlu: “Restoran əyyaşların yeridir, orada orucunu açırsansa, canın çıxsın...”

31-03-2023, 10:59           
Baba Vəziroğlu:
Mart ayının 23-dən etibarən müqəddəs Ramazan ayı başlayıb.

Ramazan ayında oruc tutanlar arasında iftarını evdə açanlarla yanaşı ailəsi, dost-tanışları ilə birgə müxtəlif restoran və kafelərə üz tutanlar da olur.

Bakının bir çox restoranları müştərilərə müxtəlif qiymətdə iftar menyuları təklif edirlər. İftar menyularında qiymətlər restoran və kafelərdən asılı olaraq dəyişir. Paytaxtda hətta 85, 100 manata təklif edilən menyular da var.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bu cür restoranlara gedərək iftar süfrəsində oturanları qınayıb:
“Mənim bu barədə qəti qərarım var: mən təklif edirəm ki, iftar menyuları 85 yox, 200 manatdan başlasın. Tam ciddi deyirəm. Bu, dini ayindir, bütün günü oruc tutursan, axşam da arvad-uşağı yığırsan başına, yeməyini yeyirsən. İftar süfrəsi nədir, bir xurma, ilıq su, bir az da günlük yemək. Bunun üçün sən restoran tutursansa, şadlıq evi bağlatdırırsansa, millətə özünü göstərmək üçün camaatı başına yığırsansa, çox pul xərcləməlisən. Belə adamlara lap yaxşı olur. Mən ömür boyu iftar süfrəsinə getməmişəm, düzdür, heç vaxt oruc tutmamışam və təbii ki, iftar süfrələrində də iştirak etmirəm, amma mən gözümü açandan kəndimdə, valideynlərimin yanında tamam başqa mənzərə görmüşəm. Mən orada görməmişəm ki, şan-şöhrətlə iftar süfrəsi açsınlar, milləti başlarına yığsınlar, hər cür təamlar düzsünlər”.

B.Vəziroğlu bu cür iftar süfrələrinin israfçılıq olduğunu qeyd edib:

“İftar süfrəsi 1 xurma, bir az su, bir az salat, yüngül yeməkdən ibarət olmalıdır. Bu gün kimsə şan-şöhrətə gedirsə, restoranlarda iftar süfrələri açdırırsa, canı çıxsın 85 yox, 285 manat ödəsin. Mənə elə gəlir ki, normal adam bunu etmir. Belə adamlara bu cür yüksək qiymət deyilməlidir. Necə deyərlər, dinsizin öhdəsindən imansız gələr. Elə adamlara yaxşı ki, baha qiymət deyirlər, zülm edirlər. Bizim toy süfrələrimiz onsuz da biabırçı gündə idi, indi də dini ayinləri o günə salıblar. Bu həm israfçılıqdır, həm də mənasızdır. İftar süfrəsi üçün sənin restoranda nə işin var? Restoran əyyaşların, araq içənlərin, göbək rəqsi oynanılan yerdir, sən gedib orada müqəddəs ayin icra edirsənsə, canın çıxsın o qədər məbləği də ödə! Belə də olmalıdır, qoy qiymətlər 85 yox, 185, 285 manatdan başlasın!”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.