Kadırovun oğlu Azərbaycana niyə gəlib - Şeyxin qardaşı danışdı

2-04-2023, 09:24           
Kadırovun oğlu Azərbaycana niyə gəlib -
Bu yaxınlarda Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu Əhməd Kadırov Azərbaycana gəlib.

O, səfər zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirib.

Məlumata görə, tərəflər Azərbaycan və Çeçenistan arasında iqtisadi əlaqələri gücləndirmək, eləcə də müxtəlif sosial-iqtisadi sahələrdə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək istəyini ifadə ediblər.

Kadırov sosial şəbəkə hesabında bildirib ki, M.Cabbarovla görüşdə sərhədyanı əməkdaşlıq və qarşılıqlı ticarətin həcminin artırılması məsələsi də nəzərdən keçirilib.

Əhməd Kadırovun Azərbaycanda səfərdə olduğu bir məqamda onun atası barədə müxtəlif iddialar müzakirə predmetinə çevrilib. Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında yayılan məlumata görə, Çeçenistan lideri Ramzan Kadırovun vəziyyəti ağırdır, hətta onun ölüm ayağında olduğu deyilir. Bu səbəbdən ehtimal olunur ki, Çeçenistanın ilk prezidentinin adını daşıyan Əhməd Kadırov atasının postuna keçməyə hazırlaşır.

17 yaşlı Kadırovun iki həftə öncə Rusiya prezidenti Vladimir Putinlə görüşüb, ondan xeyir-dua aldığı yayılan xəbərlər sırasındadır. Belə sensasion informasiyaların fonunda Kadırovun Bakıya hansı səbəbdən gəlməsi sual doğurur.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Modern.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə Ramzan Kadırovun oğlunun ölkəmizə qonaq qismində gəldiyini bildirib.

“Kadırovun oğlu Azərbaycana qonaq kimi gəlib. Bu yaxınarda Rusiya hakimiyyətinin ekologiya üzrə müşaviri Azərbaycanda səfərdə olub. O, xarici işlər naziri ilə görüşüb. Məhz Kadırovun oğlu da bu səbəbdən ölkəmizə gəlib”.

Şeyxin qardaşı Əhməd Kadırovun atasında yerinə keçməsi haqda məlumatsız olduğunu söyləyib:

“Onun hansısa vəzifəyə keçməsi barədə heç nə deyə bilmərəm, çünki bu haqda informasiyam yoxdur. Məncə, onun Azərbaycana gəlməsində problemli bir şey yoxdur. Ramzan Kadırovun səhhətinə gəlincə, sözün açığı, bu barədə xəbərim yoxdur. Sadəcə onu deyə bilərəm ki, Kadırovun oğlunun Azərbaycana gəlməsi ilə onun səhhəti ilə bağlı yayılan xəbərlər arasında heç bir əlaqə yoxdur”.

Qeyd edək ki, bir müddət əvvəl Çeçenistan lideri Ramzan Kadırovun səhhətində ciddi problemlərin olmasına dair xəbərlər yayılmışdı. Bildirilirdi ki, Kadırovun böyrəkləri sıradan çıxıb və onun vəziyyəti kritikdir. İddialara cavab verən Kadırov deyilənlərin həqiqəti əks etdirmədiyini, tamamilə sağlam və gümrah olduğunu açıqlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.