İsraildə səfirliyin açılması və İranın davranışları... - Seyidov detalları açıqladı

2-04-2023, 12:22           
İsraildə səfirliyin açılması və İranın davranışları... - Seyidov detalları açıqladı
İndiki şəraitdə Azərbaycanın İsraildə səfirliyinin açılması tarixi hadisə idi. Bu strateji əhəmiyyət daşıyan siyasətin başlıca amillərindən biri hesab edilir. İsraildə diplomatik nümayəndəliyin yaradılması sıradan bir səfirliyin açılması kimi dəyərləndirilə bilməz. Çünki iki ölkə arasında münasibətlər keyfiyyət nöqteyi-nəzərdən tamamilə başqa bir müstəviyə yüksəlib. Sözsüz ki, indiyə kimi Azərbaycan-İsrail əlaqələri ən yüksək səviyyədə təşkil edilmişdi. İndi isə bu əlaqələr region ölkələri üçün nümunəyə çevrilir.

Bunu Teleqraf.com-a Avropa Parlamentinin məkrli qətnaməsini şərh edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O qeyd edib ki, ölkələr müxtəlif dinlərin, mədəniyyətlərin sahibi, təbliğatçısı olduğu halda bir mövqedən, ümumbəşəri dəyərləri bölüşərək regionda sülh və əmin-amanlıq məsələlərini ən yüksək səviyyədə təmin etməyə qadirdirlər: “Burada digər məqam regionda xüsusilə qonşuluqda olan ölkələrlə bağlıdır. Əslində bu cür mövqedə olan ölkələri məhz yanaşmalarına görə, iki qrupa bölmək olar. Burada bir qrup Azərbaycanın yeni reallığını, öz maraqlarına uyğunlaşdıran ölkələrdən söhbət gedir. Çünki Azərbaycanın yaratmış olduğu vəziyyəti tam dərk etmək və bundan irəli gələn məsələləri öz dövlətləri üçün təmin edən ölkələr var. Burada sözsüz ki, münasibətlərin ən yüksək səviyyədə xarakterizə olunduğu dövlətlərdən biri qardaş Türkiyədir. Çünki Azərbaycan-Türkiyə münasibətləri indi tamam başqa bir müstəvidədir. Amma bununla yanaşı Avropa Birliyinin içərisində olan ölkələrlə də Azərbaycanın normal müasibətləri mövcuddur. İtaliyanı bu məqamda xüsusi ilə qeyd etmək olar. O cümlədən dost İsrail dövləti Azərbaycanın bir ölkə kimi nə dərəcədə əhəmiyyətli olduğunu qəbul edir. Bu regionda nüfuz və imkanların yüksək səviyyədə dəyərləndirilməsi ilə də bağlıdır. Burada İsrail və Avropa Birliyinin bəzi ölkələri, Mərkəzi Asiya dövlətləri Azərbaycanla yüksək münasibətlər formalaşdıran ölkələr sırasındadır. İkinci qrup ölkələr isə bu məsələləri sona kimi dərk etmək iqtidarında deyillər. Hətta bu yanaşmalara qarşı xüsusi bir davranışlar da nümayiş olunur. Onların içərisində yer alan Ermənistan döyüş meydanında Azərbaycana məğlub olmasını qəbut etmək istəmir və bunun fonunda revanşist ideyalarla yaşayır”.

Millət vəkili hesab ki, bu gün İranın da Azərbaycana başqa müstəvidə olması ölkəmizin güc və təsir imkanlarını qəbul etməmək, onu dərk etməməklə bağlıdır: “İran sözsüz ki, yanlış addımlar atmaqla yanaşı daha çox təxribatları, təhdid ritorikasını gündəmə gətirməyə çalışır. Görünən odur ki, Azərbaycanın yeni geosiyasi çəkisi, rolu, əhəmiyyəti, Qarabağı, torpaqlarımızı azad etməsi bəzi ölkələr üçün xüsusi bir narahatçılığa səbəb olub. Ermənistan sözsüz ki, işğalçıdır və döyüş meydanında ağır məğlub olub. Bunun fonunda isə İranın davranışları başa düşülən deyil. Tehranda Azərbaycan səfirliyinə qarşı qanlı terror aktı, bir neçə gün öncə İranda Azərbaycan konsulluğunun qarşısındakı aksiya, Bakıda Milli Məclisin deputatına qarşı terror aktı artıq proseslərin pik nöqtəsi idi. Sözsüz ki, indi millət vəkilinə qarşı terror aktına görə istintaq gedir. Amma açıqlanan ehtimallar da müəyyən fikirlər söyləməyə əsas yaradır”.

Səməd Seyidov Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilmiş sülhməramlıların da fəaliyyətindən narazılığın ortada olduğunu söyləyib: “Azərbaycanın təşəbbüsü odur ki, Qarabağda yaşayan erməni icması ilə sıx təmaslar qurulsun. Amma rus sülhməramlıları bu məsələdə heç bir addım atmır. Əksinə onlar prosesi başqa istiqamətə yönəltməyə çalışırlar. Məhz Azərbaycanın son hərbi əməliyyatları da buna adekvat idi. Çünki Azərbaycan bu məsələ ilə bağlı dəfələrlə öz xəbərdarlıqlarını etmişdi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.