"İran silahlı qüvvələrinin artıq savaşmağa taqəti qalmayıb"
3-04-2023, 12:18
SEPAH-a yaxın KİV-lər yaxın iki həftə ərzində Qarabağla bağlı vəziyyətin dəyişəcəyindən danışır. İlhaqdan söz açırlar. Məlumata görə, İran, sərhəddə, xüsusən də Naxçıvan istiqamətində hərbi texnika yığır, təlimlərə hazırlaşır.
Bizimyol.info xəbər portalının sualını siyasi şərhçi Çingiz Göytürk cavablandırıb…
- İran Azərbaycanla müharibəyə cəhd edə bilərmi?
- Azərbaycan dövlətini və millətini intiqam almaqla hədələyən zatın, ya yaşı çatmır ya da başı. Böyük ehtimalla hər ikisi… Yaşı çatmır ona görə ki, hələ 1988-ci ildə yəni sadəcə 35 il bundan öncə əhali baxımından özündən 4 qat daha az cəmiyyətə sahib, İraqa qarşı apardığı 8 illik müharibənin sonunda yüz minlərlə itki verən İran silahlı qüvvələrinin silah sursatlarını da buraxaraq, geyimlərini belə əyinlərində saxlamaqda çətinlik çəkə-çəkə döyüş meydanlarından qaçdığı səhnələr yaşı çatanların xatirələrindən hələ də silinməyib. Həmin dönəmin dini lideri Xomeyninin ard-arda gələn məğlubiyyətlərdən sonra, sülh müqaviləsini imzalamağa məcbur qalmasını acınacaqlı bir ifadə ilə zəhər içməyə bənzətməsinin cingiltisi yaşa çatanların qulağından hələ də getməyib.
Başı çatmır ona görə ki;
1. Bugünkü İran silahlı qüvvələri 1988- ci ildə döyüş meydanından qaçan ordu və SEPAH-ın davamıdır. Bu ordu hələ də, 1960-70-ci illərin texnologiyası ilə silahlandırılmış üstəlik ötən 35 il ərzində ideoloji dayaqları kökündən sarsılmış ölkə əhalisinin bütününün nifrətini qazanmış bir orduya çevrilib.
2. Son aylarda İran daxili böhranlarla çalxalanarkən, silahlı qüvvələr öz vətəndaşlarına qarşı qanlı bir savaş içərisinə girdi. Özlərinin də, etiraf etdiyi kimi bu savaşdan silahlı qüvvələr bütöv olaraq, çıxa bilmədi və ciddi parçalanmalara, fikir ayrılıqlarına məruz qaldı. İran silahlı qüvvələrinin artıq nə savaşmaq taqəti, nə də savaşacaq güc toplamağa 80-ci illərdə olduğu kimi imkanları vardır.
3. İran deyilən ölkə əhalisinin yüzdə qırxından çoxu Azərbaycanlıdır və hər fürsətdə Azərbaycan Respublikası dövlətinə bağlılığını ifadə etməkdən geri durmur. Üstəlik bugün güney Azərbaycanda möhtəşəm bir milli hərəkatın cərəyan etdiyinə və bu hərəkatın son hədəfinin müstəqil güney Azərbaycan dövlətini bərpa etməkdən və Quzeylə də birləşərək, bütöv Azərbaycanı yaratmaqdan ibarət olduğuna hərkəs şahiddir. Belə bir məqamda 80-ci illərdə olduğu kimi fars dövləti güney Azərbaycan türkünün potensialının hər hansı bir ölkəyə qarşı savaşa yönəldə bilər mi? Hələ əgər savaşılacaq bu dövlət Quzeydəki öz dövlətimiz isə.
4. İran adlanan ölkə əhalisinin 70 faizini qeyri fars millətlərin mənsubları yəni Azərbaycanlılar, Qaşqaylar, Ərəblər, Bəluçlar, Lorlar, Kürdlər, Türkmənlər, Bəxtiyarilər və sair təşkil edir. Fars-rasist dövlətinin dəfələrlə soyqırımına uğramış bu millətlərin tək qayəsi öz milli dövlətlərini qurmaq və bunun üçün əlverişli şəraitin formalaşdırılmasıdır. Son aylarda açıq şəkildə göründüyü kimi xalqların milli hərəkatlarının “pik” həddinə çatdığı bu ölkənin silahlı qüvvələrinin başqa bir ölkəyə qarşı savaş başladıb o savaşdan çıxa bilmə ehtimalı var mı?
5. Dünya dövlətləri və parlamentləri tərəfindən terror dövləti olaraq bilinən diplomatiyası yerlərdə sürünən bir ölkənin, diplomatiya sahəsində xüsusilə də, son illərdə böyük uğurlar qazanmış dünya dövlətləri tərəfindən təqdirlə, ehtiramla qarşılanan və dəstəklənən cəmi 44 günün içərisində ərazisini işğalçılardan təmizləməyi bacaran, modern silahlarla təchiz edilmiş orduya sahib olan Türkiyə
- Cümhuriyyəti dövləti kimi etibarlı müttəfiqi olan Azərbaycan Respublikasına qarşı ehtimali bir savaşdan sağlam qurtulma şansı var mı?
- İranın Azərbaycana qarşı müdaxiləsi münfərit terror olaylarından ötəyə keçə bilməz. Bundan sonraki mərhələdə Azərbaycan Respublikasının hüquq mühafizə və təhlükəsizlik qurumları İranın bu sahədəki imkanlarını da olduqca məhdudlaşdıracaqlar.
Çingiz Göytürk