100 min manata satılan itlə bağlı Şeyx Əbdüldən AÇIQLAMA: - “Ona paxıllıq edirəm”
5-04-2023, 18:54
Bakıda elan saytlarının birində 100 min manata alman ovçarkası satılır. Satıcı itin aprelin 6-da 3 ayının tamam olacağını qeyd edib:
"Cinsi erkəkdir. Peyvəndləri də vurulub. İtin bu qədər baha olmasının səbəbi dünyada bu rəngdə cins itin bir dənə olmasıdır. Bu itin atası və anası da məndədir. Onları xaricdən gətizdirmişəm. Qapqara cins idilər, balası belə qırmızı olub".
Satıcı real alıcı olarsa, qiymətdə endirim olacağını qeyd etməyi də unutmayıb.
Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan bu məsələyə Xalq artisti Əbdül Mahmudovun münasibətini öyrəndik.
TEREF.AZ_ın məlumatına görə, xalq artisti Bizim.Media-ya açıqlamasında itə “sayğı”nın bizlərə tariximizdən miras qaldığını bildirdi:
“Seyid Əzim Şirvaninin məşhur “Köpəyə ehsan” əsərində deyilirdi ki, “İt demə, ol dəxi bizim birimiz, elə ölülərə fəda olsun dirimiz”. 100 min manata satılan it kimin itidirsə deməli, çox özəlliyə malikdir. Ən azı arxası bağlıdır.
Əgər it 100 minə satılırsa deməli o çox hörmətli və mötəbərdir. Və onun qiymət Şeyx Əbdülün qiymətindən 100 dəfə artıqdırsa mən sadəcə o itə paxıllıq edirəm. Yəqin bu it bir neçə dil bilir, çoxlu sayda komputer proqramlarını icra edir. Yoxsa bir dənə qırmızı qulağı 100 minə satmaqmı olar?!”
Xalq artisti onu da əlavə etdi ki, bu mənəviyyatsızlığın sözlə ifadə edilməyən zirvəsidir:
“Bu xalqın mənəviyyatına,əxlaqına tüpürməkdir. Gör nə günə qalmışıq ki,it ev qiymətinə satılır. O iti saxlayan da, onu almaq istəyən də xalqın hissləri ilə oynayır. Bu gün şəhərdə itlə gəzən cavanları görürəm. Əminliklə deyə bilərəm ki, həmin it gəzdirənlər heç valideynlərinin nazını bu qədər çəkmir, ata-anasını şəhərə çıxardıb belə həvəslə gəzdirmir”.