Cavan Zeynallı: “Azərbaycanda şou-biznes yox, “şor biznes” var” - MÜSAHİBƏ

6-04-2023, 18:14           
Cavan Zeynallı: “Azərbaycanda şou-biznes yox, “şor biznes” var” - MÜSAHİBƏ
“Caz ifa etmək hər adamın işi deyil. Mən pianoda notsuz ifa edirəm. Pedaqoji fəaliyyət dövründə notsuz ifam narazılığa səbəb olmuşdu. Dedim ki, “notsuz ifama razısınızsa, qalım, razı deyilsinizsə, işdən ayrılıram”.

Bunu Oxu.Az-a müsahibəsində Xalq artisti, 77 yaşlı cazmen Cavan Zeynallı deyib.

Müsahibəni təqdim edirik:

- Cavan bəy, efirlərdə son zamanlar az-az görünürsünüz. Bunun səbəbi nə idi?

- O sualı hər kəs verir. Məndən çox efirdə olan yoxdur. Səbəb var idi. Mənim yoldaşım rəhmətə getmişdi. Bu səbəbdən efirlərdə yox idim. Qırx mərasimi keçdi, daha sonra efirə çıxdım. Yoldaşımı Qusarda dəfn etdim. Onun haqqında artıq danışmaq istəmirəm. Çünki pis oluram. Mən onu çox sevirdim. Ona görə də hər şeydən uzaqlaşmışdım. Qırx gün heç yerə çıxmadım. Yas saxladım. Efirlərdən çağırırdılar. Dedim ki, qırxını verim, sonra gələcəyəm. Artıq altmış gün ötüb.

Ötən günlərdə efirə çağırdılar. Bu söhbət açıldı. Mən pis oldum. Bunu reytinq xətrinə edirlər. Ölməkdən, ölümdən sensasiya yaratmaq olmaz. Başa düşmürlər ki, ağır bir şeydir. Mən hər zaman televiziyada olmuşam. Hər zaman efirlərdəyəm. Sovet dövründən indiyə qədər bu belə olub.

- Telekanallarda olan verilişlər sizi qane edirmi?

- Televiziyaların bugünkü formatı məni qane etmir. Nəinki məni, çoxlarını qane etmir. Narazılıqlar var. Hər şey göz qabağındadır.

- Köhnə nəsillə yeni nəsil arasında bir mübahisə var. Köhnə nəsil yeni nəsli bəyənmir, yenilər də köhnələri. Siz hansı mövqedəsiniz?

- Mən gəncləri çox sevirəm. Çünki mənim adım Cavandır. Bilirsiniz də, adım Cavanşir olub. Sonradan “şir”i çıxartmışam. Mən talantlı adamlara canımı, həyatımı verərəm. Kütbeyinləri isə sevmirəm. Onları, sadəcə, yola verirəm.

Azərbaycan milləti çox gözəldir. Çünki istedadlar çoxdur. Sadəcə, bilmirlər. Müəllimlərin sayı indi azalıb. İstedadlara təkan verən yoxdur. O vaxtlar biz oxumağı çox istəyirdik. Müəllimlərimiz də güclü idilər. Bilirdik ki, bilmədiklərimizi öyrənəcəyik. İndi belələri yoxdur. Ayrı bir zamana gəlmişik. Sistem dəyişib.

- Sizcə, indiki gənclər necə olmalıdırlar?

- Öncə gənclər nə istədiklərini bilməlidirlər. Özləri bunu hiss etməlidirlər. Bu çox çətindir. Zəmanə dəyişib. Hər adam nə isə istəyir. Valideynlər diqqət etməli, övladlarına istiqamət verməlidirlər.

Mən uşaqlıqdan musiqini sevirdim. Anam Opera və Balet Teatrında xorda oxuyub. Musiqini sevirdi. Bu sevgi mənə də keçdi. O vaxt heç televizor da yox idi. Radiodan dinləyirdik. Klassik musiqilər olurdu. Sevgi ilə dinləyirdim. Səbirsizliklə gözləyirdim ki, konsert başlasın, dinləyək. Anam həmişə deyirdi ki, sevgi mənim ürəyimdədir. Mən evdən görüb, eşitdim və sevdim.

Lakin indi elə deyil. Sevmək ikinci plandadır. Biznesə, kommersiyaya yönəliblər. Uşaqlar indidən deyirlər ki, mən biznesmen olacağam. Pula meyil edirlər. Əvvəllər belə deyildi. Zəmanə pisləşib. Artıq həyat başqa istiqamətə yön alıb. Uşaqlar ayrı cür fikirləşirlər. Çünki hər şeyi bilirlər. Biz oxumağı düşünürdük. İndi uşaqlar heç oxumaq da istəmirlər. Müəllimlərdə də həvəs qalmayıb. Dərs saatının bitməsini gözləyirlər.

- Bir müddət pedaqoji fəaliyyətlə də məşğul olmusunuz. Lakin uzun sürməyib.

- İncəsənət Universitetində dərs demişəm. Lakin düzdür, uzun sürməyib. Bəstəkar Vaqif Gərayzadə mənim dostumdur. O məni yönləndirdi, universitetə getdim. Yeddi il fəaliyyət göstərdim. Daha sonra çıxmalı oldum. Paxıllıq çox oldu. Musiqiçilər arasında paxıllıq yüksək səviyyədədir.

Tələbələrimlə münasibətim çox yaxşı idi. Populyar bəstəkarların mahnılarını ifa edirdim. Hər adam royalda ifa edib, oxuya bilmir. Caz ifa etmək hər adamın işi deyil. Pianoçular notla ifa edirdilər, mən isə notsuz. Paxıllıq yarandı. Narazılıq bildirdilər ki, niyə notsuz çalırsan? Rektorun narazı olduğunu, notsuz ifanın mümkünsüzlüyünü dedilər. Bir dəfə yalandan not qoydum. Dedilər ki, bax, bu yaxşıdır. Ən yüksək səviyyəli musiqiçilər notsuz ifa edirlər. Mən də ərizəmi yazdım. Dedim, notsuz ifa istəyirsinizsə, qalım, istəmirsinizsə, gedirəm. Belə son qoydum pedaqoji həyatıma. Məndən sonra sonuncu kursda təhsil alan üç tələbəm də universitetdən çıxdı. Deyiblər ki, “Cavan müəllim olmasa, biz də yoxuq”. Çox şeylər var.

- Ən çox hansı tərzdə olan ifalara qulaq asırsınız? Gənclərdən kimi dinləyirsiniz?

- Ən çox klassikaya qulaq asıram. Bax indi sizinlə danışsam da, fondakı ifa məni apardı. Gənclərə qulaq asıram. İstedadlı insanları geri çevirmirəm. Hiss edirəm ki, istedaddır. Lakin nə isə çatmır. Gəncləri həvəsdən salmaq olmaz. Gərək yön verəsən. Hamısını dinləyirəm. Gərək mənim kimiləri olsun ki, gənclərlə məşğul olsunlar.

- Tək olan zaman pianoda ifa etməyi sevdiyinizi söylədiniz.

- Tək olanda piano çalıram. Birdən dayanıram. Dəyərli sənətkarlarımızın bəstələrini ifa edirəm. Dayananda Allah ilə danışıram. Deyirəm ki, “Allahım, xoşuna gəldi?” Bir dəfə kiminsə mənə “çox sağ ol!” dediyini eşitdim. Qorxdum. Demə, 15-ci mərtəbədən qonşum ifamı dinləyib, təşəkkürünü bildirirmiş. Onda çox qorxmuşdum.

- Müxtəlif cərəyanların nümayəndələri, adətən, bir növ xüsusi qrup yaradırlar. Ölkəmizdə cazmenlərin belə bir cameəsi varmı? Əgər varsa, siz də oraya daxilsinizmi, yoxsa gənclərlə, digər cərəyanların nümayəndələri ilə qaynayıb-qarışmağı üstün tutursunuz?

- Təbii ki, var. Çox əvvəllər qruplar xüsusilə çox idi. Baraban, kontrabas, saksofonla qrup şəklində məşqlərimiz olub. Onlar özləri məni dəvət ediblər. Lakin mən tək ifanı çox sevirəm. Son illər qruplara qoşulmuram. Tək çalıram. Bundan həzz alıram. Musiqi mənə enerji verir. Mən özümü xoşbəxt hiss edirəm. Son vaxtlar konsert də vermirəm. Pandemiyadan sonra musiqi sanki zəiflədi. Elə bil, eksperiment etdilər ki, toylar azalsın.

- Cazın dünəni və bu gününü müqayisə etsək, nəticə nə olacaq?

- Mən vəziyyəti görürəm. Seyrçi olaraq izləyirəm. Caz elə bir şeydir ki, onu hər kəs bacara bilməz. Yaxşı ki, o vaxtlarda doğulmuşam. Sənətkarları görmüşəm, öyrənmişəm. Bu gün caz aşağı səviyyədədir. Demək olar ki, yoxdur. Bəlkə, bəzi amillər təsir göstərib...

Polşanın çox məşhur bəstəkarı Fridrix Şopen demişdi ki, “müharibə olanda musiqi sakitləşir, olmur, bəstəkarlar yazmırlar, bilmirlər, nə etsinlər”. Yəni nə vaxt müharibə qurtaracaqsa, həyat da onda öz axarına qayıdacaq. Pandemiyanın iki ili musiqiyə ziyan vurdu. Müharibə də bir tərəfdən təsir etdi. Şopen deyirdi ki, “silahlar atəş açan vaxt musiqi sakit durur”.

- Özünüzün ifa etdiyiniz, ancaq bəyənmədiyiniz mahnı varmı?

- O qədər mahnılar var ki, bəzən çaşıb qalıram. İyirmi il “Qaya” ansamblı ilə çalışmışam. Mən onlara kömək etdim. Çünki qrupda oxuyanlardan biri oradan çıxıb getmişdi. Üç nəfər qalmışdı. Üç nəfərlə oxumaq mümkün deyil. Bir səs olmayanda mahnı eşidilmir. Bunlar axtarırdılar, amma tapmırdılar. Çünki ora getmək üçün eyni tembrdə, səviyyədə oxumaq lazım idi. Məndə də o var idi. Çünki mən pianoçuyam, bəstəkaram, cazmenəm. Ona görə onların yanında oldum. Gəncləri sevirəm.

- Vaqif Mustafazadə ilə dostluğunuzdan danışmağınızı istərdim.

- Onu çox sevirdim. Dünyada nömrə bir idi. O, musiqiçi, cazmen kimi həmişə öndə olub. Muğamla cazı sintez edirdi. Vaqif Amerikanın cazını ifa edir, ortasına muğam salırdı. Elə edirdi ki, hamısı yerində olurdu. Buna görə onu çox sevirdim. Allah ona qəni-qəni rəhmət eləsin! 39 yaşında rəhmətə getdi. Çünki ürəyi cazda idi. O bilirdi ki, güclü musiqiçidir. Çox paxıllıq edirdilər.

- Müğənni olmağın kriteriyaları sanki asanlaşıb, sizcə, musiqiçi üçün musiqi təhsili vacibdirmi?

- Musiqi təhsili lazım deyil. Ehtiyac yoxdur. Hamısı indi açıq-aşkar var. İndi nə istəyirsən, tapmaq olur. Hansı musiqini istəsən, yaz, tap, öyrən, ifa et. Maraq azalıb. Çünki hər şey olanda heç nə istəmirsən...

- Özünüzü şou-biznesdə hesab etmədiyinizi söyləmişdiniz. Sizcə, Azərbaycanda şou-biznes hansı səviyyədədir?

- Özümü şou-biznesdə heç vaxt hesab etməmişəm. Mənim sevimli dostum Zeynəb Xanlarova hələ o vaxt demişdi ki, “şou-biznes yox, şor biznes”. Həqiqətən, belədir. Azərbaycanda şou-biznes yoxdur. Düz deyirmiş. O zaman çox təəccüblənmişdim. Lakin sonradan düz olduğunu gördüm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.