"İran gizli şəbəkəsinin ifşasından sonra ictimai fikri çaşdırmağa çalışır" - AÇIQLAMA

7-04-2023, 16:29           
"İran gizli şəbəkəsinin ifşasından sonra ictimai fikri çaşdırmağa çalışır" - AÇIQLAMA
"İran gizli şəbəkəsinin ifşasından sonra ictimai fikri çaşdırmağa çalışır"
"İran mediası yanlış ictimai fikir formalaşdırmaq məqsədilə Azərbaycanda bu ölkənin gizli şəbəkəsinə qarşı aparılan əməliyyatı dinə hücum kimi təqdim etməyə çalışır. Halbuki Azərbaycan hüquq-mühafizə orqanları son 30 ilə yaxın müddətdə dini inanclı şəxslərə qarşı belə bir əməliyyat keçirməyib. Nəticədə İran xüsusi xidmət orqanları azərbaycanlı gəncləri Quma apararaq beyinlərini “yuyub” və öz maraqlarına uyğun şəbəkə yaradıb".

TEREF.AZ bildirir ki, bunu Reyting.az-a Azərbaycanın keçmiş dövlət müşaviri, professor Qabil Hüseynli İranın ölkəmizə qarşı çirkin kampaniyasından danışarkən deyib.

Azərbaycanın dünyəvi və hüquqi dövlət olduğunu xatırladan professor əlavə edib ki, hazırda aparılan əməliyyatlar dinə qarşı deyil, İranın ölkəmizdə təhlükəsizliyi pozmaq istəyən şəbəkəsinə qarşıdır: "Bu əməliyyatlar konkret faktlara, səs yazılarına və digər sübutlara əsaslanır. Əməliyyata məruz qalanlar “Kərimə dövləti” adlı cəfəng ideya ətrafında qurulan şəbəkə, zərbə qruplarıdır”.

Q. Hüseynli təəssüflə qeyd edib ki, Azərbaycanda bəzi şəxslər İranın yanlış yanaşmasını dəstəkləyir, dövlətçiliyin yanında durmaq əvəzinə fars-molla rejiminə dəstək verirmiş kimi görünür: “Amma Azərbaycan dünyəvi dövlətdir. Heç bir kənar qüvvə din amilindən istifadə edərək ölkə daxilinə nüfuz edə bilməz".

Professor diqqətə çatdırıb ki, Azərbaycanda bütün dinlər azaddır və qardaşlıq şəklində fəaliyyət göstərir: "Bu, dünyada etiraf və təqdir olunur. Dindən məqsədli istifadə etməyən, səmimi vətəndaşlarımız sərbəst şəkildə dini ayinlərini həyata keçirirlər. Məscidlərimizin açıq və inanclı insanlarla dolu olması da bunun isbatıdır. Ölkəmizdə əsl və gerçək dindarlar heç vaxt təqib olunmayıb. Yox, əgər kimsə din adı altında zərbə qrupları formalaşdırmağa cəhdlər edəcəksə, vətənə xəyanət məsələsi ortaya çıxacaqsa, bunun cəzası olmalıdır".

Q. Hüseynli sonda əlavə edib ki, indi İran kampaniya aparır, onun şəbəkəsinin ifşa edilməsini guya dinə qarşı hücum kimi qələmə verir. Məqsəd öz maraqlarına uyğun ictimai fikir yaratmaqdır. Amma bütün bunlar əbəsdir və nəticəsiz qalacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.