Monitorinq Mərkəzinin direktoru: "Üzr istəyirəm, ailəli qadın oxuyur ki..." - Müsahibə
8-04-2023, 11:46
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısı tərtib edilib. Siyahıda bir çox müğənnilərin adı açıqlanıb...
- Siyahı adları çəkilən müğənnilər arasında böyük ajiotaja səbəb oldu, amma bizi maraqlandıran məsələ kiminsə ad-soyadının çəkilməsi deyil. Bizi bu işə sövq edən dilimizlə bağlı problemlərdir. Dünyanın ən gözəl dillərindən olan Azərbaycan dilinin qorunması vacibdir, bu istiqamətdə ölkə başçımız İlham Əliyevin verdiyi sərəncam, fərman və çıxışları var. Onları əldə tutaraq işimizi görürük.
Ona görə də kimliyindən asılı olmayaraq hər bir azərbaycanlı və hər bir Azərbaycan vətəndaşı bu dildə düzgün danışıb, doğru yazmağı bacarmalıdır. İlk növbədə bu, azərbaycanlı kimi bizim borcumuzdur. Ona görə də şəxsən məni heç bir ad-soyad narahat etmir.
Monitorinqlərin hər biri doğru, dürüst və qərəzsiz aparılıb. Məsələn, televiziya aparıcılarının içərsində şəxsən mənim tələbələrim var. Amma heç vaxt deməmişəm ki, onun hər hansı qüsurunu görməzdən gəlim və siyahıya salmayım. Bunu etsəm əqidəmə qarşı çıxmış olaram.
- Siyahı tərtibi davam edəcəkmi? Yeri gəlmişkən, monitorinqdə ekspert qismində kimlər iştirak edib?
- Bizim tədbirimizdə xalq artistləri Flora Kərimova, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, İlqar Muradov, Gülyanaq Məmmədova, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, xalq şairi Vahid Əziz, yazıçı Seyran Səxavət, alim Vüqar Əhməd, aparıcı Leyla Quliyeva, əməkdar artist Nərgiz Cəlilova, millət vəkili Jalə Əliyeva iştirak edib.
Müşahidə Şurasının sədri, akademik Mövsüm Nağısoylu, üzvləri isə akademik Nizami Cəfərov və professor Mahirə Hüseynovadır. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, Bakı Turizm Peşə Məktəbinin direktoru Nilufər Kərimova, əməkdar incəsənət xadimi Nazim Kazımov, Mədəniyyət Nazirinin müşaviri Cahangir Zəlimxanov, əməkdar incəsənət xadimi Gövhər Həsənzadə, bəstəkar Rauf Məmmədov, aranjimançı Ruslan Səfəroğlu, Tərlan Məmmədhüseynov, Rubail Əzimov və bir çox insanların fikirlərini öyrəndik.
Onların hər birinə söz verildi. Hər biri çıxışında bildirdi ki, bizim mədəniyyətimiz, musiqimiz çox gözəldir, mahnı janrında düzgün nümunəvi əsərlər yaratmaq, bəstələmək lazımdır.
Bizi narahat edən məsələlərdən biri də odur ki, internet məkanında yayımlanan mahnıların müəllifləri nə bəstəkardı, nə də bəstəçi. Bəzilər DJ-dir. Bəziləri isə ümumiyyətlə bəstəkarlıq nədir, bəstəkar necə olmalıdır sualına cavab verə bilməyən və təcrübəsi olmayan insanlardır. Biz o insanların zövqsüz bəstələrinin məcburi dinləyicisinə çevrilirik.
O mahnılar gənclərimizi çox pis vərdişlərə, çox pis həyata sövq edir. Tədbirdə görüntülər də paylaşıldı. Bizim yüzlərlə gəncimiz arzuolunmaz mahnıların təsiri altında rəqs edir, bərabər ifa edirlər. Bilirsiniz ki, bu hallar nələrə yol aça bilər... On beş-iyirmi il sonra çox böyük fəlakətə gətirən vərdişlərə sahiblənə bilərlər. Elə mahnılar var, adlarını belə tələffüz etmək istəmirəm. Nəinki dinləmək...
Bu mahnıları tövsiyə etmirəm, halbuki yutub kanalında onların milyonlarla baxışı var. Çox təəssüf, ifada effektdən istifadə olunur. Səsi olmayanlar xüsusi metodlarla oxuyur və elə bilirsən ki, normal səsdi. Əslində, səs onun deyil. Xüsusi vasitədir. Bunların hamısı gündəmə gəlməyin bir üsulu və yoludur.
Ən vacib məsələlərdən biri də ifaçılarımız efirlərdə, televiziya və radio məkanlarında toy mərasimi ilə efir məkanını səhv salmasıdır. Onların toy mərasimlərində ifaları çox gözəl səslənə bilər, amma həmin mahnılar televiziya və radio məkanında ifa edilməli deyil. Efirə gələrkən düşünmək lazımdır ki, tamaşaçıya nə verəcəm? Bu mahnıda nəyi təlqin edəcəm? Bu məsələləri ciddi düşünmək lazımdır.
- Özünüzün də qeyd etdiyiniz kimi siyahı müğənnilər arasında böyük ajiotaja səbəb oldu. Müğənni Günay İbrahimli siyahıya etirazını bildirərək dedi ki, "O kimdir ki?!" mahnısında zərərli vərdiş yoxdur. Bununla bağlı fikrinizi eşitmək istərdik.
- Bu məsələyə aydınlıq gətirim. Siyahıda bölgü qeyd etmişik, zərərli vərdişlər, tüfeyli həyat tərzinin aşılanması, aqressiv hərəkətlər, özünəqəsd və sair ayrı bəndlərdə göstərilib. “Damarlarımı kəsirəm” kimi ifadələr intihara meyillik yarada bilər.
Günay İbrahimlinin ifa etdiyi çox yaxşı mahnıları var. “O kimdir ki?!” mahnısına gəlincə, Azərbaycan mahnılarının musiqisi gözəlliyə, ruhumuzun sakitliyinə səbəb olur. Şeirlərimiz, poeziyamız da insanlarda gözəl əhval-ruhiyyə yaradır, ovqat yüksəkliyi bəxş edir. Bu gün qloballaşan dünyada insanın insana sevgisindən danışmalıyıq. Bu gün qələbə qazanmış bir xalqın övladlarıyıq. İstərdim ki, bu xalqın ifaçıları gözəlliyi təlqin etsinlər, xalqımın, gözəl vətəndaşlarımın, böyüməkdə olan nəslin nümayəndələrində sevgi oyatsınlar, nəinki "o kimdir ki" desinlər... Biz o ifadəni nə zaman işlədirik?.. Kimisə görməzlikdən gələndə, kimisə aşağılamaq istəyəndə, kiməsə öz istehzamızı bildirəndə.
Sabah övladlarımız belə ifadə ilə istehza edəndə etirazımızı bildirsək deyəcək ki, filankəs onu oxuyur... Belə bir ifadə mahnıda varsa, deməli, mədəniyyətimizə yad sayılmır. Bu halda onu rahatlıqla tələffüz edə bilərəm.
Ona görə də Günay İbrahimlidən xahiş edərdim ki, auditoriyasına sevgini, gözəlliyi, mehribanlığı, dostluğu, ünsiyyət qurmağın fərqini tərənnüm etsin. Axı, onun bəlli bir auditoriyası var.
Elə mahnı var ki, üzr istəyirəm, ailəli bir xanım ifa edir və deyir: “Sən nə vaxtsa mənim olacaqsan”. Bu nə deməkdir?! Yaxud deyir ki, “ruhən səninləyəm, fiziki kiməsə məxsusam”. Axı, belə olmaz.
Bizim mental xüsusiyyətlərimiz var. Biz Azərbaycan ənənəsindən, Azərbaycan ailəsindən danışırıq. Klassik ədəbiyyatımızı nümunə götürsək, "Dədə Qorqud"dan üzü bəri nələri təlqin edirik? Bu abidələr hamısı bizə sadiqdir. Bu gün Azərbaycan qadını qəhrəman ana, övladını atasız, amma qürurla böyüdən şəhid qadınıdır. Belə təqdim olunmalıdır. Azərbaycan qadını “Dədə Qorqud” müracəti kimi desəm, ərinə, ömür-gün yoldaşına sadiqlik və etibarlılıq mücəssiməsidir. Mən istəmərəm, o qadın desin ki, “nə vaxtsa sənin olacam”. Bu cür mahnılara yol verməyək. Xahiş edirəm ki, mahnılarda bizim mənəvi dünyamız, mental xüsusiyyətlərimiz nəzərə alınsın. Bu mahnılar Azərbaycan məkanı üçündür.
- Şəbnəm Tovuzlu da siyahıya etiraz edən müğənilər sırasındadır. O “Baldır balam” mahnısında hər hansı pis vərdişi təlqin edən ifadənin olmadığını açıqladı.
- Bölgülər tam ardıcıllıqla yadımda deyil. Yəqin ki, “Baldır balam” övlad mənasında deyil, sevgi mənasındadır. Gəlin, dəyərləri qarışdırmayaq. Şəbnəm xanımın bəzi mahnılarını dinləmişəm. Amma bilmirdim ki, o mahnıları ifa edən Şəbnəm Tovuzludur. Baxmışam ki, effektsiz oxusa, elə gözəl oxuyar ki... Bu, müasirlik deyil, bu, texnologiyanın müasir səviyyəsinə də istinad deyil. Mənə elə gəlir ki, bəzən səsin çatmadığı, səsin imkan vermədiyi məqamlarda istifadə olunmalı bir vasitədir. Amma o da uğurlu seçim deyil. Niyə effektdən istifadə olunsun ki?.. Niyə tamaşaçı bu cür aldadılmalıdı? Niyə onun zövqü korlanmalıdı?
- Suallarımız bitdi, əlavə edəcək fikriniz varsa buyurun.
- Azərbaycan mədəniyyəti çox yüksək mədəniyyətdir. Azərbaycan musiqisi sərhəd tanımır. Sənətkarlarımızın, korifeylərimizin ifası inanıram ki, yüz illər boyu dinləniləcək və bizə zövq verəcək. Müğənnilərimizə Azərbaycan dilinə yüksək səviyyədə bələdlik arzu edirəm. İfaçılarımız Azərbaycan dilinin qorunması işində dilçilərə, filoloqlara kömək etsinlər. Müğənni düşünsün ki, söz, bəstə və ifa vəhdəti ondan asılıdır.