“Heç kimi öldürmədikcə, psixi xəstəni müalicəyə məcbur etmək olmaz” – Psixiatrdan AÇIQLAMA
8-04-2023, 11:52
“Ölkədə psixi xəstəliklərdən əziyyət çəkənlərin sayı həddən artıq çox olsa da, onları vaxtında həkimə gətirmirlər. Mollanın, ekstrasenslərin, “cin çıxaran”ların yanına aparırlar. Nəticədə, xəstənin vəziyyəti ağırlaşır və ətrafdakılar üçün təhlükə yaradırlar”.
Bunları Bizim.Media-ya açıqlamasında həkim-psixiatr Abdulla Şıxlinski deyib.
Həkimin sözlərinə görə, bu cür xəstələri yalnız vəziyyətləri ağırlaşdıqdan sonra psixiatra gətirirlər ki, artıq müalicə üçün gec olur.
Ölkədə psixiatriya atılmış sahədir?
Abdulla Şıxlınski bildirib ki, Azərbaycanda psixiatriyanın inkişafının qayğısına heç kim qalmır:
“Ölkədə psixiatriya təbabətin “atılmış sahəsidir”. Hətta savadlı insanlarımız var ki, onlar həkim-psixiatrla psixoloqun fərqini bilmirlər. Pedaqoji institutu bitirən psixoloqların xəstələrlə işləməyə ixtiyarı yoxdur. Amma televiziyalar onları həkim kimi reklam edir və insanlar onların yanına psixiatr kimi gedirlər.
Psixoloqlar isə onları aldadır və külli miqdarda pullarını alırlar. Həmçinin, “cin çıxaranlar” da insanları aldadır. Bir dəfəyə 700-1000 manat pul alırlar. İnsanlar özü bu barədə bizə danışır. Bu işlə məşğul olanlar “həkimə getməyin, dərman qəbul etməyin”, - deyə tövsiyə edirlər”.
Psixi xəstəliklərlə bağlı profilaktik tədbirlərin görülməsinə gəlincə, həkim bildirib ki, psixiatriya xəstəxanalarının sayını artırmaq lazımdır:
“Bizdə sayı artırmaq yerinə, Bayılda olan bir xəstəxananı yandırdılar və yerində “novostroyka” tikdilər. Bakı böyüklüyündə şəhərdə cəmi iki bu tipli xəstəxana var. Biri Maştağada olan respublika miqyaslı 1 saylı Psixiatriya Xəstəxanası, digəri isə Bakı Slavyan Universitetinin yanında yerləşən xəstəxanadır. Xəstələrin sayı çox olduğuna görə cəmi iki xəstəxana çox azdır. Yeniləri açılmalıdır. Eyni zamanda, “Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu”na əlavələr olunmalıdır.
Qanun çox yumşaqdır. O qanun imkan verməlidir ki, sosial təhlükəli ruhi xəstələri xəstəxanaya məcburi qaydada göndərə bilək. Qanunda yazılıb ki, xəstə heç kimi öldürmədiyi, əmlakını dağıtmadığı vaxta qədər ona toxunmaq olmaz. Amma xəstənin kimisə öldürməsindən sonra onu xəstəxanaya aparmaq artıq gec olur. Həkimlər onları məcburi şəkildə xəstəxanaya göndərə bilmədikləri üçün psixi xəstələr istədikləri vaxt xəstəxanaya gedir, istəmir getmir. Narkomanlar nə cür istəyir hərəkət edir, qarşılarını almaq olmur. Elə buna görə də adıkeçən qanun tamamilə dəyişdirilməli və sərtləşdirilməlidir. Psixi xəstəliyinə şübhə olan insanlar vaxtında ekspertiziya cəlb olunmalı və onlar barəsində vaxtında tədbir görülməlidir ki, ətrafdakılara zərər vurmasınlar”.
Qohum evliliklərin qarşısı alınamlıdır…
A.Şıxlinski vurğulayıb ki, bu sahədə profilaktik tədbir olaraq ölkədə qohum evliliklərinin qarşısını almaq lazımdır. Bundan başqa, əhali arasında sanitariya maariflənməsi aparılmalıdır:
“İnsanlara başa salmaq lazımdır ki, psixi pozğunluğun əlaməti olan kimi “çinçıxaran”a yox, həkim-psixiatra müraciət etsinlər. Sosial şəbəkələrə nəzarət olunmalıdır. Çünki bu cür şəbəkələrdə daha çox lazımsız şeylər yazan, insanları çaşdıranlar psixi xəstələrdir. Onların vaxtı çoxdur. Çoxu işləmir, pensiya ilə dolanır. Sosial şəbəkələrdə oturur və kiminsə haqqında pis məlumatlar yazırlar. İzləyicilər isə heç bir sübut axtarmadan həmin məlumatları qəbul edir və fikir formalaşdırır.
Xəstə insanların yazdığı zərərli məqamlara heç kim nəzarət etmir. Ona görə də Azərbaycanda ruhi xəstələr haqqında məlumat bazası olmalıdır. Onların sosial şəbəkələrə daxil olaraq nalayiq sözlər yazmasının, insanlara şər atmasının qarşısını almaq üçün məlumat bazası vacibdir. Həmin məlumat bazası bu cür xəstələri vaxtında həkimə göndərməyə də kömək edəcək. Bu cür məlumat bazası bir çox ölkələrdə mövcuddur”.