Azərbaycana qarşı yeni təxribat: Dörd ölkə buna mane olacaq - Müsahibə
14-04-2023, 10:27
Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Teref.az onunla müsahibəni təqdim edirik.
- Ermənistan Baş naziri Nikol Paşinyan 1991-ci il sərhədlərinin tanınması və bu xətt boyunca silahlı qüvvələrin geri çəkilməsi barədə açıqlama verdi. Sizcə, onun bu açıqlamasını necə başa düşmək olar?
- Yaxınlarda Avropa Birliyi bir bəyanatla çıxış etmişdi. Bəyanatda bildirildi ki, Praqa anlaşması yerinə yetirilməlidir və tərəflər 1991-ci il sərhədlərinə qayıtmalıdırlar. İndi Paşinyan buna qarşı çıxa bilməz. Əks halda, Avropa Birliyinin dəst-xəttinə qarşı çıxmış olardı. Ona görə də məcbur qalaraq, bunu deyir.
Reallıq bir az fərqlidir. Paşinyan sözdə bunu deyir, amma əməldə bunu etmir. Nəticədə təzadlar yaranır ki, bu da son nəticədə gərginliyə gətirib çıxarır.
- Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi qəbul etdiklərini də bildirdi. Bəs onun bu mesajı nədən xəbər verir?
- Bu məsələ də də eynidir. Əgər 1991-ci il sərhədlərini tanıyırsa, bunu da etiraf etməlidir. Söhbət budur ki, onun sonrakı addımları nədən ibarət olacaq? Sonrakı addım Qarabağın dağlıq hissəsindəki silahlı qüvvələrin tərksilah edilməsinə dair olmalıdır, Azərbaycanın digər haqlı tələbləri yerinə yetirilməlidir və sair. Amma biz bunu görmürük.
Bəli, Qarabağın Azərbaycan ərazisi olduğunu deyir, bunu hamı bilir. Ermənilər indiyədək bunu demirdilərsə, bəs niyə indi etiraf edirlər? Bunu deməklə nəsə dəyişirmi? Yanaşma dəyişmir. Gördüyümüz budur ki, onun heç bir açıqlaması reallıqda heç bir təsirə malik deyil.
- Azərbaycan və Ermənistan liderlərinin Rusiyada gözlənilən görüşü haqda necə düşünürsünüz, bir nəticəsi ola bilərmi?
- Təəssüf ki, danışıqlara böyük ümid yoxdur. Danışacaqlar, yenə də Ermənistan öz absurd iddialarını ortaya qoyacaq. Rusiya da çalışır ki, regiondakı nüfuzunu saxlasın. Bunu sülhəramlılar vasitəsilə etmək istəyir.
Regionda transformasiya prosesi getməlidir, o cümlədən Ermənistanda. Erməni KİV-lərinə açıqlamasında da dedim ki, vəziyyətin konservasiyası yolverilməzdir. Əgər vəziyyət konservasiya edilirsə və ya olduğu kimi qalırsa, heç nə dəyişməyəcək. Bu durumda müxtəlif formatlarda danışıqlar keçirilə bilər, bizə isə vəziyyətin dəyişməsi lazımdır, bunu isə görmürük.
Paşinyan ötən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü tanıdığı sənədə imza atıb. Bəs reallıqda durum necədir? Məsələn, Qarabağın dağlıq hissəsində - Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə, yaxud sərhəddə nəsə dəyişib? Delimitasiya komissiyaları işləyirmi? Sülh danışıqları ilə bağlı ciddi irəliləyiş varmı? Təəssüf ki, bunları görmürük. Ona görə də artıq bu bəyanatlara inanmırıq.
Yeri gəlmişkən, 1991-ci ildə imzalanmış Almatı bəyannaməsində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımışdı. Amma bundan sonra Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi. Həmin bəyannamə işğala mane olmuşdumu? Yox! Yəni belə söz-söhbətləri çox eşitmişik, təəssüf ki, bundan sonra da çox eşidəcəyik. Amma reallıq dəyişmir. Praktiki dəyişiklik olmasa, bu bəyanatlar kağız üzərində qalacaq.
- Bəs liderlərin mümkün Vaşinqton görüşü prosesə necə təsir göstərə bilər? İndi Rusiyadan fərqli olaraq, ABŞ-ın konkret nəticələrə hesablanmış prosesdə maraqlı olduğunu deyənlər çoxdur.
- Rusiyadan gözləntimiz necədirsə, ABŞ-dan da odur. Reallıqda Ermənistanın mövqeyində dəyişiklik görməsək, bu danışıqlar nəticəsiz olacaq. Əlbəttə, danışıqlar vacibdir, məsələlərin diplomatik müstəvidə həlli, ən axı ritorikada müəyyən dəyişikliklər lazımdır. Amma ən əsası reallıqda dəyişiklik olmalıdır.
İndiyədək nazirlər səviyyəsində Vaşinqtonda bir neçə dəfə görüş keçirilib. Blinkenin özü bu görüşlərdə vasitəçilik edib. Hətta ABŞ-ın vasitəçiliyi ilə Münxendə liderlərin görüşü baş tutdu. Bəs bunların nəticəsi nə oldu? Bundan sonra real vəziyyət nə qədər dəyişdi? Bəli, sülh müqaviləsinin mətni ilə bağlı müəyyən gəlişmə var. Azərbaycan və Ermənistan qarşılıqlı formada mətnləri bir-birinə təqdim edir, bir-birinə uyğunlaşdırırlar, danışıqlar aparırlar və sair. Bəs bunun müqabilində Qarabağın dağlıq hissəsində və ya sərhəddə bir dəyişiklik hiss olunurmu? Kommunikasiyaların açılması ilə bağlı irəliləyiş varmı?
Əksinə, Araik Arutyunyan separatçı çıxışlarını davam etdirir, “müharibəyə hazırlaşmalıyıq” deyir. Bəs ona – separatçı rejimə kimsə təsir göstərirmi? Yox! Silahlı separatçıların tərksilah edilməsi prosesi gedirmi? Yox! Zəngəzurla yanaşı, Qarabağda da kommunikasiyalar açılmalıdır. Bunu da müşahidə etmirik.
Suallar bəllidir, mənzərə göz önündədir. Reallıq dəyişməsə, aparılan danışıqlar və imzalanan bəyanatlar gərginliyi köklü olaraq aradan qaldırmayacaq.
- Avropa Birliyi missiyası Ermənistanda narazılıq yaradıb. Ermənilər missiyanın sərhəddəki proseslərə müdaxilə etməməsindən şikayətçidirlər, belər bir fonda da KTMT və ya Rusiya hərbçilərinin bölgədə yerləşdirilməsinə çağırışlar edirlər. Sizcə, belə bir addım hansı riskləri yarada bilər?
- Həmişə demişik ki, Avropa Birliyinin missiyası yersizdir. Onlar hansı işlə məşğuldurlar, hansı səlahiyyətləri var? İndiyədək bunu görməmişik. Hadisələr göstərir ki, Ermənistanın özü də onların funksiyalarının nədən ibarət olduğunu başa düşmür. Gərginlik olanda həmin zonada olmayıblar, hətta ora getməkdən imtina ediblər. Bu da onu gəstərir ki, çiy mexanizmdir. Bunun tətbiqi, funksionallığı ilə bağlı müzakirələr aparılmayıb, real proseslərə necə təsir göstərə biləcəyini heç Ermənistan da bilmir. Ona görə də missiya öz yararsızlığını bir daha təsdiqləyir.
KTMT missiyasına gəldikdə, bununla bağlı həmin qurumun icra strukturlarında müzakirələr gedir. Amma bu missiyanın bölgəyə gətirilməsi qərarı KTMT-nin Ali Şurasında qəbul olunmalıdır. Üzv dövlətlərin başçıları yığılaraq missiyanın Ermənistana göndərilməsi ilə bağlı qərar verməlidir. Vaxtilə KTMT missiyasının Qazaxıstana göndərilməsi qərarı da belə olmuşdu. Bu, təkcə Rusiyadan asılı məsələ deyil.
Hələlik Azərbaycanın bununla bağlı rəsmi reaksiyası yoxdur. İndi Azərbaycan bu missiyanın lüzumsuzluğunu görsə, dost ölkələrlə müzakirələr apararaq, bunun qarşısını ala bilər. Məsələn, Qazaxıstan, Tacikistan, Belarus, Qırğızıstanla. Yəqin ki, bu durumda həmin dost dövlətlər Azərbaycanın narazılığını nəzərə alaraq, bunu etməyəcəklər. Əlbəttə, buna lüzumun olmadığı bəlli olduqdan sonra. Yəni bu da qismən də olsa, bizdən asılı məsələdir.
Ümumiyyətlə, sərhəddəki proseslər delimitasiya və demarkasiya məntiqindən irəli gəlməlidir. Bunun üçün müvafiq komissiyalar işləməlidir, çalışmalarını müəyyən prinsiplər üzərində qurmalıdırlar ki, proses ardıcıllıqla getsin. Qəbul edilmiş qərarların effektliliyini təmin etmək üçün hansısa mərhələdə bir missiyanı regiona gətirmək lazım olsa, yəqin ki, burada etiraz olmayacaq. Amma lazım deyilsə, niyə gəlməlidir?!
Hər halda indi belə missiyaları başqa cür görürük. Ermənistan çalışır ki, bu missiyalarda yer alan dövlətləri Azərbaycanla üz-üzə qoysun. Missiyaların bu məqsədlə bölgəyə gətirilməsi zərərlidir.