Begemotun ağzından salamat çıxan bələdçi həmin qorxunc anların təfərrüatını danışdı - FOTO
15-04-2023, 12:34
Zimbabvedə safari zamanı begemotun dişləri arasından sağ çıxan və qolunu itirən Bələdçi Pol Templer mediada həmin dəhşətli anlarını bölüşüb.
Onun sözlərinə görə qorxunc hadisə Zambezi çayında safaridə olarkən baş verib. Onunla yanaşı, altı turist və üç kursant bələdçi üç kanoe ilə səfər edib.
Əvvəlcə hər şey yaxşı olub. Bir müddət sonra Pol uzaqdan begemot sürüsünü görüb. Kanoelər yavaş-yavaş heyvanlara yaxınlaşıb və bələdçi ehtiyatla onların yanından üzüb keçməyə qərar verib.
“Birdən güclü bir zərbə oldu və mən kanoenin arxa hissəsinin havaya uçduğunu gördüm. Arxada oturan bələdçi Evans çaya yıxıldı”, - deyə o, faciənin ilk anlarını xatırlayır.
Axın Evansı dişi begemot və onun balasına doğru aparırdı, buna görə Pol dərhal köməyə tələsib. O, digər bələdçilərə turistləri təhlükəsiz yerə aparmağı tapşırıb, özü isə kanoeni çevirib axınla batan bələdçiyə doğru yollanıb.
“Bu, Hollivud filmi kimi idi. Mən əyilirəm və Evans əlini uzadır. Barmaqlarımız az qala toxundu. Bu an aramızda olan su sadəcə partladı. Hər şey o qədər sürətlə baş verdi ki, heç nəyi dərk etməyə vaxtım yox idi”.
Bir neçə saniyə sonra Pol özünü begemotun çənələri arasında görüb. Çabalayaraq həyatı üçün mübarizə zamanı o heyvanın ağzından çıxmağı bacarsa da, begemot yenidən onu dişləri arasına alıb, o tərəf-bu tərəfə silkələdiyi üçün isə Pol əlini cibindəki silaha çatdıra bilməyib. Begemot onu bir də buraxanda Pol sahilə doğru üzməyə çalışıb. Lakin quruya çatmazdan əvvəl ağzını geniş açıb yenə ona tərəf üzən begemotu görüb. Bələdçinin sözlərinə görə, bu tamaşanı ömrünün sonuna qədər xatırlayacaq.
Pol yenidən begemotun çənələri arasına düşüb. Dəqiqələrlə davam edən mübarizədən sonra bələdçilərdən biri köməyə çatıb və onu heyvanın dişləri arasından xilas edə bilib.
Yaralı Pol kanoeyə yüklənərək səkkiz saat müddətində xəstəxanaya aparılıb. Bir ay xəstəxana çarpayısında yatan bələdçi bir neçə ağır əməliyyat keçirib. Cərrahlar Polun həyatını xilas edə, həmçinin ayaqlarını və bir qolunu bərpa edə biliblər. Zimbabvedə, ardınca isə İngiltərədə fiziki terapiya kursundan sonra begemotla döyüşdə itirdiyi qolun yerinə ona protez taxılıb. O, yenidən normal həyatına qayıdıb.
Polun sözlərinə görə, Evansın cəsədi hadisədən üç gün sonra çayda tapılıb.
“Bədənində heç bir xəsarət yox idi: çox güman ki, o, sadəcə boğulub”, - deyə Pol bildirib.
Qorxunc təcrübəyə baxmayaraq, Pol baş verənlərin “anomaliya” olduğunu iddia edir və hər kəsə safariyə getməyi tövsiyə edir.
“Əlbəttə, gedin, ancaq yalnız məlumatlı adamla birlikdə”, - deyə Pol xəbərdarlıq edib.
Mənbə: Lenta.ru