Azərbaycan sərhədi və Qarabağı maksimum nəzarət altına almalıdır

18-04-2023, 12:04           
Azərbaycan sərhədi və Qarabağı maksimum nəzarət altına almalıdır
Son günlər baş verən hadisələr, Ermənistan-Azərbaycan sərhədində toqquşmalar İkinci Qarabağ
müharibəsindən sonra iki ölkə arasında sülh sazişinin bağlanmasının mümkün olduğuna əmin
olan hər kəsi məyus etdi. Azərbaycanın Laçın və Ermənistanın Gorus rayonlarının sərhədində
baş verənlər bunun sonuncu belə hal olacağına və gələcəkdə İrəvanla Bakı arasında
problemlərin ancaq sülh yolu ilə həlli ediləcəyinə olan ümidəri dəfn edir. Bu o deməkdir ki, böyük
ehtimalla, biz yenə və yenə qarşılıqlı anlaşılmazlığın dərinləşməsi və bunun nəticəsi kimi lokal
xarakterli yeni toqquşmalarla qarşılaşacağıq. Amma bu kimə lazımdır? Bu cür qeyri-stabil
vəziyyətin davam etməsi kimin maraqlarına xidmət edə bilər?
Press Klubun suallarını siyasi şərhçi, hüquqşünas və ictimai xadim Fuad Ağayev cavablandırıb.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində və Rusiya hərbçilərinin müvəqqəti
məsuliyyət zonasında baş verənlər kənardan idarə edilir. Yəni, ilk növbədə şimal qonşumuz
tərəfindən. Fuad Ağayevin təəssüratı belədir.
“Rusiya Ukraynada uduzmaqda davam etməsinə baxmayaraq, sərhədlərinə yaxın olan digər
bölgələrdə gərginliyi artırmağa cəhd edir. Məqsəd dünya ictimaiyyətinin, böyük dövlətlərin
diqqətinin heç olmasa cüzi bir hissəsini planetin digər hissələrinə yönəltməkdir.
Şübhəsiz ki, Ermənistanda və Qarabağda Rusiyanın tərəfdarları, onun beşinci kolonu var.
Onlarla müqayisədə Azərbaycanda Rusiya Federasiyasının beşinci kolonu xeyli kiçikdir, amma
onun burada ümumiyyətlə fəaliyyət göstərmədiyini söyləmək olmaz. Bakı ilə İrəvan arasında
sülh müqaviləsinin bağlanmasının qarşısını almaq üçün gərginliyin artmasında maraqlı olan
qüvvələr var. Bu müqavilənin konseptual müddəaları artıq ümumən razılaşdırılıb – yəni
Ermənistan ən yüksək səviyyədə Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib.
Qalan hər şey sırf texniki xarakter daşıyır.
Biz görürük ki, əsas məsələ razılaşdırılıb, amma nədənsə hələ də sülh sazişi yoxdur. Həmişə
nəsə onun imzalanmasına mane olur. Ya sərhəddə, ya da Qarabağın Azərbaycanın müvəqqəti
nəzarət etmədiyi hissəsində toqquşmalar olur.
Son hadisələrin Ermənistan tərəfinin təşəbbüsü olması Rusiyanın bu ölkədəki beşinci
kolonunun fəallığının sübutu ola bilər. Bu, tamamilə inandırıcıdır. Ermənistanın hakim dairələri
də hər şeyin erməni tərəfdən başlaması tezisini əslində o qədər də təkzib etmirlər. Yəni, onlar
bu əməllərin cinayət olduğunu etiraf edir və onların Ermənistan Silahlı Qüvvələrində Rusiyanın
nəzarətində olan şəxslər tərəfindən həyata keçirildiyini istisna etmirlər.
Ermənistanın hüquq-mühafizə orqanları bu hadisələri araşdırmalıdır. Amma bu strukturların
indiki halda həqiqətə ortaya çıxarmağa nə dərəcədə hazır olması böyük sual altındadır.
Buna baxmayaraq, Azərbaycan, təbii ki, tutduğu xətti daha da ardıcıl həyata keçirməlidir. Yəni,
biz yenə də sərhəddə nəzarətin qurulmasından danışırıq. Son aylarda bu istiqamətdə müəyyən
irəliləyişlər görmək olar. Lakin mən hesab edirəm ki, bu məsələ qəti şəkildə və birdəfəlik həll
edilməlidir. Yəni, Azərbaycan tərəfindən sərhəddə nəzarətin qurulması sülh müqaviləsinin
imzalanması məsələsini böyük ölçüdə həll edəcək.
Bundan əlavə, Azərbaycan öz torpağında rusiyayönümlü təzahürləri və aktiv tədbirləri
minimuma endirməlidir. Həm sərhəd, həm də Qarabağın Rusiya hərbçilərinin müvəqqəti
nəzarətində olan hissəsi maksimum bizim nəzarətimiz altına alınmalıdır. Bununla paralel
olaraq, Moskvadan hələ də Qarabağda qalan qondarma “Artsax müdafiə ordusunun”
qalıqlarının çıxarılması tələb edilməlidir. Çünki onlar Ermənistan Silahlı Qüvvələrinin yaxşı
silahlanmış, yaxşı təchiz edilmiş bölmələridir və onların Azərbaycan ərazisində olması
üçtərəfli Bəyanatla qəti şəkildə qadağan olunub.
Mən bayaq dedim ki, bizdə Rusiyanın beşinci kolonunun nümayəndələri Ermənistanda
olduğundan qat-qat azdır. Lakin buna baxmayaraq, çox vaxt əsassız olaraq gərginliyin
artırılmasını tələb edənlər var”, – deyə F.Ağayev yekunlaşdırıb.
Rauf Orucov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.