Rusiyadan Ermənistana gözlənilməz iddia: Azərbaycan üçün də təhlükəlidir – Müsahibə
18-04-2023, 11:45
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
TEREF.AZ olaraq onunla müsahibəni təqdim edirik.
- Rusiyadan Ermənistana ərazi iddiası irəli sürülüb. Rusiyalı deputat Yevgeni Fyodorovun fikrincə, Ermənistanın SSRİ-dən çıxması qanunsuz idi. Bu səbəbdən o, Ermənistanı “mübahisəli ərazi” adlandırıb. Sizcə, Fyodorov bununla nə demək istəyir?
- Bu, çox təhlükəli məsələdir. Təkcə ermənilərə yox, həm də bizə mesaj verirlər. Rusiya baxımından belə çıxır ki, bütün sovet respublikaları müstəqilliklərini eyni cür elan edib. Buna görə də təkcə Ermənistanı fərqləndirmirlər. Görünən budur ki, Rusiya yeni təxribat hazırlayır. Bu çərçivədə də Ermənistan üzərindən bir presedent yaratmaq istəyirlər ki, sonradan bu iddianı digərlərinə qarşı irəli sürsünlər, o cümlədən bunu Azərbaycana da deyə bilərlər. Buna uymamalıyıq. Bunun arxasında Rusiyanın siyasi maraqları durur, bu da bizi qane eləmir. Onların deməyiylə deyil, hər kəs öz müstəqilliyini elan edib. Bu da həmin dövlətlərin daxili işidir.
Rusiya SSRİ-nin qanuni varisi kimi önə çıxaraq, öz imperialist planını həyata keçirməyə çalışır. Bu, işğalçılıq siyasətidir. Ona görə də qəbuledilməzdir.
- Nə kimi təxribatlar ola bilər?
- İndi Ermənistanı qorxudurlar. Məqsədləri budur ki, Ermənistan indi tutduğu mövqedən geri çəkilsin. Ermənistan onların şərt və tələblərini qəbul etsə, çətin durum yaranacaq.
Təxribata gəldikdə, Rusiyanın Ermənistana ordusu var. O gün Laçın istiqamətində olduğu kimi, yeni təxribatlar törədilə bilər. İkincisi, bunun Ermənistan daxilində olması da mümkündür. Rusiya Ermənistan daxilində belə bir qarışıqlığın yaranmasında maraqlıdır.
Üçüncüsü, bu, Ermənistan-Azərbaycan qarşıdurması şəklində də ola bilər. Bu da istisna deyil. Bu variantların hər biri həyata vəsiqə qazana bilər.
- Digər yandan, KTMT təlimlərindən imtina edən Ermənistan bu il NATO-nun təlimlərində iştirak edəcək. Bu da Rusiyada ciddi etiraz yaradıb. Moskva buna hansı reaksiyanı verə bilər, İrəvan geri çəkiləcəkmi?
- İrəvanın geri çəkilmək şansı yoxdur. Paşinyan istəyir ki, Rusiya və ABŞ arasında balanslaşdırılmış siyasət yürütsün. Amma Ermənistanın balanslı siyasət yürütmək imkanı və şansı yoxdur. Çünki Ermənistan seçim qarşısındadır, hər ikisi onu məcbur edir.
Ermənistan NATO-ya yaxınlaşmağa çalışır. Amma NATO Ermənistanı təlimə dəvət etməməlidir, çünki İrəvan başqa bir hərbi blokun üzvüdür. Bu durumda həm NATO, həm də Ermənistan tərəfindən beynəlxalq hüquq pozulur. Yəni Ermənistan KTMT-dən çıxmayana qədər başqa bir hərbi bloka qoşulmaq və ya onun hərbi təlimində iştirak etmək hüququ yoxdur.
Burada bir nonsens yaranır, yəni ortada bir hüquqi boşluq var. Ermənistan bu boşluqdan çıxa bilməyəcək. Çünki Rusiyadan Ermənistana hücumların sayı artır. Həm ərazi iddiası gündəmə gətirilib, həm də tələb edirlər ki, Azərbaycanla üçtərəfli bəyanatları yerinə yetirsinlər. Eyni zamanda, Rusiya Ermənistanın qarşısına tələb qoyub ki, Zəngəzur dəhlizi açılmalıdır. Azərbaycanlıların Ermənistana və ya tarixi torpaqlarına qayıtmalarına dəstək verirlər.
Görünən budur ki, Rusiyanın Ermənistana tətbiq etdiyi və edə biləcəyi iqtisadi, siyasi və hərbi rıçaqlar kifayət qədərdir. Ermənistan bu təzyiqə davam gətirə bilməyəcək. Pat vəziyyəti yaranıb, çıxmaza giriblər. Bunun üçün yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsinin bağlanmasıdır, Ermənistanın başqa şansı yoxdur.
- Bəs İranın Zəngəzur dəhlizinə etirazı Rusiya üçün maneədirmi?
- Əslində, Rusiya hələlik İrandan istifadə edir. Digər yandan isə dünyada oyunun qaydaları dəyişir. Rza Pəhləvinin oğlunun İsrailə səfəri, orada Holokostla bağlı mərasimə qatılması, bundan əvvəl İrandakı bəhailərə müraciət etməsi və “İran nüvə silahı əldə etməməlidir” bəyanatını verməsi diqqət çəkir. Görünən budur ki, Pəhləvinin oğlu bir layihədir. İranda növbəti inqilab hazırlanır.
Zəngəzur dəhlizinə gəldikdə, dediyim kimi, Rusiya İrandan istifadə edir. Yəni İranın bu dəhlizin açılmasının qarşısını almaq üçün nə gücü, nə də bu məsələnin ona dəxli var. İran başa düşümür ki, o, Ermənistana keçid dövrü üçün lazımdır. Sabah lazım olsa, İrandan birinci Ermənistan üz döndərəcək. Heç olmasa, bir tarixə baxsınlar. Vaxtilə Ağaməhəmməd Şah Qacar və Nadir Şahın yanında olan ermənilər onların taxt-taclarını ruslara satmışdılar. Bu haqda fikirləşsələr yaxşı olar.
Layihə Rusiyanındır, İran bunu icra etmək istədi, amma bacarmadı, üz-gözünə bulaşdırdı. İrana ağıllı taktika lazım idi, amma oradakıların hamısı bozbaş molla səviyyəsində fikirləşir.
- Rusiya xüsusi təyinatlılarının Ermənistandakı təlimləri də diqqət çəkir. Bəs bu təlimlər kimin əleyhinədir: bizim, yoxsa Ermənistana müşahidə missiyası göndərən Qərbin?
- Əslində, Ermənistan ikisinin əlində qalıb. Avropa Birliyi ilə heç nə edə bilmədilər. İndi bir tərəfdən ABŞ, digər yandan da Rusiya onları oyuna çəkir. Məsələnin Azərbaycanla əlaqəsinə gəldikdə, Rusiyanın onsuz da müvəqqəti də olsa, Qarabağda hərbçiləri var. Yəni istənilən vaxt Azərbaycana qarşı təxribat törətmək imkanlarına malikdirlər. Ona görə də bu mesaj daha çox Ermənistanın yanında olmaq istəyən Avropa qüvvələrinə aiddir. Çünki artıq “mülki missiya” adı altında gəlib Ermənistanda oturublar.
Ermənistan öz-özünü o qədər dolaşığa salıb ki, indi bunun içindən çıxa bilmir. Ermənistan nə istədiyini də bilmir. Bir dövlət nə qədər istədiyini bilmir, ona çıxış yolu göstərmək mümkünsüzdür. İndi Rusiya nə qədər təlim keçirir-keçirsin, Ermənistanın nə hazır taktikası, nə də strategiyası var. Ona görə də, bunların hamısı siyasi-hərbi təxribat görüntü yaratmağa xidmət edir, hələlik başqa bir şey deyil.
- Bölgədə mürəkkəbləşən proseslər Azərbaycana nə vəd edir? Xüsusən də Qarabağla əlaqəli qalan məsələlərin həlli və Ermənistanla sülh danışıqları baxımından...
- Qarabağla bağlı durumumuz kifayət qədər müsbətdir. Azərbaycanın yürütdüyü xarici siyasət kifayət qədər uğurludur. Ermənistan da dalbadal törətdiyi təxribatlarla özünü lap çətinə salıb. Hələlik Azərbaycan üçün bir problem yoxdur. Çünki Azərbaycan hər şeyi taktika ilə, yavaş-yavaş həyata keçirir. Bəzi məsələlərin həlli üçün müəyyən vaxt lazımdır. İndi Azərbaycanın vaxt limiti də qurtarır.
Ermənilərin az vaxtı qalır, bundan o tərəfə zaman yoxdur. İnanmıram ki, bu məsələlərin həlli yaxın iki-üç ayı keçsin. Azərbaycan öz addımını atacaq. Necə bir addım atacağını deyə bilmərəm, ən azı antiterror əməliyyatı keçirəcək. Bu da Ermənistana yaxşı heç nə vəd eləmir.