Rusiyanı oyundan çıxarır: Paşinyandan “hə” gedişi – Oyun dəyişir
19-04-2023, 00:05
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Asim bəy, Ermənistan tərəfi son dövrlər ardıcıl olaraq təxribatlara əl atır. Eyni zamanda Rusiyanın da vasitəçilik missiyasına qarşı bu ölkədə bir imitasiya formalaşıb. Azərbaycan və Rusiyanı prosesdən uzaq saxlamaqla Ermənistan nəyə nail olmaq istəyir?
- Ermənistan hər gün bir-birinə zidd bəyanatlar verir. Bu ölkə gah Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və heç bir iddialarının olmadığını deyir, gah da hərbi təxribatlara əl ataraq gərginlik yaradır. Çox güman ki, bu cür çaşbaşlıq Ermənistanın daxilində də mövcuddur. Ermənistan hakimiyyətinin qorxusu odur ki, onlar hakimiyyətdən devrilə bilər. Çünki Ermənistan tarixində bu cür hal dəfələrlə baş verib. Vaxtilə Ermənistanda analoji hərbi çevriliş və qətlimalar olub. Ona görə də, indiki Ermənistan iqtidarı ümumigeosiyasi vəziyyəti, Rusiya-Ukrayna müharibəsinin necə qurtaracağını gözləyir. Belə olan halda Ermənistan özü üçün yeni bir havadar tapmağı düşünür. Bu vəziyyət də yekunda Ermənistanın siyasətinin müəyyənləşməməsini göstərir. Sülhə hazır olmadıqları halda müharibə aparmaq imkanları da yoxdur. Məhz bu vəziyyətdə də Ermənistan hakimiyyəti gözləmə mövqeyi seçir. Ona görə də, ara-sıra bu cür mənasız bəyanatlarla Ermənistanda ictimai rəyi çaşdırmağa çalışırlar.
- ABŞ-ın fəallığı fonunda prosesdə hansısa irəliləyişə nail oluna bilərmi? Avropa İttifaqının ardınca Vaşqintonun bu aktivliyi nə ilə bağlıdır?
- Sözsüz ki, Ermənistan danışıqlar məsələsində hamıya “hə” deyir. Bu ölkə Avropa Birliyinə, Rusiyaya, ABŞ-a, İrana, Hindistana imkanı olsa idi, Aya da bir nümayəndə göndərib oradan dəstək umardı. Sadəcə olaraq onların heç bir sözünün arxasında konkret iş durmur. Onlar hansısa məqam üçün gözləmə mövqeyindədir. Bunun fonunda Ermənistan hansısa bir nəticə üçün addım atmağa hazır deyil.
- Ermənistanın İran vasitəsi ilə bölgəyə üçüncü qüvvələri gətirmək kimi absurd fikirləri yayılıb. Bu nə dərəcədə real yanaşmadır?
- Ermənistan indiki halda çalışır ki, hansısa gözəgörünməz, Marsdan gəlmiş bir qüvvə onları xilas etsin. Amma belə bir qüvvə yoxdur. Ermənistanın yeganə çıxış yolu Azərbaycanla sülh sazişini imzalamaqdan ibarətdir. Eyni zamanda Azərbaycanla sərhəd xəttlərinin müəyyənləşdirilməli, delimitasiya və demarkasiya prosesləri həll edilməlidir. Həmçinin ərazi iddiaları və milli nifrətə son qoyulmalıdır. Bütün bunların fonunda Ermənistan normal bir dövlətə çevrilmək üçün addım atmalıdır. Sadəcə olaraq erməni tərəfi qorxu halında təxribatlara əl atmaqla kifayətlənməli olur.
- Əsir götürülmüş Azərbaycan hərbçilərinə erməni tərəfi cinayət işi açdığını elan edib. Amma müharibədən əvvəl və sonrakı dövrdə hava şəraitinə görə Azərbaycan tərəfinə keçmiş erməni hərbçiləri dəqiqləşmələrdən sonra ölkəsinə təhvil verilib. İndiki halda Ermənistanın bu addımları atmaqda məqsədi nədir?
- Erməni tərəfi bu cür addımlarla gələcək danışıqlar üçün özlərinə zəmin hazırlamağa çalışır. Əslində Ermənistanın məğlub ölkə kimi yeganə çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaqdan asılıdır. Eyni zamanda erməni tərəfi belə oyunlarını bundan sonra da davam etdirsə, bu, onlar üçün faciə ilə bitə bilər.