“Asif, Vasif, Ağasif” filminin Asifi: - “Bütün ailəm mənimlə birlikdə xristian dinini qəbul edib...”
21-04-2023, 10:53
““Asif, Vasif, Ağasif” filmini rejissor Rasim İsmayılov 1983-cü ildə çəkib. Kino bir ailənin məişət həyatını əks etdirir. Bir gün qonşumuz gəlib valideynlərimə dedi ki, “film çəkirlər, televiziyada elan olunub, nə əcəb Emili ora aparmırsınız?”. Atam icazə vermədi, dedi ki, “otur evdə, kimə lazımdır film?”. Anam gizlin şəkildə bibimdən xahiş etdi ki, məni aparsın. Nə olar, olar. Bibimlə kinostudiyaya gəldik. Mühafizəçi bizi görən kimi dedi ki, gecikmisiniz. Artıq baş rol üçün uşaqlar seçilib. Dedi ki, Rasim İsmayılov yarım saata işdən çıxacaq, istəyirsinizsə gözləyin. Gözlədik, birdən Rasim İsmayılov içəri daxil oldu. Rasim müəllim də çox gecikdiyimizi bildirdi. İsti hava idi, mənim də 5 yaşım var idi. Qəfildən dedim ki, “mən su içmək istəyirəm”. Rasim İsmayılov mühafizəçiyə tapşırdı ki, su gətirsin. Suyu mənə uzadanda onu bibimə verdim. Bu hərəkətim Rasim müəllimin çox xoşuna gəldi. Dedi ki, “bir şeir əzbərləyib, sabahı gün yanıma gəlin”. Mən də elə etdim. Şeir əzbərləyib gəldim və kastinqdən keçdim. Film yenidən mənim obrazım Asiflə çəkilməyə başladı”.
TEREF.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında “Asif, Vasif, Ağasif” filminin balaca qəhrəmanı Asif-Emil Pənahov deyib.
“Filmə çəkilmək həm maraqlı, həm də böyük məsuliyyətdir. Filmdə maraqlı səhnələr çox idi. Bir səhnə var ki, balığı götürüb, ağlamalıyam. Çimdiklədilər, acı söz dedilər amma ağlamadım. Ağasif rolunu Hökümə adlı qız oynayırdı. Onun anası divarın arxasından açarları silkələyərək dedi ki, “yazıq Emil, bibisi çıxıb getdi, bütün gecəni burada təkbaşına qalacaq”. Bu sözü eşidən kimi balığı götürüb, ağlamağa başladım. İndi məni sakitləşdirə bilmirlər. Rasim müəllim da o dəqiqə kadrı tutdu. Diqqətlə fikir versəniz mən orada deyirəm ki, “indi məni evə kim aparacaq?”. Film təqdim olunandan sonra məktəbdə məni barmaqla göstərirdilər ki, balıqlara görə ağlayan uşaq (gülür). Uşaq idik, bir-birimizlə söhbət edib, dalaşırdıq. Ən gülməli bir şey olmuşdu. Bilirsiniz ki, Ağasifi oynayan Hökümə adında qız idi. Bir gün qız gəlib dedi ki, “mən qızam, oğlan rolu oynayıramsa, siz də yüzdə-yüz qızsınız”. Biz ağlamağa başladıq ki, “xeyr, biz oğlanıq”. Ona sübut etmək üçün hətta tez-tələsik şalvarımızı aşağı da çəkdik (gülür). Vasif rolunun ifaçısı Ramin Aslanovla bir dəfə illər sonra görüşdük. Ağasif rolunun ifaçısı Hökümə xanım isə Amerikada yaşayır” deyə sənətçi bildirib.
Emil Pənahov obrazına görə ona ödənilən qonorardan da danışıb.
“Filmə çəkiləndən sonra evin kişisi oldum (gülür). Evə kişi-kişi gəlmişdim ki, pul qazanmışam. Babam məni hamıya örnək göstərirdi. Bibilərimə, atama, əmilərimə deyirdi ki, “nəvə belə olar, 5 yaşından pul qazanır”. O vaxt 60-90 manat arası idi maksimum əmək haqqı. Mən 250 rubl, yəni 6 ayın maaşını birdən almışdım. Filmin təqdimatı olanda mənə də hədiyyə vermişdilər. 30 yaşıma kimi filmə çəkilməyimi heç kimə deməmişəm. Uşağım olandan sonra oturub qızımla filmə baxdım və həmin filmdəki uşağın onun atası olduğunu bildirdim. Amma hər zaman kimsə məni satırdı. Heç kimə deməməyimin səbəbi kompleksimlə bağlı idi. Hal-hazırda Mahnı və Rəqs ansambılında çalışıram” deyə sənətçi bildirib.
Emil Pənahov xristian dinini qəbul etməsini belə izah edib.
“Hazırda “Vineyard Azərbaycan” xristian icmasının rəhbəriyəm. Müsəlman ailəsində anadan olmuşam, gözümü açıb evdə namaz qıldıqlarını görmüşəm. Uşaqlıqda məni məscidlərə, pirlərə aparırdılar. Mən də hər zaman maraqlanırdım ki, biz nə edirik, bu nədir? Nənəm-babam məni başa salırdı ki, Allaha ibadət edirik. Anam-atamsa sovet dövrünün adamları idi, buna çox da ciddi yanaşmırdılar. Böyüdükdən sonra özüm maraqlanmağa başladım. 1989-cu ildə məni bir rus toyuna dəvət etdilər, kilsədə nikah mərasimi oldu.
Kilsənin içərisində böyük hərflərlə yazılmışdı: “Allah sevgidir”. Bu söz məni tutdu. Maraqlanmağa başladım. Sevgi anaya, qıza olar, bəs bu nə sevgidir? O vaxta qədər isə namaz qılırdım, Qurani-Kərimi sonuncu kitab bilib ona üstünlük verirdim. Quranı oxuyanda Tövrat, İncil, Zaburda yazılanları gördüm, üstəlik heç nə başa düşmədim. Təsəvvür edin ki, uşağı 1-ci sinfə qoyurlar, amma 10-cu sinfin kitabını verirlər. Çoxları belədir, Quranı oxuyur, lakin heç nə başa düşmür. Lakin mən öz-özümə dedim ki, gözlərim, qulaqlarım var, araşdıracam, qoy, kiminsə imanı yox, öz imanımda qalım. Yaradılışın necə başlaması, insanların bu vəziyyətə necə düşməsi ilə maraqlandım. Bütün dini kitabları oxudum, İncilə gəlib çatanda İsa Məsihin kim olduğunu gördüm və bütün dini kitabların İncil əsasında yazıldığını gördüm. İsa Məsihin sözləri var: mən son və axırıncıyam. Bu sözü oxuyandan sonra başa düşdüm ki, mən bu dində olmaq istəyirəm. Həqiqəti gördüm və həyatımı bu dinə bağladım. - Çox çətinliklər çəkdim. Elə bir ölkədə yaşayırıq ki, bunu elə-belə edə bilməzsən. Mən qorxmadım, çünki sabah Rəbbin qarşısında insanlar mənə tərəf dura bilməyəcəklər, mən özüm cavab verəcəyəm. Kimdən qorxmağın lazım olduğunu başa düşdüm. Allahdan, günahdan, yalandan qorxmalıyam. Xristianlığı qəbul etdiyimə görə mənim əleyhimə yazılar yazıldı. İnsanlar da ağızlarına gələni yazırdılar. Ailə üzvlərim də mənimlə bərabər xristian dinini qəbul ediblər, kilsədədirlər” deyə Emil Pənahov deyib.