Oqtay Qasımovdan Anar Əsədlinin həbsi ilə bağlı ŞOK AÇIQLAMA: "Bilirdim ki..."
22-04-2023, 08:29
Xəbər verdiyimiz kimi, Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.
Anar Əsədli dələduzluqda təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb.
Anar Əsədli bir müddət əvvəl də tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.
Mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov Anar Əsədlinin həbsi ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, o, bu gün üzləşmədə iştirak edib:
"Bir az öncə öyrəndim ki, Anar Əsədli saxlanılıb. Şikayət edən şəxslərdən biri mən olmuşam. Məndən başqa Zəngilan rayonunun keçmiş icra başçısı İlham Hüseynov olub. Bildiyim qədərilə, istintaqın gedişində əlavə nüanslar da ortaya çıxıb, faktlar, əlavələr olub. Bu gün artıq həbs qətimkan tədbiri seçilib. Anar Əsədli vaxtilə iş görmək adı ilə məndən külli miqdarda vəsait götürüb, sonra məlum olub ki, bizi aldadıb, pulu mənimsəyib. Pulu geri qaytarmaqdan imtina etdiyinə görə mən 2022-ci ilin oktyabrında onun hərəkətləri barəsində hüquq-mühafizə orqanlarına müraciət etmişəm. O dövrdən bu vaxta qədər araşdırma-təhqiqat aparılıb. Bu gün artıq bir mərhələ başa çatıb.
DİN-in müvafiq qurumları mənim müraciətimə dərhal reaksiya verdilər. Operativ şəkildə istintaq hərəkətləri başladı. Bilirdim ki, məndən başqa da xeyli adama qarşı belə hərəkətlər edilib. Sadəcə olaraq onların bir çoxu müəyyən səbəblərdən hüquq-mühafizə orqanlarına müraciət etməmişdilər. Bu müddətə qədər çox diqqətlə araşdırma aparılıb. İstintaqın gedişi ilə bağlı mənə rəsmi məlumat da verilib. Bu gün mən də üzləşməyə dəvət olunmuşdum".