Paşinyanın demədiyi “B”: Onu əks etdirən sənədə imza atmalıdır... - Prosedə “U” dönüşü
22-04-2023, 12:17
Politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elxan bəy, Prezident İlham Əliyev Ermənistana, separatçılara son xəbərdarlığı etdi. Sizcə, Azərbaycanın şərtlərini qəbul etməsə, Ermənistanı hansı aqibət gözləyir? Sülhlə bağlı tərəflərin konkret mövqeyi necədir?
- İndiki halda tərəfləri sülhə yaxın hesab etmək olmaz. Çünki Prezident İlham Əliyev də haqlı olaraq vurğulayır ki, “A” deyib, “B” demirlər. Bu da o deməkdir ki, Nikol Paşinyan son çıxışında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaq zərurətini bir daha səsləndirib. O əvvələr də bu fikri səsləndirmişdi. II Qarabağ müharibəsindən sonra biz bu cür açıqlamaları eşitmişik. Paşinyanın demədiyi “B” isə odur ki, o, Qarabağı Azərbaycan ərazisini kimi tanıdığını bəyan etməlidir. O sadəcə olaraq addım atmır, qorxur, yenə də öz mövqeyindən geri çəkilir. Ötən gün Paşinyan yenə də açıqlama verib ki, sözlərim düzgün anlaşılmayıb. Yəni, Paşinyan verdiyi açıqlamadan bir gün sonra imtina edirsə, burada normal yanaşmadan söhbət gedə bilməz. Bu halda sülh sazişinin imzalanması perspektivi o qədər də yaxın görünmür.
- Azərbaycan üçün əsas olan nədir?
- Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir. Bununla yanaşı Qarabağı da Azərbaycan ərazisi kimi tanıdığını bəyan etməlidir. Amma Nikol isə yenə də Qarabağla bağlı hansısa beynəlxalq təminatdan danışır. Halbuki, Azərbaycan tərəfi dəfələrlə deyib ki, bizim daxili işlərimizə qarışmayın. Ermənistan tərəfi müharibədə məğlub olub. Azərbaycan da öz daxili məsələlərini özü həll edəcək. Qarabağda olan erməni əsilli insanlar da Azərbaycan qanunlarına tabe olub yaşamalıdırlar. Ölkə başçısının da vurğuladığı ki, onlar bu şərtlərlə yaşamaq istəməyəcəklərsə çıxıb getməli olacaqlar. İndiki halda erməni tərəfi bununla bağlı da hay-küy salıb. Az qala bu yanaşmanı etnik təmizləmə kimi qələmə verməyə cəhd edirlər. Sağdan-soldan açıqlamalar eşidilir. Hətta erməni katalikosu da Paşinyanı açıq şəkildə hədələyib.
- Bunlar bizi nə dərəcə maraqlandırır?
- Təbii ki, erməni tərəfi sülh sazişi ilə bağlı özləri qərar verməlidir. Qəti qərar isə odur ki, onlar Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdırlar. Bu olmadığı halda sülhə yaxınlaşmaq mümkün olmayacaq. Əslində bu bizi o qədər də narahat etməməlidir. Azərbaycan üçün əsas məsələ Qarabağla bağlıdır. Çünki yerdə qalan ərazilərdə separatçıları tərkisilah edib orada öz qanunlarımızın işləməsini təmin etməliyik.
- Zəngəzur dəhlizi ifadəsi əvəzinə “Ermənistan kəsişməsi” termini ortaya atılıb. Bu hansı məntiqə əsaslanır?
- Paşinyan belə bir icadlar uydurub. Zəngəzur dəhlizi adını işlətməmək üçün bunu “Ermənistan kəsişməsi” adlandırmağa başlayıblar. Amma Paşinyan onu da etiraf edir ki, Azərbaycanın bölgədə yeri və rolu artıb, o enerji və nəqliyyat xəttlərinin başlıca ölkəsinə çevrilib. Əslində Nikol erməni cəmiyyətinə işarə edir ki, Ermənistan da bundan öz payını götürməlidir. Belə olduğu halda da o Zəngəzur dəhlizini “Ermənistan kəsişməsi” kimi qələmə verməyə çalışır. Məsələ isə ondan ibarətdir ki, bu dəhlizin açılmasında bir çox ölkə maraqlıdır. Azərbaycan, Türkiyə, Mərkəzi Asiya, Çinin də burada öz maraqları var. Eyni zamanda burada Çinlə bağlı bir müəmma mövcuddur. Çünki Çinin Ermənistanla da sıx münasibətləri var. Bu yaxınlarda Çinin Ermənistandakı səfiri deyib ki, əlaqələri daha da genişləndirəcəyik. Amma Çin özü də Zəngəzur dəhlizinin işləməsində maraqlıdır. Çünki Çin mallarının bir hissəsi də bu yoldan keçəcək. Sadəcə olaraq Çin hələ ki, bu istiqamətdə Ermənistana heç nə demir. İran isə bu prosesi mümkün qədər əngəlləməyə çalışır. Rusiya prosesdə maraqlı olduğunu bildirsə də, Çin kimi Ermənistana təsir etmir. Ona görə də, bu məsələ hələ ki yubanır. Bütün bunların fonunda qısa zamanda Zəngəzur dəhlizinin açılmasına da optimist yanaşmaq olmur.
- Sülh sazişinin imzalanması uzanır. Bu məsələdə kənar təsirlərin rolu hansı səviyyədədir? Sülhü istəyən və istəməyən tərəflərin bölgə ilə bağlı maraqları nədən ibarətdir?
- Sülh sazişinin imzalanmasını uzadan Paşinyan nəyəsə ümid edir. Sərhədlərin dəqiqləşməsindən boyun qaçırır. Amma bu da bizi narahat etməməlidir. Ermənistanla sərhəd boyu bütün strateji yüksəkliklər Azərbaycanın nəzarəti altındadır. Hazırda Azərbaycanın əsas məqsədi Laçın istiqamətində ölkə ərazisinə girişdə sərhəd-keçid məntəqəsinin yaradılmasından ibarətdir. Bundan sonra bölgədə qalmış separatçılara daha çox təzyiq edilmiş olacaq. Ona görə də, bu baxımdan sülhün gecikməsi ilə bağlı Azərbaycan üçün hansısa bir problemin olacağı inandırıcı deyil.
- ABŞ-ın son dövrlər bölgə ilə bağlı fəallığı nəzərə çarpır. Avropa İttifaqının missiyasını ölkəsinə çağırandan sonra Paşinyan Amerikanın əli ilə hansı addımı atmaq həvəsinə düşüb?
- Paşinyan Avropa İttifaqının missiyasını Azərbaycanla təmas xəttinə dəvət etdi. İlkin olaraq 200 nəfər heyət üzvü gəlib sərhəddə yerləşməli idi. Amma Azərbaycanla yaşanan son insidentdə Avropa İttifaqının missiyası prosesə hansısa bir formada qarışmadı. Onlar prosesləri sadəcə olaraq kənardan izlədi. Əslində bu doğru addım idi. Sözsüz ki, bu da Paşinyanı narazı saldı. Çünki onları Ermənistana Paşinyan dəvət etmişdi. Paşinyan güman edirdi ki, əgər Avropa missiyası təmas xəttində yerləşəcəksə onların arxasından Azərbaycana gülə atılan zaman biz onlara cavab verməyəcəyik. Bu, Paşinyanın gümanı idi. Amma proseslərin gedişindən göründü ki, Avropa missiyası bu prosesə heç bir halda qarışmadı. Görünən odur ki. Avropa İttifaqı Azərbaycanla münasibətləri gərginləşdirmək istəmədi. Paşinyan da məhz bundan məyus olub. Onun digər məyusluğu erməni cəmiyyətinin reaksiyası ilə bağlıdır. Çünki erməni ictimiyyəti Paşinyana Avropa missiyasının heç nəyə yaramaması ilə bağlı ittihamlarla çıxış edir. İndiki halda ABŞ-ın burada fəallığı isə başqa amillərlə bağlıdır. Amerika üçün əsas Azərbaycanla Ermənistan arasında sülhün imzalanmasıdır. Bu Azərbaycanın və Ermənistanın da maraqlarına cavab verir. Ona görə də, Paşinyanın son açıqlamalarında ABŞ-ın da pozitiv rolunu xüsusi ilə qeyd edə bilərik. Məhz ABŞ diplomatlarının Ermənistana səfərlərindən sonra Paşinyan parlamentdəki çıxışında Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində olduğunu açıqladı. Görünən odur ki, Vaşinqton bu prosesi genişləndirməyə çalışacaq. Hətta növbəti görüşün Vaşinqtonda keçirilməsi ilə bağlı da fikir mübadiləsinin aparıldığı bildirilir. Təbii ki, bu faydalıdır. Amma bu da görüş xatirinə olmamalıdır. Azərbaycan tərəfi Ermənistandan konkret addım gözləyir. Əgər Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu deyirsə, zəhmət çəkib gəlib masada oturub həmin o cümləni əks etdirən sənədə imza atmalıdır. O isə bunu etməkdən qorxur. Bilir ki, Azərbaycanın ərazi bütövlüyünü Qarabağla birgə tanımalı olacaq. O Qarabağla bağlı müxtəlif fikirlər söylədiyinə görə isə bu proses də uzanır.
- ABŞ-ın fəallığı fonunda Rusiya KTMT-nin Azərbaycan-Ermənistan sərhədinə gəlməsinə razılıq verdiyi bildirilir. Bu necə mümkün olacaq? Sərhəddə Avropa missiyası varsa, KTMT burada necə yer alacaq?
- Sözsüz ki, indiki halda proseslərin gedişində Paşinyan Rusiyanın təzyiqi ilə üzləşməli oldu. Ona görə də, Paşinyan bu yaxınlarda açıqlama verdi ki, KTMT-nın təmas xəttində yerləşməsinə etiraz etmir. Onun dediyinə görə, təmas xəttində Avropa missiyası ilə yanaşı KTMT-də olacaq. Bunun necə olacağı da suallar yaradır. Fakt odur ki, hazırkı şəraitdə KTMT-də Ermənistanın problemlərini həll edəsi deyil. Çünki bu təşkilatdakı dövlətlərin Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Qazaxıstan, Qırğızıstan, Belarusiya, Rusiyanın öz ilə də Azərbaycanın normal münasibətləri mövcuddur. Onlar gəlib Azərbaycanla təmas xəttində yerləşməli olsalar belə bizə problem yaratmayacaqlar. Sadəcə olaraq əgər erməni tərəfi KTMT-nin də arxasından bizə güllə atacaqsa, bunun da cavabı veriləcək. II Qarabağ müharibəsində olduğu kimi KTMT bu məsələlərə qarışmayacaq.