“Üzeyir bəyin güllələnmiş heykəlini öpürdüm, çünki gözündən güllə dəymişdi...”

24-04-2023, 16:26           
“Üzeyir bəyin güllələnmiş heykəlini öpürdüm, çünki gözündən güllə dəymişdi...”
“Üzeyir bəyin güllələnmiş heykəlini öpürdüm, çünki gözündən güllə dəymişdi...”
“Milli musiqimiz Üzeyir Hacıbəyovla bağlıdır. Rəhmətlik Süleyman Ələsgərov deyirdi ki, “biz hamımız Üzeyir bəyin çörəyini yeyirik”. Bu həqiqətən də belədir. Üzeyir bəy tək bəstəkar yox, həm də böyük şəxsiyyət idi. Deyərdim ki, Üzeyir bəy bizim musiqimizin peyğəmbəridir. O olmasaydı bizdə heç bəstəkar məktəbi də olmazdı. Bir çox dahi bəstəkarlarımız onun məktəbinin yetirmələridir. Bilirsiniz ki, Bülbülün, Natəvanın və Üzeyir bəyin heykəlləri işğaldan sonra gətirilib Bakıdakı İncəsənət mueyində saxlanılırdı. Mən həmişə ora gedəndə Üzeyir bəyin heykəlini öpürdüm. Çünki orada gözündə erməni gülləsi var idi. Şükürlər olsun ki, o heykəllər də artıq öz yerlərinə, doğma torpaqlarına qayıtdılar. Artıq Üzeyir bəyin ruhu da şaddır. Mənim üçün bundan böyük xoşbəxtlik, həyatda yaşamaq üçün stimul ola bilməz. Şuşa ilə bağlı arzularım çoxdur, inşallah ki, hamısı həyata keçər”.

TEREF.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.

“Çox istərdim ki, orta məktəblərdə musiqimiz, ədəbiyyatımız, incəsənətimiz təbliğ olunsun. Əgər məktəbli, şagird Üzeyir bəyin kim olduğunu bilmirsə, demək ki, vaxtilə ona düzgün təbliğ olunmayıb. Uşaqları məktəbə həvəsləndirmək lazımdır. İndiki uşaqların bir çoxu heç məktəbə getmək istəmir, bəhanə axtarırlar ki, məktəbə getməsinlər” deyə sənətkar bildirib.

Sənətkar Şuşa ilə bağlı arzularından da danışıb.

“Qələbədən sonra soyuq bir müharibə başlayıb. Düşmən hələ də məkrli siyasətindən əl çəkmir. Ordumuz, hərbçilərimiz, əsgərlərimiz öz sözlərini dedilər, indi sıra incəsənət nümayəndələrində, mədəniyyət xadimlərində, adi insanlardadır. Biz hamımız bir yumruq kimi torpağımızı bərpa edib, ora köçməliyik. Ümid edirəm ki, orada musiqi məktəbimiz olacaq. Çünki Şuşa musiqi ilə daim bağlıdır. Şuşada ustad dərsləri keçirmək lazımdır. Qısa zaman ərzində Şuşa görürsünüz də necə bərpa olunur?! Bunu yalnız bizim ölkəmiz, cənab prezidentimiz edə bilərdi” deyə xalq artisti bildirib.

Sənətkar bildirib ki, daim musiqi ilə məşğul olur.

“75 yaşı adlamağıma baxmayaraq çalışıram ki, bu gün özüm də pianoda ifa edim, musiqi ilə vaxtaşırı məşğul olum. Musiqi məni formada saxlayır. Bu həqiqətən çətin sənətdir. Vaxtilə elə əsərlər oldu ki, onlara müraciət edə bilmədim. Çünki 1990-cı illər idi, biz ciddi sənətlə məşğul ola bilmirdik. Çox xoşbəxtəm ki, Murad Hüseynov, Murad Adıgözəlzadə, Əziz Mustafazadə, İsfar Sarabski kimi pianoçu tələbələrim var. Demək ki, bu məktəb davam edir. Bu yol mütləq davam etdirilməlidir. Hamımız dünyadan köçəcəyik, bizdən sonra bir məktəb qalacaq” deyə xalq artisti bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.