"Ukrayna üçün ən böyük uğur da elə budur..." - Ərəstun Oruclu
26-05-2023, 09:17
Teref.az siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclunun hafta.az-a müsahibəsini təqdim edir:
- Ukraynanın Baxmut cəbhəsindən zıddiyyətli xəbərlər gəlməkdə davam edir. Rusiyanın Belqorod vilayətinin isə “Rusiya azadlıq ordusu” tərəfindən azad olunmasından danışılır. Moskva üzərində həmin qurumun bayrağı da görünüb. Sizcə, Rusiya-Ukrayna savaşında sərt dönüş başlayıbmı?
- Baxmut ətrafında gedən döyüşlər faktiki olaraq Rusiya ordusunun, ən azı, Ukraynanın şərqində fəaliyyət göstərən, əməliyyatlar aparan hissəsinin tükənməsi ilə nəticələndi. Belə ki, işğalçı ordu həmin istiqamətdə bütün müharibəboyu verdiyi itkilərin bəlkə də 70-80 faizini verib. Eyni zamanda, Baxmut döyüşləri Rusiyanın daxilində də bir gərginlik yaratdı. Məsələn, “Vaqner” özəl hərbi şirkəti ilə Müdafiə Nazirliyi arasında. Təbii ki, “Vaqner” də bu məsələdə Kremli təmsil edir. Nəticə etibarilə başqa bir hadisə baş verdi. Həmin istiqamətdə Rusiya ordusunun zəifləməsi ona gətirib çıxardı ki, artıq Ukrayna Silahlı Qüvvələri Rusiyanın daxilinə, xüsusilə də Belqorod və bir qədər də Kursk vilayətinə müdaxilə etməyə başladı. Əlbətttə, bu, birmənalı olaraq Rusiyanın daxili siyasətinə təsir edən amildir və artıq öz fəsadlarını göstərməkdədir. Məsələ burasındadır ki, həmin o “Rusiya Azadlıq Ordusu” deyilən xüsusitəyinatlılar, - onların arasında diversantlar və partizan müharibəsi apara bilən döyüşçülər var, - artıq Rusiya ərazisinə keçiblər. Bu olay hər bir halda Rusiyanın daxili siyasətinə, Putinin vəziyyətinə, Kremlin durumuna birmənalı şəkildə təsir edəcəkdir. Bu təsirin də ilk əlaməti ondan ibarət olacaqdır ki, müxtəlif qurumlar arasında çəkişmələr başlayacaq, konfliktlər dərinləşəcək. Məsələn, “Vaqner”lə Müdafiə Nazirliyi arasında olduğu kimi... Bu isə Rusiyanın ümumi məğlubiyyətinə aparan yoldur və təbii ki, son nəticədə Putinin siyasi çöküşünə yol açacaqdır. Bu, qaçılmazdır...
- Aylardır, Ukraynanın genişmiqyaslı əks-hücumundan bəhs edilir. Amma bu, hələ də başlanmır. Sizcə, buna mane olan əsas amillər hansılardır?
- Ukraynanın genişmiqyaslı əks-hücuma başlamamasının səbəblərinə gəldikdə, birincisi, ümumiyyətlə, Ukrayna hərbi-siyasi komandanlığının belə bir hücum planı yoxdur. Ona görə ki, əks-hücuma keçmək faktiki olaraq müharibənin miqyasını böyütməkdir. İndiki resurslarla Ukraynaya bu lazım deyil. Biz görürük ki, Ukraynanın silahlandırılması mərhələli şəkildə gedir: əvvəlcə bir növ silahları verirlər, sonra tanklar, daha sonra raketlər, ardınca təyyarələr... Genişmiqyaslı əks-hücum yalnız o zaman mümkündür ki, bütün bu silah növləri ilə Ukrayna ordusu tam təchiz olunsun. Həmin silahların idarə olunması üzrə təlimlər keçirilsin və onların nətisəsi ortaya qoyulsun. Bundan sonra da bir əks-hücum, döyüş planı hazırlansın. Bunun əlamətləri görünmür. Görünən odur ki, mərhələli şəkildə Ukraynaya silahlar verilir və bu silahların verilməsi də hər dəfə Rusiya ordusu və dövləti üçün müəyyən sürprizlər yaradır. Ukrayna Rusiyaya qarşı daha çox üzücü bir müharibə taktikası həyata keçirir. Genişmiqyaslı əks-hücum haqqında söhbətlər isə çox güman ki, ya dezinformasiyadır, ya da növbəti mərhələ üçün nəzərdə tutulub. Çox güman ki, belə bir əks-hücum kampaniyası gələcəkdə ola bilər. Dediyim kimi, heç olmaya da bilər. Faktiki olaraq bu gün müharibə Rusiyanın ərazisinə keçməkdədir. Belə olduğu halda, hansısa əks-hücuma ehtiyac varmı? Zənnimcə, yox... Düşmənin arxa cəbhəsində destablizasiya yaratmaq özü elə ən ciddi taktikadır. Və nəticə verəcək bir taktikadır. Xülasə, Ukraynanın genişmiqyaslı əks-hücuma başlamamasına səbəb kimi mən bunları görürəm...
- ABŞ-ın Ukraynadakı savaşda hansısa yolla atəşkəsə nail olmaq və münaqişəni dondurmaq planları üzə çıxıb. Bu haqda nə deyə bilərsiniz?
- ABŞ-ın Ukraynadakı münaqişəni dondurmaq barədə hansısa planları olduğunu düşünmürəm. Belə planları olan tərəf, - yalnız ABŞ-ı nəzərdə tutmuram, buraya NATO, Qərb ölkələri də aiddir, - Ukraynanı bu cür intensiv şəkildə silahlandırmazdı. Ukrayna ordusu və ya həmin ölkədə fəaliyyət göstərən digər növ silahlı birləşmələr münaqişəni Rusiya ərazisinə keçirib. Belə olduğu halda, əlbəttə ki, hadisələr Rusiyanın ziyanına, Ukrayna və onun müttəfiqlərinin isə xeyrinə cərəyan edir. Bax, bu halda münaqişəni dondurmağa ehtiyac varmı? İnandırıcı deyil bu... Ümumiyyətlə, Ukraynadakı savaşla bağlı ortaya çıxan məlumatlar, bəzən fakt şəklində təqdim olunan sənədlər belə (hətta onların orijinallığı da iddia edilir), müəyyən bir informasiya müharibəsi xarakteri daşıyır və çaşqınlıq yaradır... Söhbətimizin əvvəlində də bəhs etdiyimiz kimi, uzun müddətdir Ukrayna Ordusunun genişmiqyaslı əks-hücuma keçəcəyi haqda söhbətlər dolaşır, təkliflər verilir, planlar üzə çıxır, ekspert rəyləri verilir. Nəticə etibarilə heç bir miqyaslı əks-hücum yoxdur və yaxın zamanda da olacağı gözlənilmir. Düşünürəm, bu da informasiya müharibəsinin tərkib hissəsidir. Eyni zamanda, hər hansı yolla atəşkəsə nail olmaq və münaqişəni dondurmaq planları haqda məlumatlar da, bu qəbildən olan informasiyalardır.
Əlbəttə, nəzərə alsaq ki, qarşıdakı ildə Birləşmiş Ştatlarda Prezident seçkiləri olacaq və həmin seçkilərdə respublikaçıların Baydenə qarşı Ukrayna münaqişəsindən də istifadə edəcəyi artıq indidən görünür, belə bir planın da mövcudluğu inandırıcı görünə bilər. Məsələyə bir qədər dərindən baxdıqda Ukraynanı dəstəkləyən Qərb tərəfinin, ABŞ-ın buna can atmaq üçün heç bir əsası yoxdur.
- Ukrayna lideri “G7” sammitindən hansı real uğurlarla dönüb?
- “G-7” ölkələrinin sammitində Zelenskinin qazandığı ən ciddi uğur ondan ibarət oldu ki, birmənalı şəkildə Ukraynaya dəstək ifadə olundu. Və yalnız sözdə deyil... Bilirik ki, Ukrayna Ordusuna artıq hücum silahları da verilməkdədir: “F-16” qırıcıları, yeni raket növləri. Həmçinin əlavə maliyyə və silah-sursat yardımı da edilir. Ən başlıcası, dediyim kimi, sammit iştirakçıları tərəfindən bildirildi ki, Ukraynaya nə qədər lazımdırsa, o qədər də dəstək veriləcək...
Bağlı qapılar arxasında nələr olub, nələr danışılıb – biz bunu bilmirik. Elə bu deyilənlər, mətbuata çıxan mövqelər və bəyanatlar göstərir ki, Zelenskinin Yaponiyaya səfəri kifayət qədər uğurlu olub. Ukraynaya da həm hərbi, həm iqtisadi, maliyyə dəstəyi davam edəcəkdir. Həm də təbii ki, siyasi dəstək... Bu, açıq-aydın görünməkdədir. Rusiyanın təcavüzünün ilk dövrlərində “G-7” ölkələri arasında bəzən Ukrayna ilə bağlı fərqli mövqelər sərgiləyənlər olurdu. Bu gün artıq hər hansı fərqlilik görünmür. Hazırda görünür ki, həmin ölkələrin hamısı eyni platformadan, eyni mövqedən çıxış edirlər. Ukrayna üçün ən böyük uğur da elə budur...
- Bildiyimizə görə, hazırda Türkiyədəsiniz, qardaş ölkədə prezident seçkilərinin II turu öncəsi durum, cəmiyyətin əhval-ruhiyyəsi barədə ümumi təəssüratlarınızı bölüşsəniz, oxucularımız üçün də maraqlı olar...