Ölkədə kənd təsərrafatı məhsullarının qıtlığı gözlənilirmi?

12-09-2023, 00:07           
Ölkədə kənd təsərrafatı məhsullarının qıtlığı gözlənilirmi?
"Müşahidələrimə əsasən deyə bilərəm ki, bu il kənd təsərrüfatı üçün hava şəraiti o qədər də əlverişli olmadı. Əvvəlcə çox quraqlıq oldu. Daha sonra lokal formada olsa da, sel və dolu yağışlarının şahidi olduq. Bu təbiət hadisələri bütün ölkəni əhatə etməsə də, ümumilikdə kənd təsərrüfatına təsirsiz qalmadı".

Bunu TNS-ə aqrar məsələlər üzrə mütəxəssis Cəfər İbrahimli deyib.

O qeyd edib ki, bu il quraqlıq olduğu üçün suvarma ilə bağlı xeyli problemlər ortaya çıxıb: “Bu il hava şəraiti baxımından ölkəmizdə kənd təsərrüfatı və fermerlər üçün uğurlu il hesab edilmir. Amma müxtəlif kənd təsərrüfatı məhsulları üzrə rəqəmlərə nəzər saldıqda artımların olduğunu görürük”.

Mütəxəssis bildirib ki, 2023-cü ilin yayında aqrar məhsulların qiymətləri əvvəlki illərlə müqayisədə yüksək olub: “Bu məsələdə də təbii ki, tələb-təklif özünü göstərir. Fermerlərin müəyyən qədər bazarlara çıxış imkanlarının məhdud olması, bazara gecikməsi və işlərin çoxluğu və digər səbəblərdən aqrar məhsullar vaxtında satışa çatdırılmır. Bu kimi problemlər də nəticədə kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmasına gətirib çıxarır. Artıq payız fəsli ərəfəsindəyik. İndi aqrar məhsulların toplama dövrü başa çatır. Deməzdim ki, hər hansı bir məhsulun istehsalı ölkəmizdə kütləvi şəkildə aşağı düşüb və ya qıtlıq ehtimalı var. Aqrar məhsullarla bağlı bu çərçivədə dəyərləndirmə apararkən, payızda qıtlığın olacağını güman etmirəm. Eyni zamanda kənd təsərrüfatı məhsullarının qiymət artımının da yüksələcəyini düşünmürəm. Təbii ki, müəyyən çətinliklər mümkün görünür. Amma qış üçün ehtiyat anbarlarda kifayət qədər məhsul saxlanılır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.