“Ukrayna Ordusunun ən önəmli fiqurlarından biri azərbaycanlıdır və o...” - İLGİNC FAKT
13-09-2023, 16:08
Artıq 18 aydır ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi davam edir. Müharibənin ilk aylarında Rusiya böyük əraziləri işğala məruz qoysa da, Ukrayna ordusu əks-hücumlarla bir qism əraziləri azad etməyi bacardı. Hazırda isə Ukrayna hərbçilərinin əks-hücum əməliyyatları davam edir.
Ekspertlər hesab edirlər ki, Rusiyanın işğalçı müharibəsinin tezliklə başa çatacağı gözlənilmir. Rəsmi Moskva indiki vəziyyətdə diplomatik fazaya keçməyi istəsə də, Kiyev bununla razılaşmır. Ukrayna Prezidenti Volodimir Zelenski səviyyəsində bəyan edilib ki, Ukrayna işğalda olan ərazilərini tam azad etməyincə, ərazi bütövlüyünü tam təmin etməyincə əks-hücumlarını dayandırmaq niyyətində deyil.
TEREF.AZ bildirir ki, müharibənin gedişi, orada yaşayan həmyerlilərimizin ümumi vəziyyəti ilə bağlı AYNA-nın suallarını Kiyevdə yaşayan, mütəmadi olaraq cəbhə bölgəsindən reportajlar hazırlayan azərbaycanlı jurnalist İdrak Camalbəyli cavablandırıb. Deyib ki, hazırda döyüşlər əsasən Donbass və Zaporojye istiqamətində gedir:
- Ukrayna ordusunun çox böyük üstünlükləri var. Ukrayna Zaporojye istiqamətində bir çox məntəqələri azad edib. Düzdür, proseslər bir qədər ləng gedir. Bunun da səbəbi Qərbin silahları vaxtında çatdırmaması ilə bağlıdır. Rusiya da bundan istifadə edir, müdafiə xətlərini gücləndirir. Ərazilər demək olar ki, tamamilə minalanıb. Ukrayna ordusu addım-addım irəliləyir ki, itkilər az olsun. Bu da Ukrayna hərbçiləri üçün çox çətindir.
Mən dəfələrlə döyüş bölgəsində olmuşam, orada döyüşən hərbçilərlə söhbətlərimiz olub. İrəliləmək çox çətindir. Ukrayna hərbçiləri və texnikası irəlilədikcə Rusiya havadan zərbələr endirir. Eyni zamanda, ərazilərdə çoxlu sayda minalar mövcuddur. İndi az miqdarda olsa belə, Ukraynaya Qərb partnyorları tərəfindən F-16-lar verilib. Güman ki, davamı da gələcək. F-16 təyyarələri Ukrayna hərbçilərinin irəliləyişinin qarşısını alan rusların havadan zərbələrini əngəlləmək üçündür. Zelenski ona görə hava hücumundan müdafiə sistemlərinin tezliklə verilməsini istəyir. Əks hücumlar zamanı piyadaları və artilleriyanı havadan qorumaq üçün F-16-lar çox vacibdir.
Demək olar ki, Ukrayna ordusu Zaporojye istiqamətində rusların bir neçə müdafiə səddini keçib və bu, qarış-qarış davam edir. Donbass istiqamətində də irəliləyiş var. Artıq hərbi aerodroma Ukrayna hərbçilərinin çatmasına 3 kilometrədək məsafə qalıb. Demək istədiyim odur ki, Ukrayna ordusunun əks-hücumu ləng gedir, amma davamlıdır.
- Bu günlərdə Ukraynanın müdafiə naziri Aleksey Reznikov istefaya göndərildi. Onun yerinə isə Rüstəm Umerov təyin olundu. Müharibənin gedişində belə bir kadr dəyişikliyi niyə vacib oldu və Umerov hansı uğurlara imza ata bilər?
- Reznikovun vəzifəsindən azad olunması ilə bağlı çoxdan idi ki, söz-söhbətlər var idi. Zelenski onun nazir postunda qalmasına bir müddət də imkan verdi. Reznikovun fəaliyyəti ilə bağlı müəyyən narazılıqlar var idi və bəlli idi ki, Reznikov vəzifəsindən göndəriləcək. Onu da deyim ki, Ukraynada müdafiə naziri postu formal xarakter daşıyır, məmur funksiyasını yerinə yetirir. Müdafiə naziri sırf hərbçi deyil. İndi Umerov təyin olunub, o da hərbçi deyil. Bu post mülki idarəçilik funksiyasını daşıyır. Əsas hərbi məsələlələr Baş Qərargah rəisindən asılıdır.
Hərbi məsələlərə nəzarət, taktiki gedişlər, əks-hücum və s. məsələlərə Baş Qərargah rəisi Valeri Zalujnı baxır. Zalujnı isə çox peşəkar hərbçidir, işini yüksək səviyyədə bilən və icra edən hərbçidir. Bütün əməliyyatlara Zalujnı və onun ətrafındakı generallar rəhbərlik edir. Bu baxımdan Reznikovun vəzifəsindən azad edilməsi, Umerovun nazir təyin olunması əməliyyatlara əhəmiyyətli dərəcədə təsir göstərmir.
Yeri gəlmişkən, adını çəkmək istəmirəm, amma Zalujnının ətrafındakı yüksək rütbəli zabitlərdən biri də Azərbaycan əsillidir, həmyerlimizdir. Döyüşlərdə, Ukraynanın müdadfisində həmin həmyerlimizin də böyük əməyi var.
- Həmyerlimiz demişkən, orada döyüşən xeyli Azərbaycan əsilli insanlar var. Onların durumu necədir?
- Bu gün Ukraynada yaşayan minlərlə azərbaycanlı var ki, Ukraynanın müdafiəsi üçün döyüşür. Onlar ilk gündən müdafiəyə qoşulublar və ikinci vətənləri saydıqları Ukrayna üçün canlarını qurban verməyə hazırdırlar. Müharibə başlayandan bu yana 37 nəfər azərbaycanlı Ukraynanın ərazi bütövlüyü uğrunda həlak olub, şəhidlik zirvəsinə ucalıb. Qazi olanlar da çoxdur. Bu gün ukraynalılar azərbaycanlılara sonsuz minnətdardırlar.
- Ukraynada yaşayan azərbaycanlılardan da qaçqın düşənlər oldu, istər Azərbaycana, istərsə də digər ölkələrə gedənlər barədə məlumatlar var. Onlar qayıdırlarmı, qayıdanların ümumi düşüncəsi nədir?
- Təbii ki, qayıdanlar var və onların sayı çoxdur. Qayıtmayanlar da var. Ukraynaya qayıdan azərbaycanlılara gəldikdə, onlar öz evlərinə dönürlər, öz əvvəlki işləri ilə məşğul olmaqdadırlar. Müharibənin başlamasından artıq 18 ay keçir. İndi insanlarda əvvəlki təlaş, həyəcan müşahidə olunmur. Ukraynalılar da, orada yaşayanlar da artıq həyəcan siqnalına öyrəşiblər və bu zaman nə etmək lazım olduğunu çox gözəl bilirlər.
- Ukrayna ötən il Rusiyanın enerji obyektlərini bombalaması nəticəsində əziyyət çəkdi, insanlar aylarla işıqsız, qazsız, susuz qaldı. Bu il üçün hansı tədbirlər görülüb?
- Gözlənilir ki, Rusiya ordusu bu qış da enerji obyektlərini hədəf götürəcək. Bu barədə kəşfiyyat məlumatları da mövcuddur. Ötən ildəki kimi kütləvi raket hücumları olmayacaq, çünki ruslarda silah baxımından tükənmə var. Amma yenə də enerji obyektlərini hədəf alacaqları, azsaylı raket hücumları edəcəkləri bəllidir.
Ukrayna enerji infrastrukturuna zərbələrin qarşısını almaq üçün tədbirlər görür. Yenidən insanlar ağır şərait yaşamasınlar deyə müvafiq addımlar atılır. Bu gün Kiyev səması qorunur, müasir silahlarla paytaxtın hava məkanı nəzarətdədir. Amma kütləvi raket hücumlarının tam şəkildə qarşısını almaq üçün silahlar yetərincə deyil. Ukrayna Prezidenti bu yaxınlarda bununla bağlı Qərb tərəfdaşlarına, dünya ictimaiyyətinə müraciət edib.