“Azərbaycanın COP29 tədbirinə uğurla ev sahibliyi edəcəyinə inanıram” - MÜSAHİBƏ
15-04-2024, 10:58
Kənd Təsərrüfatında beynəlxalq tədqiqatlar üzrə məsləhətləşmə qrupunun (Consortium of International Agricultural Research Centres, CGIAR) Mərkəzi və Qərbi Asiya və Şimali Afrika üzrə Regional Direktoru, həmçinin Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (The International Center for Agricultural Research in the Dry Areas, İCARDA) baş direktoru Aly Abousabaa bu il noyabr ayında Azərbaycanda keçiriləcək COP29 (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ) tədbiri çərçivəsində Bakıda səfərdə olub.Cənab Aly Abousabaa dünyada kənd təsərrüfatı sahəsində aparılan elmi tədqiqatlar, həyata keçirilən tədbilər, COP29-un hədəfləri, iqlim dəyişiklikləri və digər aktual mövzularda suallarımızı cavablandırıb.– Cənab direktor, Azərbaycana xoş gəlmisiniz, sizi ölkəmizdə görməkdən çox məmnunuq. Əvvəlcə Azərbaycana səfərinizin əsas hədəfləriylə bağlı məlumat verməyinizi istərdik. – İşimizə böyük maraq göstərdiyinizə və qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Mənim Azərbaycana gəlməkdə məqsədim buradakı əsas tərəfdaşlarımızla CGIAR-ın ölkənizdə keçiriləcək COP29 tədbirinin məqsədlərinə necə dəstək verə biləcəyini müzakirə etməkdir. CGIAR, inkişaf üçün tədqiqat (Results for Development, R4D) sahəsində 9000-dən çox mütəxəssisi olan 13 tədqiqat mərkəzinin qlobal şəbəkəsidir. Biz kənd yerlərinin inkişafı və davamlı dolanışıq vasitələrini idarə etmək üçün qida, torpaq və su sistemlərinin qurulması üçün qlobal kənd təsərrüfatı innovasiyalarını inkişaf etdirməyə diqqət yetiririk. Mən yüz milyonlarla fermerin və onların icmalarının həyatına təsir edəcək mühüm qərarlar qəbul etmək üçün liderlərin 2024-cü ilin noyabr ayında toplaşacağı COP29-da qlobal miqyasda qida, torpaq və su sistemlərinin davamlı transformasiyasına üstünlük verilməsini müdafiə edəcəyəm. Səfərim zamanı Azərbaycanın kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədov, COP29 üzrə Baş Danışıqçının müavini Orxan Zeynalov, eləcə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu kimi tərəfdaş təşkilatlarla bu kimi məsələləri müzakirə etdim. CGIAR, ICARDA kimi 13 qlobal tədqiqat mərkəzi Azərbaycan hökumətinin COP29-da uğurunu dəstəkləyir. – Hazırda təbii ehtiyatların idarə edilməsi və iqlim dəyişikliyi ilə bağlı proqnozlar hər kəsi narahat edir. Təmsil etdiyiniz qurumlarda bu istiqamətdə hansı tədbirlər həyata keçirilir? – Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mütəxəssislərimiz qlobal istiləşmə proqnozlarını diqqətlə izləyirlər. Temperaturun yarım dərəcə yüksəlməsi ekstremal hava hadisələrini artıracaq, kənd təsərrüfatı istehsalı üçün ciddi problemlər yaradacaq və qida çatışmazlığı, aclıq və digər kənd təsərrüfatı ilə bağlı fəlakətlər ehtimalını artıracaq. Bütün bunlar ciddi narahatlıqlar doğurur. CGIAR COP29-da bu kimi problemlər barədə məlumatlılığı artırmaq üçün ərzaq, torpaq və su sistemlərinin transformasiyasının sürətlənən iqlim böhranının azaldılması və yumşaldılmasında əhəmiyyətli rolunu qlobal miqyasda ictimaiyyətə çatdırmağa çalışacaq.Mərkəzi Asiya, Qafqaz və onun hüdudlarından kənarda CGIAR tədqiqat mərkəzləri kənd təsərrüfatı sistemlərinin təkmilləşdirilməsinə üstünlük verir. Buraya təkmilləşdirilmiş ərazi, torpaq və su idarəçiliyi təcrübələrinin təşviqi, iqlimə uyğun məhsulların yetişdirilməsi və biomüxtəlifliyin qorunması daxildir. Biz kiçik istehsalçıları quraqlığa və zərərvericilərə davamlı, yüksək məhsuldarlığa malik sortlarla tanış etməklə iqlim dəyişikliyinə uyğunlaşmaları üçün dəstəkləyirik. Qida sistemlərinin özlərindən isə istixana qazı emissiyalarını azaltmağa çalışırıq. İqlim dəyişikliyinin yaratdığı çətinliklərə baxmayaraq, isti və quraq iqlimə malik Mərkəzi–Qərbi Asiya və Şimali Afrika (CWANA) regionunda daha səmərəli suvarma və suyun idarə olunması sahəsində təcrübə kənd təsərrüfatı məhsuldarlığının artırılmasında mühüm rol oynayacaq.Azərbaycan və ICARDA alimləri də genom təkamülü ilə bağlı sıx əməkdaşlıq edirlər. Bu əməkdaşlıq yerli sortların müxtəlifliyini, keyfiyyətini və uyğunlaşma qabiliyyətini artırır və yeni, davamlı məhsul sortlarının yetişdirilməsinə yönəlmiş seleksiya proqramlarının inkişafına dəstək verir.Hazırda CGIAR-ın əsas layihələrindən biri davamlı kənd-ərzaq sistemlərinin qurulmasına yönəlmiş iqlim dəyişikliyi şoklarına tab gətirə bilən, fermerlərə iqtisadi imkanlar yaratmağa, regiondakı kənd icmaları üçün gəlirləri və dolanışıq vasitələrini yaxşılaşdırmağa yönələn “Davamlılıq üçün həssaslıq təşəbbüsü (F2R)” layihəsidir. F2R təşəbbüsü şiddətli quraqlıq, istilik dalğaları və torpağın şoranlığından əziyyət çəkən bölgələrdə qida istehsalı ilə məşğul olduğu üçün həmin ərazilərdəki unikal problemlərdən də xəbərdarıq. Müvafiq olaraq, ICARDA-nın rəhbərliyi ilə bir neçə CGIAR mərkəzi səhraları əkin sahələrinə və qida istehsalı mərkəzlərinə çevirmək məqsədi daşıyan səhra kənd təsərrüfatı konsepsiyasını işləyib hazırlamışdır.– Dünyada kənd təsərrüfatının qloballaşma və rəqəmsal transformasiyalar kontekstində inkişafı ilə bağlı hansı tədqiqatlar aparılır?– Rəqəmsallaşma prosesləri kənd təsərrüfatının inkişafı sahəsində inqilabi dəyişikliklərə gətirib çıxarmışdır. ICARDA Yerin müşahidə sistemləri, açıq giriş platformaları, süni intellekt, maşın öyrənməsi, informasiya və kommunikasiya texnologiyaları və bulud hesablamaları kimi texnologiyalardan geniş istifadə edir ki, bu da alim və mütəxəssislərə məlumat toplamaq, təhlil etmək və idarə etmək üçün geniş imkanlar yaradır. Məsələn, ICARDA alimləri ən yaxşı cinslərin seçimini təkmilləşdirmək, həmçinin yeni bazarlara çıxış imkanlarını artırmaq üçün daha səmərəli məlumatların toplanmasına şərait yaratmaqla icma əsaslı heyvandarlıq proqramlarında (CBBPs) fermerlərə fayda verən rəqəmsal alət hazırlamışlar. Hazırda bu uğurlu pilot layihəni İordaniya, Tunis və Malidə genişləndirməkdəyik. Eynilə, Hindistanda ICARDA-nın GeoAgro-iKrishi tətbiqi və idarə paneli kiçik fermerlərə hava proqnozları, optimal əkin vaxtları, potensial xəstəliklərin erkən xəbərdarlıqları, şoranlıq/torpağın keyfiyyəti və s. haqqında real vaxt rejimində məsləhətlər verir. Bu yüksək texnologiyalı alət sayəsində kənd təsərrüfatında fermerlər resursların idarə edilməsini təkmilləşdirə, suvarma üsullarını, gübrə tətbiqini optimallaşdıra və ümumi məhsuldarlığı artıra bilərlər. Xüsusilə süni intellekt (AI) xəstəliklərin aşkarlanması, hava proqnozu və avtomatlaşdırılmış məhsul yığımı sahəsində tədqiqatlar üçün böyük potensiala malikdir. Dronlar və məlumat analitikası kimi texnologiyalardan istifadə edərək, süni intellekt su və gübrə kimi resurslardan istifadəni optimallaşdırır və nəticədə daha yüksək məhsul verir. İnanıram ki, süni intellekt potensialı artmaqda davam edəcək və alimlərimiz bu sahədə qlobal nailiyyətlər əldə edəcəklər. Bununla belə, müvafiq sahədə əldə olunan nailiyyətləri kənd təsərrüfatı icmaları üçün daha da əlçatan etmək məqsədilə tərəfdaşlarımızın ekspertlərini bu yeni texnologiyalara dair daha çox maarifləndirməyimiz olduqca vacibdir. – COP29 tədbirinin Azərbaycanda keçirilməsi ilə bağlı fikirlərinizi bölüşməyinizi istərdik. Bu tədbirdən əsas gözləntilər nədir? – Azərbaycanda keçiriləcək COP29 qlobal istiləşmənin təsirlərinin məhdudlaşdırılması, uyğunlaşdırılması üçün maliyyənin səfərbər edilməsi üzrə qlobal əməkdaşlıq, eləcə də qərarların qəbulu üçün əhəmiyyətli platformadır. COP29-un nəticələri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) və Paris Sazişinin qlobal temperaturun yüksəlməsini 2°C-dən aşağı saxlamaq məqsədlərinə təsir edir, eyni zamanda Braziliyada uğurlu COP30-un keçirilməsi üçün zəmin yaradır.COP29 ilə bağlı gözləntilərim olduqca yüksəkdir. Çünki, mən diqqətin davamlı kənd təsərrüfatının, qida sistemlərinin dəstəklənməsinə, su idarəçiliyinin təkmilləşdirilməsinə, kənd təsərrüfatının və biomüxtəlifliyin qorunmasına yönəldiləcəyini gözləyirəm. Ərzaq və Kənd Təsərrüfatı üzrə COP28 Bəyannaməsi ilə qoyulmuş təməl üzərində qurulan COP29 bu aktual problemlərin həllində və Orta Asiya, Şimali Afrika və Yaxın Şərq kimi digər quraq bölgələrdə çox ehtiyac duyduğumuz davamlı qida sistemləri üçün taleyüklü həllərin təqdim edilməsində əhəmiyyətli irəliləyiş əldə edə bilər.Mən indiyədək təxminən 16 COP tədbirində iştirak etmişəm və əminliklə deyə bilərəm ki, Azərbaycan güclü komandası, yaxşı qurulmuş infrastrukturu ilə bu yüksək səviyyəli qlobal tədbirə uğurla ev sahibliyi edəcək.– Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. “Yaşıl” dünya naminə tövsiyələrinizi və çağırışlarınızı eşitmək istərdik. – Azərbaycanın 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təqdirəlayiq təşəbbüsdür. Bu, ölkənin yaşıl inkişafa güclü öhdəliyini və qlobal çağırışların həllinə proaktiv yanaşmasını sübut edir. Bu məqsədə nail olmaq üçün güclü beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bilik və yaşıl texnologiyaların digər ölkələrlə bölüşdürülməsi davamlı ekoloji tərəqqi və təsirin idarə edilməsində mühüm rol oynayacaq. ICARDA və CGIAR tədqiqat proqramlarımızı güclü şəkildə bərpa etmək, birgə layihələrə başlamaq və CGIAR-ın kənd təsərrüfatına davamlılıq üzrə qlobal təcrübəsindən yararlanmaq üçün Azərbaycanın bu sahədə inkişafına töhfə verməyə tam hazırdır. Biz birlikdə məhsuldar tərəfdaşlığı inkişaf etdirə və kənd təsərrüfatı icmalarını dəyişdirəcək innovasiyaları genişləndirə bilərik. Mən Azərbaycana COP29 tədbirində uğurlar arzulayıram və inanıram ki, bu tədbir hamı üçün daha “yaşıl”, “ağıllı” və parlaq gələcəyə doğru mühüm mərhələnin əsasını qoyacaq. Müsahibəni apardı:
Nərgiz QƏHRƏMANOVA,
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr,
mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri