Vilson layihəsi: Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası - Tarixi sənədlər masada

31-07-2024, 13:00           
 Vilson layihəsi: Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası -
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Hazırkı situasiyada Azərbaycanla Ermənistan arasında sülh və yaxud müharibə mövzuları ətrafında söhbətlər gedir. Sizcə, hansı teziz daha güclüdür?

- Əslində indiki halda bu tezislərin heç biri güclü deyil. Çünki Ermənistan sülh istəmir. Azərbaycan isə müharibə tərəfdarı deyil. Ona görə də, indi şahmatda olduğu kimi “pat” vəziyyəti yaranıb. Amma bölgədə yenidən müharibənin başlamasında maraqlı olan tərəflər var. Bu, daha çox Fransa və ABŞ-dir. Şimal və cənub qonşularımızda da müəyyən qüvvələr bu məsələdə maraqlıdır. Faktiki olaraq regionda sabitlik istəməyən daha çox Qərbdir. Onlar regiona daxil olmaq niyyətindədir. Bunu isə bacarmırlar. Gürcüstan əllərindən çıxıb. Son ümid yeri kimi əllərində ancaq Ermənistan qalıb. Məhz Ermənistan vasitəsi ilə bölgəyə daxil olmaq istəyirlər. Ona görə də, həmin qüvvələr getdikcə daha çox azğınlaşır. Fransa prezidenti Emmanuel Makron bu məsələdə daha çox azğınlıq göstərir. Paris Yay Olimpiya oyunlarını belə siyasi müstəviyə çəkə bildilər.

- Sizcə, bölgədə yeni müharibənin başlaması tərəflər üçün nə vəd edir?

- Azərbaycan qəti şəkildə müharibə tərəfdarı deyil. Çünki yeni başlayacaq müharibə çox böyük təhlükələrə yol açacaq. Azərbaycan-Ermənistan qarşıdurması bölgədə iki ölkənin münaqişəsi səviyyəsində qalmayacaq. Bu, az qala üçüncü dünya müharibəsi üçün hüquqi bir status yaratmış ola bilər. Çünki Azərbaycanın etibarlı dostları Türkiyə, Pakistan faktoru var. Eyni zamanda bölgədə Çin, Rusiya və digərlərinin böyük maraqları mövcuddur. Məqsədləri Ukrayna müharibəsi ssenarisini bura daşımaqdır. Ermənistan isə artıq bu ssenariya hazırdır. Çalışırlar ki, Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə, eyni zamanda Formula və COP29-a qədər qədər qarşıdurma olsun.

- Bakı İrəvan qarşısında daha çox iki prinsip üzərində dayanıb. Bunlar Ermənistan konstitusiyasında dəyişiklik və ATƏT-in Minsk Qrupundan imtina ilə bağlıdır. Sizcə, qarşı tərəf bu məsələlərin hansının daha tez həllində maraqlıdır?

- Görünən odur ki, Ermənistan Minsk qrupundan imtina edəcək. Bu, o qədər də ciddi hüquqi, mənəvi dəyişiklik yaratmır. Həmsədrlərdən imtina edilsə də, Fransa Ermənistanın dəstəkçisi olaraq qalır. Sadəcə olaraq İrəvan üçün ən təhlükəli dayaq Rusiyanın itirilməsidir. Azərbaycan isə Ermənistan konstitusiyasında dəyişiklik edilməsə, sülhə getmək niyyətində deyil. Bu halda imzalanacaq sülh müqaviləsinin heç bir əhəmiyyəti olmur. Ermənistan bir dövlət kimi kənar qüvvələrin layihəsi olduğu üçün onun qanunvericiliyi də bu müddəalara əsaslanır. Vaxtilə Vudro Vilsonun (Amerika Birləşmiş Ştatlarının 28-ci prezidenti 1913-1921) layihəsi var idi ki, buradan Ermənistan üzərindən Türkiyə ərazilərinə qarşı da iddialar olunurdu. Sadəcə olaraq bu layihə alınmadı. Qars müqaviləsində isə Ermənistan tərəf deyildi. Çünki tarixdə heç vaxt Ermənistan adında dövlət olmayıb.

- ABŞ-nin davamlı olaraq sülh açıqlamları nəyə hesablanıb? Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin də Zəngəzur dəhlizinin açılmasının ölkəsi üçün maraqlı olmadığını açıqlamışdı. Vaşinqtonun dəhlizlə bağlı iddiası nədən ibarətdir?

- Hazırda ABŞ-də vəziyyət çox qarışıqdır. Demokratlar partiyasının təmsilçiləri özlərinə haqq qazandırmaq üçün üzdə özlərini sülh tərəfdarı kimi təqdim edir. Amma onların sülh mövqeyinə inanmaq olmaz. Öz maraqlarına görə, faktiki olaraq Gürcüstanı, Ukraynanı satdılar. Ermənistan üzərindən isə oyun oynayırlar. Amerikanı idarə edən dərin dövlət, yəni anqlo-sakslar Türkiyənin bölgədə güclənməsinə qarşı çıxır. Azərbaycanın İsrail, Pakistan və Rusiya ilə münasibətlərinə qarşı qısqanc yanaşma var. Bakı ilə Pekin arasında münasibətlər yaxşılaşmağa başlayandan Amerika ardıcıl olaraq sülhdən danışır. Amma Ağ Ev paralel olaraq Ermənistana hərbi yardım edir. Ona görə də, heç bir halda Amerikanın Qafqazla bağlı maraqlarında onun səmimiyyətinə inanmaq olmaz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.