Görəsən, Füzilinin dalınca danışanlar,onun elmini dərindən bilirlərmi?

3-07-2015, 11:35           
Görəsən, Füzilinin dalınca danışanlar,onun elmini dərindən bilirlərmi?
teref.az millət vəkili Cavanşir Paşazadənin “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

- Avropa Oyunlarının açılış və bağlanış mərasimləri ilə bağlı təəssüratlarınız nədən ibarətdir?

- Mən Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasimlərində iştirak etmişəm. Bu tədbir dünyaya səs saldı. Bunu hər kəs deyir. Tədbirin mənfi tərəfləri barədə danışanlar da oldu. Amma buna baxmayaraq Azərbaycan öz möhürünü dünyada qoydu. Təəccüblü hal o oldu ki, Oyunların açılışına Azərbaycanda o qədər də böyük maraq yox idi. Bunu tamaşaçıların gəliş-gedişindən hiss etmək olardı. Tədbirin bağlanışı daha möhtəşəm oldu. Bilirsiniz ki, biletlər də satılıb qurtarmışdı, əlavə biletlər verildi. Deyə bilərəm ki, Azərbaycanın indiyə kimi beş diplomu vardısa, bu Oyunlardan sonra altıncı diplomunu da qazanmış oldu.

- Avropa Oyunlarında erməni atletlər də iştirak edirdi. Azərbaycan idmançısı Həsən Əliyev erməniyə uduzanda onu qınayanlar çox oldu. Eyni zamanda prezidentin erməni əsilli idmançını mükafatlandıran zaman zaldan gələn fit səslərini dayandırmaq üçün verdiyi reaksiyanın da şahidi olduq və prezident bir daha öz jesti ilə göstərdi ki, idmanı siyasətə qatmaq olmaz. Siz bu barədə nə deyə bilərsiniz?

- Bu idmandır. İdmançını qınamaq, ona mənfi reaksiya vermək etikaya uyğun deyil. Oyunda hər hadisələr ola bilər. Bu o demək deyil ki, oyunçunun cəsarəti yox idi. Təbii ki, o heç istəməzdi ki, erməniyə uduzsun, biz isə ümumiyyətlə bunu istəməzdik.

İkinci məsələ isə, fitə basılan idmançıya Azərbaycan prezidentinin alicənablılığının, jestinin şahidi olduq. Yəni bu o demək idi ki, tamaşaçıların etdiyi hərəkət düzgün deyildi. Orada əyləşən tamaşaçılar da səhvlərini başa düşdülər. Düşmən də olsa, ölkəmizdə qonaq olduğuna görə, ona mənfi münasibət bəsləməyə haqqımız yox idi. Prezident jestiylə bunu nümayiş etdirdi.

- Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Avropa Oyunları ərəfəsində idmançıların oruc tutmamasının məqbul sayılacağı barədə fətva verildi. Bu fətva birmənalı qarşılanmadı..

- Deməzdim ki, bunu birmənalı qarşılamayıblar. Təbii ki, bəzi insanlar bu işi bilmir, qəlblərində qaranlıq mühit var. Düşünürdülər ki, bu beş günü idmançılar uduzsaydı, ürəyimiz sərinləşərdi. Azərbaycanın 21 yox, 15 qızıl medalı olsaydı, onların ürəyinə daha sərinlik gələrdi. Mənim fikrimcə, əgər bir yarışda, müharibədə ölkəmin simvolu qalxacaqsa, buna getmək olar. Allah da razı olmaz ki, biz uduzaq. Kiminsə qabağında əskik olmağımızı rəva bilməzdi. Bu təkcə şeyx həzrətlərinin verdiyi fətva deyildi, onun dini icması tərəfindən qəbul edilmişdi.



- Orucluqdan söz düşmüşkən, hər dəfə Ramazan ayı başlayanda özlərini din xadimləri kimi təqdim edənlər müxtəlif fətvalar verirlər. Belə məsələlər də dinə əsaslanmadığından mübahisələrə səbəb olur. Məsələn, biri demişdi ki, saqqız çeynəmək orucu pozmur...

- Mən dindaram, amma din sahəsindən bir şey bilmirəm. Öz fikrimə gəlincə isə, məsələn, saqqız çeynəsəm, oruc pozulacaq, çünki onun tərkibində bir sıra maddələr var. İnsan da bu maddələrlə qidalansa, təbii ki pozulacaq. Bu, düzgün hərəkət deyil.

- Ramazan ayında bayram namazının Türkiyə ilə müqayisədə Azərbaycanda fərqli vaxtda qılınması hər il müzakirələrə səbəb olur. Uzun illərdir ki, Ramazan ayının nə zaman başlayıb nə vaxt bitəcəyi əvvəlcədən alimlər tərəfindən hesablanaraq təqvimlərə salınıb. Bu texnoloji inkişaf öz təsdiqini tapıb. Bizdə isə bayram namazının vaxtı bir gün sonraya təsadüf edir...

- Qonşu dövlətlərlə bizim aramızda saat, gün fərqi var. İndi o cür düşünənlər necə bilir ki, bizim inkişafımız çoxdu, yoxsa o sadaladığınız dövlətlərin inkişafı çoxdur ki, nəticədə bu fərq yaranır? Bəlkə, biz çox inkişaf etmişik, onlar geridə qalıblar. Azərbaycan alimlərinin özünün rəsədxanası var, orada hesablanır. Onların dediklərini mən özüm üçün qanun sayıram. Əgər düz demirsə, mənim günahım onun boynunadır. Öz dövlətimizdir, işimizi də özümüz görürük, kənar dövlətin təsirinə də ehtiyac yoxdur.

- Bəzən mətbuatda sizin, ya da Şeyxin qudası olan Qalib Salahzadənin ünvanına hər hansı fikirlər səsləndiriləndə, belə anlaşılır ki, bu ittihamlar əslində Allahşükür Paşazadənin ünvanına yönəlik ittihamlardır. Siz necə düşünürsünüz?

- Əgər mənim günahım varsa, mənə deyirlər. Şeyxə sözü olanlar da bunu ona deyirlər. İndi qohumlar çoxdur. Hərənin öz işi var. Mətbuatda yazılan yazılardan ayırd edə bilirik ki, bu əslində kimə ünvanlanıb.

- Bacınız oğlu məlum hadisələrdən nəticəsində həbs edilib. Onunla görüşmüsünüzmü?

- Hamı bilir ki, o həbs edilib. Həbs ediləndən sonra onunla görüşməmişəm.

- Həcc mövsümü başlayacaq. Ziyarət etmək planınız varmı?

- İki-üç dəfə Həcc ziyarətində olmuşam. Növbəti dəfə getməyi planlaşdırmıram.



- ANS telekanalının efirində aparıcı hicab geyinənləri bayquşa bənzətmişdi. Bu bənzətmə verilişin bağlanması ilə nəticələndi. Bu nə dərəcədə doğrudur?

- Təbii ki, kiminsə geyindiyi geyimə bu cür bənzətmə etsən, o bunu təhqir kimi başa düşəcək. Hər bir 18 yaşına çatan şəxs geyimi ilə bağlı seçimini edir. Nə sizin, nə mənim, nə də o aparıcının buna görə həmin şəxsləri bayquşa bənzətməyə ixtiyarı var. İkincisi də ki, 8-10 milyon əhalinin qarşısında çıxış edən aparıcı etikadan dərs alsa, yaxşı olar. Bunu təhqir hesab edirəm. Əlimdə mikrafon var deyə, bu imkandan istifadə edib təhqir edim, bəs sonra nə olacaq? Bir dəqiqəlik özlərini itirirlər, nəticəsi də mənfi olur.

- Elə bu günlərdə “Space” kanalının efirində böyük bir biabırçılıq baş verdi. Hamı qınayır ki, telekanallar reytinq naminə bu cür şoulara üstünlük verirlər...

- Düzdür, televiziyalar reytinq məsələsini üstün tuturlar. Bəziləri, elə onların içərisində millət vəkilləri də var ki, heç nədən fırtına yaradırlar. Onlar seçiciləri ilə mənfi formada görüşürlər. Sözə gələndə isə, bunu böyüdürlər. Həmçinin bu aparıcının qeyri-peşəkar olmasından xəbər verir. Kimlərinsə qohumluğu, tanışlığı ilə aparıcılar efirə düzəlirlər, nəticədə peşəkarlıq kənarda qalır, bu cür mənfi hallar ortaya çıxır.

- Bu yaxınlarda sosial şəbəkədə gedən müzakirədə jurnalist və yazıçı tərəfindən Məhəmməd Füzulinin ünvanına təhqirəmiz ifadələr işlədildi. Bu məsələyə də kəskin reaksiyalar verildi...

- Əvvəla kim kimin haqqında danışır, bunu qiymətləndirmək lazımdır. Görəsən, Füzilinin dalınca danışanlar,onun elmini dərindən bilirlərmi? Bu yerdən Aya söz atma kimi bir şeydir.

- Rayon qeydiyyatında olan maşınların oyunlardan sonra yenə də Bakıya buraxılmaması ilə bağlı Nazirlər Kabinetində müzakirələr aparılır. Siz İnsan Hüquqları Komitəsinin üzvü kimi bunu necə qiymətləndirirsiniz? Çünki ekspertlər bunu vətəndaşların hüquqlarının tapdalanması hesab edirlər...

- Mən inanmıram ki, rayon maşınlarının Bakıya gəlməsini qadağa edən qərar verilər. Bunun müəyyən formaları müzakirə oluna bilər. Paytaxtda sıxlığı görürsünüz, tıxaclarda sürücülər saatlarla qalır. İnsanların imkanları çoxalır, bir ailədən neçə dənə maşını olanlar var. Universitetlərin qabağında nə qədər maşın olur. Bunun üçün onlar şəhərdən kənara çıxarılmalı, yataqxanalar tikilməlidir.

Bu çəkilən sarı zolaqlarla bağlı qeyd edim ki, dünyanın heç yerində bu zolaq gediş yolunun sol hissəsində olmur. Onsuz da bizdə sağ tərəfdən maşınlar saxlanılır, yol daralır. Mən təklif edərdim ki, birdəfəlik yolun sağ istiqamətində sarı xətt çəkilsin. Bununla da yolun qırağında maşın saxlanılmayacaq, o xəttə girilməyəcək. Girənlər üçün də böyük cərimələr tətbiq olunsun.

- Bir məsələ də yayılıb ki, əhalinin kredit borcları silinəcək, banklara borcu olanlar da sevinc içindədir...

- Dövlət orqanlarından bu barədə rəsmi xəbər yayılmayıb. Bu şayiələri göbələk kimi artan saytlar çıxarıb. Məsələn, tutaq ki, mən Maldiv adalarında dincəlmək üçün kredit almışam, orada ləzzətli günlər keçirmişəm, bir başqası isə hansısa problemi üçün əziyyətlə kredit alıb. Bunu necə bağışlamaq olar?



- Elə aidiyyatı qurum da məsələyə aydınlıq gətirmədiyindən şayiələr böyüyür...

- Küçədə çox şeylər danışıla bilər. Dövlət bankı qəyyumdur ki, hər şeyə cavab versin? Niyə cavab verilməlidir ki? Kimsə kredit borcunun silinməsinə hansı fikirlə ümidlənir?

- Parlament seçkilərinə hazırlıq gedir. Siz də hakim partiyadan seçilmiş millət vəkilininiz. YAP rəsmisi açıqlama vermişdi ki, artıq siyahıların araşdırılması prosesi yekunlaşıb. Sizin yenidən siyahı olma ehtimalınız varmı?

- YAP-dan olan deputatların seçilib ya seçilməməsi, o cümlədən partiya daxilində aparılan araşdırmaların nəticəsi barədə bizə məlumat vermirlər. Bu partiya rəhbəri cənab prezident İlham Əliyevin səlahiyyətində olan məsələdir. Şəxsi təşəbbüslə millət vəkili ola bilmərik. Əgər məsləhət olsa, partiya tərəfindən sentyabr ayında qəzetdə mənim adım olsa, millət vəkili seçilməyə hazıram. Adım olmasa, yenə də mən partiyanın əsgəriyəm.

- İctimaiyyət adətən aktiv millət vəkillərini parlamentdə çıxışlarına görə qiymətləndirirlər. Siz isə, bu cəhətdən aktiv deyilsiniz...

- Yox, bəzən olur çıxışlarım. Hər insanın özünə xas xüsusiyyətləri var. Bəzi insanların fikirləri iş görməklə bağlı olur. Seçicilərimin bir problemi varsa, məsul olan qurumdan xahiş edib onu həll etdirirəm, amma reklam etmirəm. Başqa millət vəkilləri isə iş görən kimi o saat reklam olunmaq, efirə düşmək istəyirlər. Aktiv olmaq o demək deyil ki, Milli Məclisdə oturan kimi əlimi qaldırım danışım ki, mən filan kəndə asfalt çəkdirmişəm, qaz verdirmişəm. Sentyabrda mən üç məktəbin açılışında iştirak etmişəm. Əgər dövlət rəhbəri proqramlaşdıraraq mərhələ- mərhələ rayonlarda bu işləri görürsə, indi mən durub Məclisdə hansı məsələlərdən danışım? Gərək problemim olsun ki, danışam. Hər millət vəkili səlahiyyətindən istifadə edib dövlətin qabağına proqram qoya bilməz ki?

- Seçiciləriniz problemi ilə bağlı dövlət qurumlarının rəhbərlərindən etdiyiniz xahişlər həmişə yerinə yetirilir?

- Çox olub ki, etdiyim xahişləri yerinə yetirməyiblər. Mən istərdim ki, kəndlərimdə 20 il bundan qabaq tikilən məktəblər də sökülüb təzədən tikilsin. Hamısında təzə bağça olsun. Hər birinin həyətindən içməli su getsin. Amma bunu etmək mümkündürmü? Qabaq seçici istəyirdi ki, kənd yolları çəkilsin, üç saat işıq verilsin, başqa heç nə istəmirik, bu üç saat 24 saat oldu, yaddan çıxdı işıq problemi. Qazlaşma da oldu yaddan çıxdı. İndi seçici deyir ki, qapımıza asfalt çəkilsin. Bəşər yaranandan quyunun suyundan istifadə edən insanlar indi quyunu bəyənmir. Deyir ki, nəyə görə quyudan su çəkim, bilmirəm orda nə var nə yox, laboratiyadan keçmiş su gəlməlidir mənim həyətimə. Əvvəllər əl yuyanlar həyətdə olurdu. İndi bunu kim qəbul edir? İnsan nə qədər görür, o qədər də istəyir. Təbii ki, bu da seçicinin haqqıdır, biz də onların tələblərini yerinə yetirməliyik. Ölkə başçısı da bunun üçün çalışır.

- Seçicilərinizlə təması daha da yaxşı qurmaq üçün sosial şəbəkədən istifadə etməyi düşünürsünüzmü?

- Mən sosial şəbəkələrdən istifadə etməyə qorxuram. Bu gün niyə bir şey edim ki, sabah da onun əziyyətini çəkim. Hər halda buna ehtiyac görmürəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.