“Jurnalistlərə görə məndən incik düşən xeyli deputat var” - Elşad Eyvazlı

22-07-2017, 20:21           
“Jurnalistlərə görə məndən incik düşən xeyli deputat var” - Elşad Eyvazlı
Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının və "Reket" Jurnalistikayla Mübarizə Komissiyasının üzvü, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern Media Group”un direktoru Elşad Eyvazlının “Ölkə.Az” xəbər portalına müsahibəsi.

- Bu gün Azərbaycan Milli Mətbuatının 142 yaşı tamam olur. Ötən bu müddət ərzində Azərbaycan Milli Mətbuatının keçdiyi yolu necə təsvir edərdiniz?

- Hər il 22 iyulu Milli Mətbuat günü kimi qeyd edirik. Bu il Milli Mətbuatımızın 142 yaşı tamam olacaq. Bu, böyük tarixdir. Hətta qardaş Türkiyə mətbuatının bu qədər böyük tarixi yoxdur. 22 iyulu bizə bəxş edən kişilərlə hər birimiz fəxr etməli və qürur duymalıyıq. Həm də bunun məsuliyyətini hiss etməliyik. Gerçək jurnalist həm də Həsən bəy Zərdabinin 1875-ci ildə əsasını qoyduğu Milli Mətbuatın bu gün davamçısıdır. İndi jurnalistlərimiz bu işi nə qədər layiqli davam etdirə bilirlər, bunu birmənalı söyləmək çətindir. Bu gün Azərbaycan mətbuatında mövcud olan bəzi problemlərlə bağlı suallara birmənalı cavab vermək mümkün deyil. Bunun da öz səbəbləri var. Bilirsiniz, vəziyyət elə sürətlə dəyişir ki, bəzən insan düşüncəsi belə bununla ayaqlaşmaqda çətinlik çəkir. Hesab edirəm ki, dünyanın heç bir ölkəsində mətbuatın vəziyyəti ürəkaçan deyil. Misal üçün, dünyanın ən demokratik dövləti sayılan ABŞ-da prezident Donald Trampın bu yaxınlarda “CNN”-lə bağlı "hoqqası"nı xatırlayın. ABŞ dövlət başçısı dünyanın aparıcı media qurumlarından olan “CNN”-ə bu cür münasibət göstərirsə, Şimali Koreyada, yaxud da Rusiyada mətbuata fərqli münasibət gözləmək sadəlövhlük olar. Bu münasibət çox təəssüf ki, dünyada tendensiyaya çevrilir. Neyləyək ki, taleyimizi bağladığımız mediaya dünyada hazırkı münasibət belədir.
Azərbaycan mediasında olan vəziyyətə gəldikdə isə deyim ki, bizim mətbuatımızda ortaya çıxan problemlərə görə mən çox vaxt günahı jurnalistlərdə görmüşəm. Doğrudur, buna görə bəzi dostlar məni qınayır, bunun düzgün yanaşma olmadığı iddiasını irəli sürürlər. Ancaq mən bunun tərəfdarı deyiləm. Düşünürəm ki, Azərbaycanda ciddi media rəhbərləri bir araya gəlib, ölkəmizdə medianın inkişafı üçün daha da irəli gedə bilərlər. Bu gün bəzi dostlardan soruşsan ki, Azərbaycanda medianın vəziyyəti necədir? Bir qism deyəcək ki, hər şey çox gözəldir. Bəziləri isə vəziyyətin çox bərbad olduğunu deyəcəklər. Mən bunların heç birini qəbul etmirəm. Düşünürəm ki, Azərbaycanda cəmiyyətin vəziyyəti medianın vəziyyəti ilə eynidir. Bizim cəmiyyətdən önə keçmək və ya ya arxada qalmaq şansımız yoxdur. Biz cəmiyyətin bir hissəsiyik.
Bu gün Azərbaycan mediasının cəmiyyətdə rəy formalaşdırması, ictimai fikrə təsir etməsi başqa məsələdir. Ona görə bu kimi məqamlarda hər birimiz zərgər dəqiqliyi ilə işləməliyik. Bu məsələdə şəxsi mənafedən, sifarişdən, üzdə bir cür, arxada başqa şəkildə görünməkdən uzaq olmalıyıq. Ana xəttimiz müstəqil Azərbaycan olmalıdır. Əks halda 142-ci ilini qeyd edəcəyimiz "Əkinçi" ənənələrinə qarşı çıxmış oluruq. Bilirsiniz, indi dünyada güclülər tarixə istinad etmirlər. Bu, yanlışdır, yoxsa doğru məsələ ətrafında uzun müzakirələr aparmaq olar. Amma bu, həm də çağdaş dünyamızın gerçəkliyidir. Bəli, tariximizlə fəxr etməliyik, amma düşüncələr dünəndə ilişib qalmamalıdır. Sənin tarixin var, çox yaxşı, amma sən o tarixi kağız üzərində deyil, olduğu kimi gələcəyə apara bilməyəcəksənsə, problemlər olacaq.

- Bildiyimə görə, jurnalistlər üçün inşa edilmiş binalarla bağlı məsələni vaxtilə ilk gündəmə gətirən, ictimailəşdirən əsas şəxslərdən biri siz olmusunuz. İndi bəzi adamlar belə düşünür ki, Elşad Eyvazlı həmin binadan özünə ev alandan sonra həmkarlarının problemlərini qaldırmaqda əvvəlki kimi səy göstərmir. Bu cür fikirlərlə nə qədər razısınız?

- Sən ortadasansa daş atan çox olacaq. Vaxtını bu daşlara sərf etsən, itib batacaqsan.
Bəli, 2000-ci illərdə bu təşəbbüslə çıxış etmişik. O zaman "Reytinq" qəzeti "Jurnalist" Mənzil Tikinti Kooperativi yaratmışdı. Parlament Jurnalistlər Birliyi o dövrdən Azərbaycanda ən aktiv jurnalist təşkilatıdır. Ona görə də "Reytinq"dəki dostlar böyük məmnuniyyətlə estafeti bizə verdilər. Həmin vaxt bu məsələ ilə bağlı Parlament Jurnalistlər Birliyi çox fəallıq göstərirdi. Hətta məsələ o qədər böyümüşdü və dövlətin diqqətini cəlb etmişdi ki, Bakıda bir neçə ərazidə jurnalistlərə mənzil tikilməsi üçün bizə yer təklif edildi. Tikinti şirkətləri bizə bildirirdilər ki, siz iki hündürmərtəbəli bina üçün yer alın, birini özümüz üçün tikəcəyik, digərini isə sizə hazır vəziyyətdə pulsuz təhvil verəcəyik. Həmin vaxt bu məsələlərlə bağlı keçmiş İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşlərimiz oldu. Bu məsələnin ictimai dəstək qazanmasında Milli Məclisin bir sıra deputatlarının da böyük rolu olub. İlk gündən Mətbuat Şurasının sədri Əflatun Amaşov bizə dəstək verib və o vaxt Hacıbala Abutalıbovla görüşdə iştirak edib.
Uzun çalışmalardan sonra məsələ cənab Prezident İlham Əliyevə çatdırıldı. Bu işdə Prezidentin köməkçisi hörmətli Əli Həsənovun xüsusi xidmətləri var.
Sevindirici haldır ki, artıq jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilən ikinci hündürmərtəbəli bina da tam hazırdır və siyahı açıqlandı. İnşallah jurnalistlər üçün inşa ediləcək üçüncü bina da yaxın illərdə sahiblərinə təqdim olunar.
Bütövlükdə götürəndə jurnalistlər üçün inşa edilən mənzil məsələsi təqdirəlayiqdir. Dünyanın heç bir ölkəsində dövlət tərəfindən jurnalistlərə pulsuz mənzil verilmir. Burada əsas məsələ mənzil verilən jurnalistlərin qarşısında heç bir şərtin qoyulmamasıdır. Yəni, mənzil verilən jurnalistlərin qarşısında sərbəst yazmaları ilə bağlı heç bir şərt və ya məhdudiyyət qoyulmur. Mənzillər sırf ölkə başçısının göstərişi və dövlət vəsaiti hesabına tikilib ehtiyacı olan jurnalistlərə verilir. Kimlərinsə buna mənfi çalarlar qatmaq istəyi isə başa düşülən deyil. Hətta ən radikal yazan “Azadlıq” qəzetinin 2-3 jurnalistinə də mənzil verilib.
Ümumiyyətlə, jurnalistikada yaxşı xidmət etmək iqtidar-müxalifət mətbuatında çalışmaqla ölçülməməlidir. Doğrudur, son illər Azərbaycan jurnalistikası bir qədər siyasiləşib və qütbləşib. Ancaq illər öncə “Azərtac” dövlət agentliyində çalışmış jurnalist həm “Azadlıq”, həm “Yeni Müsavat”, həm də digər qəzetlərdə çox rahat işləyə bilirdi. Yəni, jurnalistin siyasi mövqeyi yox idi. Onlar sırf jurnalist fəaliyyəti ilə məşğul idilər. Ancaq son illər bu məsələ ilə bağlı müəyyən problemlər ortaya çıxıb. İndi nəinki Azərbaycan mətbuatı, o cümlədən dünya mətbuatı 10-15 il öncə yazılan yazıları bu gün yaza bilmir. Misal üçün, mənim Almaniyada jurnalist dostlarım var. Onlar da söyləyirlər ki, Almaniyada heç bir mətbuat orqanı dövlət siyasətindən kənar fəaliyyət göstərə bilməz və yaza bilməz. Almaniyada media açıq şəkildə dövlətə xidmət edir. Mən də hesab edirəm ki, media hakimiyyətə deyil, dövlətə xidmət etməlidir. Artıq Azərbaycanda da bu ənənə formalaşıb və media dövlətə xidmət edir. Bu gün Azərbaycan və Türkiyə mediası da dövlət maraqlarına görə 15-20 il əvvəlki kimi yaza bilmirlər. Bu gün Azərbaycana və Türkiyəyə qarşı ciddi kənar təhdidlər var və bunun həyata keçirilməsində medianın da gücündən istifadə etmək məqsədi güdülür. Azərbaycan mediası isə bu cür təhdidlərə qarşı dövlətin maraqlarını üstün tutur. Hesab edirəm ki, Azərbaycanın bütün jurnalistləri dövlət maraqlarını daim üstün tutmalıdırlar. Biz hər zaman dövlətçilik maraqlarından çıxış etməliyik. Mən demirəm ki, hakimiyyəti tənqid etməyək. Hakimiyyəti tənqid etmək olar, ancaq dövlətin maraqlarını qorumaq borcumuzdur.

- Ötən dəfə jurnalistlərin binasından sizə də ev verilmişdi. Qonşularınız kimlərdir və onlardan razısınız?

- Qonşularımdan biri Roza Əliqızı, biri isə Qənirə Ataşovadır. Digər ikisini isə tanımıram. Mən adətən qonşularla çox ünsiyyət saxlamıram. İşdən evə gələndə həyətə düşüb ümumi binanın sakinləri ilə söhbət edirik. Açığı deyim ki, indiyədək kimin neçənci mərtəbədə yaşadığını da bilmirəm. Binaya yeni köçəndə də bir-iki dəfə bayramı bir yerdə keçirtmişik. Ancaq bayramlarda kiməsə zəng edib, mesaj yazmaq mənim xarakterimə yaddır. Hətta bayramlarda özüm üçün müqəddəs saydığım atama belə mesaj yazıb təbrik etməmişəm. Bayramlaşmaq nəsə mənə aid məsələ deyil. Ola bilər ki, Novruz bayramlarında övladlarım harasa gedib papaq atırlar və sairə.


- Bir ara şayiə yayılmışdı ki, jurnalistlərin binasında yaşayan jurnalistlərdən bəzisi evlərini kirayə verirlər və sairə. Heç belə hallarla rastlaşmısınız?

- Səmimi deyim, o qədər iş-güc var ki, beynimdə belə məsələlərə yer ayırmaq imkanım yoxdur. Bu, insanların şəxsi işidir.

- Parlament Jurnalistlər Birliyinin jurnalistlərlə bağlı yeni təklifləri varmı?

- Bilirsiniz, bizim indiyə qədər qaldırdığımız çox məsələlər olub, kifayət qədər ciddi təşəbbüslərimiz ortadadır. Misal üçün, 2014-cü ilin avqust hadisələri baş verəndə biz Parlament Jurnalistlər Birliyi olaraq cəbhə bölgəsinə səfərlər təşkil etmişik. Cəbhə xəbərləri yazan jurnalistlərin ciddi səhvlərə yol verdiklərini görürdüm. Şəxsən o vaxt 4 gün ərzində bütün cəbhəboyu ərazilərdə olduq. Mən müxbirlərlə bir yerdə olanda özümü daha güclü, daha yaxşı hiss edirəm. Amma bir sual verəcəm, son 15-20 ildə hansısa media qurumunun rəhbərini müxbirlərlə bir yerdə yazı hazırlayan görmüsünüz? Əsl jurnalistika müxbirlərin yanındadır.
Jurnalist həmrəyliyi ilə bağlı da təkliflərimiz var. Biz “Əkinçi” qəzetinin simvolik nüsxəsini buraxmışıq. Parlament Jurnalistlər Birliyi Türkiyədə “Əkinçi” qəzetini kitab halında çap etdirib və 300-dən artıq türkiyəli jurnalistin iştirakı ilə kitabın təqdimatını keçirmişik.
Bundan başqa, jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi ilə bağlı təkliflərimiz var. Bunu biz kosmosdan söyləmirik. Bu, ən azı qardaş Türkiyənin təcrübəsində var. Türkiyədə jurnalistlər ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Bunu Azərbaycanda da reallaşdırmaq mümkündür. Bəzən bu təklifimizə görə bizə əks arqumentlər qoyulur. Bildirirlər ki, guya bu reallaşsa, Azərbaycanda jurnalist ordusu yaranacaq və sairə. Ancaq mən belə düşünmürəm. Azərbaycanda əsl jurnalistlərin kimlər olduğunu hamı tanıyır və bilir. Bunun üçün Mətbuat Şurası, KİV DF var. Bu qurumlar tərəfindən əsl jurnalistlərə ictimai nəqliyyaatdan pulsuz istifadə üçün müvafiq kartlar verilə bilər. Əgər media kartı “reket” jurnalistlərə də veriləcəksə, bunun problemi bizdə olmayacaq. Əksinə, bu reallaşsa, jurnalistlərə əlavə stimul olar.
Başqa bir məsələ da var. Sanki 10-15 il öncəki vəziyyətlə müqayisədə indi yeni təşəbbüslərə yer yoxdur. Bu isə doğru hal deyil. İnsanlar səhv etməkdən çox qorxurlar. Amma iş və hərəkət varsa, orada müəyyən səhvlərin də olması gözləniləndir. Birdə görürsən ki, insan xeyli düz iş görür, ancaq bir dəfə də sağ ol deyilmir. Amma bir səhv işi olan kimi gözdən salınır. Bu cür hallardan ehtiyyat edən jurnalistlərimiz, redaktorlarımız var. Mən bunu doğru qəbul etmirəm.
Parlament Jurnalistləri Birliyi öz fəaliyyətini davam etdirir.

- Bəs Milli Məclisin sədri Oqtay Əsədovla parlament jurnalistləri arasında nə üçün görüşlər təşkil olunmur?

- Bu gün Milli Məclis sədrinin müavinləri ilə jurnalistlərin görüşü, müsahibələri olur. Bu məsələdə heç bir problem yoxdur. Şəxsən mən də spikerlə parlament jurnalistlərinin görüşünün olmasını çox istərdim. Düşünürəm ki, biz bu məsələni Milli Məclisin mətbuat katibinin də diqqətinə çatdıra bilərik. Biz bu cür məsələləri zaman-zaman gündəmə gətirmişik. Bir halda ki, ölkə başçısı jurnalistlərlə görüşür, onların problemləri ilə yaxından maraqlanır, onun həllinə çalışır, o zaman hər bir vəzifəli şəxs və dövlət məmuru üçün də bu bir nümunə olmalıdır.

- Jurnalistlər tərəfindən tənqid olunan deputatlar sizin vasitənizlə barələrində gedən yazıların dayandırılmasını istəyirlərmi?

- Səmimi deyim ki, əvvəllər belə hallar daha çox olurdu. Ancaq son illər belə halların sayı azalıb. Mən məmur və deputatlara görə jurnalistlərdən nə isə xahiş etməmişəm. Onlar millət vəkilləridirlər. Ona görə də elə danışmalıdırlar ki, sabah problem olmasın, danışıqlarına görə jurnalistlərin tənqidlərinə məruz qalmasınlar.
Bəzən bizdə elə deputatlar olur ki, danışandan sonra fikirlərini təkzib etməyə çalışır. Bu cür hallarla “Modern.az” daha çox qarşılaşır. Ancaq biz bu cür məsələlərdə jurnalist həmkarlarımızdan fərqlənmirik. Bu cür problemləri bizdən çox yaşayan olmur. Bunun da səbəbi odur ki, “Modern.az” Milli Məclislə bağlı daha çox xəbər verir.
Misal üçün, deputat Ağacan Abıyev bizə açıqlama verir, sonra isə deyir ki, mən belə sözlər deməmişəm. Diktafonda səsinə qulaq asdırırsan, yenə dediyi sözün üstündən qaçır. Bu cür hərəkətlər doğru deyil. Sonra da deyirlər ki, biz bunu yazmaq üçün deməmişik və sairə. O zaman sual olunur ki, mən jurnalistəm, sən bunu mənə nə üçün demisən? Bu kimi problemlər var.
Parlament Jurnalistlər Birliyi deputatları qorumaq üçün yaradılmayıb. Parlament Jurnalistlər Birliyi Milli Məclisin işini cəmiyyətə çatdırmaq və mövcud məsələlərin birgə həll edilməsi üçün fəaliyyət göstərən təşkilatdır. Bu istiqamətdə də bizim kifayət qədər geniş işlərimiz olub. Dəfələrlə sorğular keçirmişik, qanunvericilikdə hansı sahələrdə problemlər və ya boşluqların olmasını öyrənmişik. Hətta, bu gün elə parlament jurnalistlərimiz var ki, Milli Məclisin işini bəzi deputatlardan yaxşı bilirlər. Bu ənənə var və davam edir. Yenə də deyirəm ki, biz heç zaman deputatları qorumaq üçün yaranmamışıq. Bundan sonra da belə fikrimiz yoxdur.

- Jurnalist həmkarlarınızı müdafiə etdiyinizə görə sizdən incik düşən deputatlar olub?

- Təbii ki, var. Jurnalistlərə görə məndən incik düşən xeyli deputat olub. Millət vəkili elə bilib ki, həmin məqamda jurnalisti deyil, onu müdafiə edəcəm. Ancaq tam əksini görüb, bu isə mənim borcumdur.
Etiraf edək ki, bəzən jurnalistlərin içərisində də fikirləri təhrif edib cəmiyyətə çatdıranlar olur. Bu da olmamalıdır. Milli Məclisin sabiq sədri rəhmətlik Murtuz Ələsgərovun vaxtında jurnalistlərimiz arasında çox güclü həmrəylik var idi. O dövrdə biz 70-dən çox “reket” jurnalisti Milli Məclisdən çıxarmağa nail olmuşuq. Bununla da parlament həmin adamlardan təmizlənmişdi. Hətta, buna görə 2 il mən məhkəmələrə gedib-gəlmişəm.

- Siz həm də cəmiyyətdə, xüsusilə mediada Kəlbəcər təəssübkeşi kimi tanınırsınız. Rəhbəri olduğunuz sayta diqqət edəndə də bunu görmək olur.

- Bu gün Azərbaycanın Qarabağ bölgəsi, ümumən torpaqlarımızın 20 faizi işğal altındadır. Dövlətimizin ərazi bütövlüyü pozulub. Hər bir azərbaycanlı kimi mənim də ən böyük istəyim Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Bütün fəaliyyətim bununla bağlıdır. Bir müstəqil ölkənin vətəndaşı üçün onun ölkəsinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı kimi vacib, müqəddəs bir şey tanımıram. Ona görə də belə məsələlərə özümdən asılı olmayaraq çox həssas yanaşıram. Və inanın ki, işğal olunmuş digər bölgələrimiz də Kəlbəcər qədər mənə doğmadır. Şuşa isə mənə daha çox əziz və doğmadır.


- Rəhbərlik etdiyiniz “Modern.az” portalını böyütmək fikriniz var?

- Təbii ki, var. Hətta, Azərbaycan dili ilə yanaşı, rus, ingilis və digər xarici dillərdə də fəaliyyət göstərmək istərdik. Ancaq bunun üçün müəyyən maddi güc tələb olunur.
Fəaliyyətə başladığımız ilk gündən Qarabağ məsələsi bizim üçün prioritet olub.
Hər bir baş redaktor istəyər ki, redaksiyası daha da böyük olsun, inkişaf etsin. İnsan belədir ki, 30 yaşadək arzular, xəyallarla dolu olur. İnsan 30 yaşı adlayandan sonra xəyallar işə yaramır, reallıq nədirsə, onunla ayaqlaşırsan. Bu gün bizim gerçəkliyimiz: tanınan xəbər portalı kimi 8 ildir ki, fəaliyyət göstəririk. Bütün tərəflərdə etibar qazanmışıq. Sifarişdən tam uzağıq. Ancaq hazırkı vəziyyətdə maddi vəsaitimiz və resurslar imkan vermir ki, əlavə işçilər götürək, xarici dillərdə də fəaliyyətə başlayaq, internet televiziyamızı yaradaq və s.

- Nə vaxtsa jurnalistikadan getmək barədə düşünmüsünüzmü?

- Bəzən dostlar deyir ki, 30-40 yaşdan sonra jurnalistikada qalmaq çətindir. Sonra da bunu 50 yaşa qaldırdılar. Mənim 40-dan çox yaşım var. Bizim taleyimiz də jurnalistikaya bağlıdır. Jurnalistika sanki xoşxassəli bir xəstəlikdir, adam bu xəstəlikdən can qurtara bilmir. İlk baxışdan düşünürsən ki, buradan ayrıldımsa, bütün həyatım puç olacaq və sairə. Ancaq heç də elə deyil. Jurnalistikadan gedəndən sonra maddi vəziyyəti yaxşılaşan, yaxşı işi və şəraiti olan o qədər adam tanıyıram ki. Amma mən özümü hələ ki, jurnalistikadan ayrı görmək düşüncəsində deyiləm. Çünki orta məktəbdən jurnalist olmaq istəmişəm. Bu gün də arzularım reallaşıb. Mənim ciddi maddi imkanım olsa, gələcəkdə başqa bizneslə məşğul olmaram, sırf media sahəsinə investisiya qoyaram. Hətta ciddi maddi imkanım olarsa, Azərbaycanda alternativimiz olmaz düşüncəsindəyəm. Bu fikri hər kəs söyləyə bilər. Amma bunu reallaşdırmaq təkcə maddi imkana bağlı deyil. Potensialdan da çox şey asılıdır. Bu gün bizim redaksiyada çalışanların da buna potensialı var, ancaq maddi durum hələlik buna imkan vermir. Əgər elə imkanım yaranarsa, ilk növbədə bunu reallaşdırmağa çalışaram. Qalan problemlər isə tədricən öz həllini tapacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.