Aktyor: "Bəziləri kloun olmaqdan utanır"

22-03-2018, 11:06           

Klounluq dünyaca məşhur sənət növüdür. Azərbaycanda bu sənət növünü 90-cı illərdən başlayaraq məşhur klounlar "Appa", "Ninni", "Zır-zır" bütün yaş təbəqələrinə sevdirə bildilər. Pantomima Teatrının keçmiş aktyorları, məşhur üçlük Qurban Məsimov, Elman Rəfiyev və Pərviz Məmmədrzayev bu personajlara "can" verərək Azərbaycan səhnəsinə kloun sənətini gətirməyi bacardılar.

Təəssüflər olsun ki, bir neçə ildən sonra aktyorlar səhnəmizdə fəaliyyətlərini davam etdirsələr də, bu personajları "öldürmək" qərarına gəldilər. Yalnız Elman Rəfiyev hal-hazırda "Ninni" obrazında "Ora-bura" pantomima tamaşasında rol alır.
Maraqlıdır ki, məşhur üçlükdən sonra bu sənəti peşəkar şəkildə davam etdirən aktyorlar yoxdur. Sadəcə bəziləri üzünü qrimləyib uşaq şənliklərində klounluq edirlər.
"Appa", "Ninni", "Zır-zır" kimi yaddaşlarda qalan aktyorlar Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti olublar. Klounluq sənətinin hazırkı vəziyyəti ilə bağlı danışıblar.

"Appa"nı canlandıran Qurban Məsimov bildirib ki, Pantomimadan çıxandan sonra rejissorluq etdiyi üçün kloun kimi fəaliyyətini dondurub. Ancaq lazım olan məqamlarda Azərbaycanı dünya teatr səhnəsində kloun kimi təmsil edir.
Aktyor-rejissorun sözlərinə görə, "Klounluq sənətdir və bu sənəti yaşatmaq üçün insan psixologiyasına bələd olmaq lazımdır", — deyən Q.Məsimov indiki klounlardan da danışıb: "İndiki özlərini kloun adlandıranlar bəzən uşaqlar və böyüklərlə çox şit zarafatlar edirlər. Bu da doğru deyil. İnsanları əyləndirmək lazımdır, amma şit zarafatlar etmək olmaz. Teatr səhnəsi ilə restoranda işləmək tam fərqlidir. Bu, məharət tələb edir".

"İndiki vəziyyətdə peşəkar klounlar yoxdur. Restoranlar pula qənaət etmək məqsədilə öz ofisiantlarının birindən xahiş edir ki, bir neçə saatlıq kloun olsunlar. Belə olan halda, hansı peşəkarlıqdan söhbət gedə bilər?", — deyə o əlavə edib.
Aktyor düşünür ki, indiki klounları sənət yox, ancaq qazanc maraqlandırır: "Bəzən klounlar üzlərinə çox qrim edirlər. Soruşanda ki, niyə belə edirsən? Deyir ki, istəmirəm məni tanısınlar. Bəziləri kloun olmaqdan utanırlar. İndi restoranlarda çox qrimlənmiş, rəngli parik taxmış, böyük cibləri olan klounlar mövcuddur. O ciblər isə "şirinlik" yığmaq üçün lazımdır. Onlar da sənət göstərməklə yox, restorana gələn insanlardan pul qoparmaqla məşğuldurlar".
Məsimovun fikrincə, belə klounlar da lazımdır: "Bir sözlə, kimin yaradıcılığı nəyə çatırsa, onunla da məşğul olur".
"Nini" obrazını canlandıran Elman Rəfiyev isə deyir ki, Azərbaycanda ilk kloun obrazını onlar canlandırıblar: "2005-ci ilə kimi restoranlarda, ad günlərində iştirak etmişik. 2005-ci ildən isə klounların sayı artmağa başladı. Biz də qərara aldıq ki, restoranlarda çıxışlarımıza son qoyaq".

E.Rəfiyev teatrda, səhnədə hələ də kloun obrazını qoruyub saxladıqlarını vurğulayıb. Bildirib ki: "Nini" "Ora-bura" tamaşasında bu gün də oynayır.
Aktyorun qənaətincə, klounluq, hətta aktyor sənətindən də çətindir: "Peşəkar kloun insanlara yaxınlaşanda elə davranmalıdır ki, insanlar onunla kobud davranmasın. Sənətdən anlayışı olmayan klounlar insan psixologiyasını bilmədiyi üçün insanların kobudluğu ilə üzləşirlər. Qeyri-peşəkarlar klounluq edirsə, belə kobudluğun olması normaldır".
Rəfiyev indiki restoran klounlarına bəzi məsləhətlər də ünvanlayıb: "Əgər dünya görüşün yoxdursa, onda sən sadəcə bəzənmiş kuklasan. Kloun olmaq istəyən şəxs insan psixologiyasını bilməlidirlər, çox oxumalıdır, hazırcavab olmalıdır, hər vəziyyətə hazır olmalıdır. Bu xüsusiyyətlərə malik olmadan kloun olmaq çətin məsələdir".
"Zır-zır" obrazını tamaşaçılara sevdirən Pərviz Məmmədrzayev üçlük dağıldıqdan sonra Pantomima Teatrında fəaliyyətini davam etdirib. Aktyor deyib ki, canlandırdığı "Zır-zır" da elə o teatrda oynadığı və müəllifi olduğu bir obraz olub.
"Zır-zır" sonradan onu yamsılayanlar haqqında bunları deyib: "Düzdür, o klounun zahirini sonra oynadılar. Amma mənim klounum elə mənimlə də qalıb. Aktyor da gedəndə obrazları onunla birlikdə o məkandan gedir. Sonra gələnlər nə qədər çalışsalar da, həmin obrazı oynaya bilməzlər. Yalnız özləri qədər, öz tutumları qədər oynayacaqlar".

P.Məmmədrzayevin fikrincə, klounluq fəlsəfədir, dünyaya baxışdır: "Əgər həmin obrazı yaradan adam onu yalnız pul qazanmaq üçün düşünürsə, həmin ruh uçub gedəcək. Təbii ki, günah həm də tamaşaçının intellektindədir. Əgər kloun imkan verirsə, onu təhqir etsinlər, deməli, məsələ onun şəxsiyyətindədir. Kloun hər an hazırcavab, intellektual olmalı, vəziyyətdən çıxmağı bacarmalıdır".
Aktyor danışıb ki, onlar bu sənətin məktəbini oxuyublar: "Qurban Məsimovla mən rejissorluğu bitirmişik. Elman Rəfiyev də aktyorluğu bitirib. Yəni kənardan gəlib bu işə qoşulmamışdıq. Bizdə hər iş təbii şəkildə bölünmüşdü. Qurban ilə mən bu barədə çox ədəbiyyat oxumuşduq. Nəzəri biliyimiz çox idi. Elman da bizimlə bərabər nəyi necə etmək olar, nəyi olmazı öyrənirdi".

"Üçümüz də hər çıxışımızdan sonra oturub nəyi düzgün, nəyi səhv etdiyimizi araşdırırdıq. Bu sahədə bizə rəhbərlik edən olmayıb. Sonra təqdim etdiyimiz hər işin yaradıcı tərəfini də birinci öz aramızda təhlil edirdik. Tənqidçi də, aktyor da, rejissor da, müəllif də özümüz idik", — deyə o əlavə edib.
Aktyor-rejissor, həmçinin işi öyrənmək üçün əlavə vəsaitlərdən istifadə etdiklərini də bildirib: "Əlavə disklərə, videolara çox baxırdıq. Hərdən düşündüyümüz ideyanın həyata keçmə yolunu görəndə sevinirdik ki, düz yoldayıq".
P.Məmmədrzayev indiki klonlara məsləhət görüb ki, əvvəlcə öz obrazları ilə tamaşaçıya hansı mesajı ötürmək istədiklərini düşünsünlər: "Onda kloun obrazı formalaşmağa başlayacaq. Yoxsa filan hərəkət bu klouna yaraşdı-yaraşmadı onu oynasa, həmin kloun maskası altında olan intellektini, səviyyəsini və digər aspektləri göstərəcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.