“Arşın mal alan”dakı Əsgər, Süleyman bəy homoseksual, qızlar isə…” - Tanınmış aktyor
29-03-2018, 13:32
Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist İlham Hüseynovun teatrdan çıxarılması ətrafında söz-söhbət səngimək bilmir.
Bir qrup aktyor teatrın direktoru Azərpaşa Nemətova qarşı ittihamlar səsləndirir. Yaranan bu gərginliyi aradan qaldırmaq üçün teatrın bir neçə aktyoru ilə əlaqə saxlasaq da müsahibə vermək istəmədiklərini bildirdilər. Əməkdar artist Əli Nur isə AzNews.az-a müsahibəsində İlham Hüseynov və onun tərafdarlarının haqsız olduğunu dedi.
- Əli müəllim, “Azdrama”nın ətrafında nə baş verir?
- Bu gün Akademik Milli Dram Teatrı kənar şəxslərin dili ilə tənqid atəşinə tutulur. Cavan bir aktyordur, hələ yetişməyib, mətbuatda yazır ki, Akademik Milli Dram Teatrı 145 ildə heç bir iş görməyib. Və bundan sonra 245 il də keçsə, heç bir iş görməyəcək. Bu, nadanlıq və cahillikdir. Səməd Vurğunun təbrincə desək, bu ağılsız köpəyin ulduza hürməsidir. Vaxt vardı Akademik teatrın truppası ilə bütün SSRİ fəxr edirdi. Hətta bəzi rejissorlar var ki, deyib “bu truppa bizim olsaydı, bütün dünyanı gəzərdik”. Son vaxtlarda “Azdrama”ya iradlar tutulur. Bunu həm Azər Paşa Nemətovun ünvanına, həm də onlara edilən haqsızlıqlarla bağlayırlar. Azər Paşa Nemətovdan əvvəl bu teatrın rejissorları olub. Mərhum Ədil İskəndərov, Mehdi Məmmədov və Tofiq Kazımov…1988-ci ilə kimi bu rejissorlar teatrı ən yüksək zirvəyə qaldırıblar. Tofiq Kazımov dünyasını dəyişəndən 30 il sonra bu teatr başsız qaldı. Düzdür, onlardan sonra çoxlu direktorlar gəldi. Teatrın bel sütunu baş rejissordur. Teatr qaldı baş rejissorsuz. Müəyyən qədər xalq artisti Mərahim Fərzəlibəyov baş rejissor oldu. O, da özünü doğrutmadı.
- Mərahim Fərzəlibəyov niyə özünü doğrulda bilmədi?
- Teatrın baş rejissoru və bədii rəhbəri şəxsiyyət olmalıdır. O, sənəti heç nəyə satmamalıdır. Baş rejissor eyni zamanda talantlı şəxslərin qiymətini verməlidir. O, həm də milli teatr sənətində istedadlı və ləyaqətli aktyor və aktrisaları qorumalıdır. Bunlar teatrın direktoru deyil, bədii rəhbərinin səlahiyyətindədir. Çünki rol bölgüsündə, tamaşa hazırlayanda ən güclü ali dərəcəli aktyorlardan istifadə etmək lazımdır. 3-4-cü dərəcəli aktyorları səhnəyə buraxmaq olmaz. Həmin aktyorlar onlara verilən rolun öhdəsindən gələ bilməz. Hər aktyor və aktrisa iki saat müddətində tamaşaçını sehirləyib ovcunda saxlaya bilməz. Bu, tamaşaçıları qaçırtmaq və teatrın reytinqinə xələl gətirməkdir. Və eyni zamanda teatr sənətinə hörmətsizlikdir.
“Azdrama”da 30 ildə cürbəcür hadisələr baş verdi. Müəyyən adamlar direktor təyin olundu, onların “əməyi” və sənətə baxışlarının sayəsində teatr hörmətdən düşdü.
- Bəs bu gün teatrda vəziyyət necədir? Söhbət Azər Paşa Nemətovun rəhbərliyindən gedir…
- Azər Paşa Nemətov teatrı tamam dəyişib. 30 il əvvəlki ənənə qayıdıb. Teatrda yaradıcılıq atmosferası bərpa olunub. Nizam-intizam qaydaya düşüb, müxtəlif tamaşalar qoyulur. Köhnə və yeni teatr yoxdur. Yaxşı və pis teatr var. Yaxşı teatr olmaq üçün orada güclü aktyor heyəti olmalıdır. Zəif aktyor və əsərdən heç vaxt teatrın reytinqini qaldırmaq olmaz. Azər Paşa Nemətov kimdir? Azər Paşa Nemətov öz sənətini dırnağından saçına kimi mükəmməl bilən rejissordur. Onun həm də musiqi təhsili var. Bu, rejissor üçün hava və su kimi lazımdır. Onun teatrı görmə və duyma qabiliyyəti indiki rejissorlarda yoxdur.
- Yuxarıda qeyd etdiniz ki, “Azdrama” 30 il başsız qalıb. Bunun günahı kimdədir?
- İslahatlarda. “Azdrama”nın bundan əvvəlki rəhbəri İsrafil İsrafilov bura gələr-gəlməz islahatlara və eksperiment aparmağa başladı. Akademik teatrda eksperiment aparmaq olmaz. Çünki burada ulduz sənətkarlar var. İsrafil öz hakimiyyəti dövründə bu teatra YUĞ-u qarışdırdı. Məsələn, “Nadir Şah” tamaşası hazırlanırdı. Nadir Şah böyük türk sərkərdəsidir. YUĞ-un kollektivi bu tamaşanı hazırlayanda mən onun içərisində olmuşam. Mən onların teatra gətirdiyi estetika ilə razı deyiləm. Əvvala YUĞ teatrının öz estetikası var, həmin estetikaya görə 30-a kimi aktyorun arasında mübahisə baş verib.
- Mübahisəyə səbəb nə göstərilirdi?
- Onlar deyiblər ki, türk sültanları, Nadir Şah cinsi azlığın nümayəndəsi olub. Mən buna qarşı çıxmışam. Demişəm ki, tarixi şəxsiyyətlərə niyə şər atırsınız? Bu, bağışlanımaz səhvdir. Teatrın rejissoru mənə deyib ki, “biz teatrı tualet kimi qəbul edirik, tamaşaçı orada rahat olub gedir”. Mən buna qarşı çıxmışam. Demişəm ki, teatr müqəddəs yerdir, sizin teatra ünvanladığınız estetika isə murdardır. Bundan əlavə, “Arşın mal alan”ı səhnəyə qoyan rejissor necə deyə bilər ki, onun qəhrəmanları olan “Əsgər, Süleyman və nökər homoseksual, qızlar isə…”. Bunu Azərbaycan səhnəsinə gətirmək olar? Bu, hansı estetikadır? Bu, eksperiment yox, murdarlıqdır, Üzeyir bəy Hacıbəyova, Axundova hörmətsizlikdir. Bu, həm də mədəniyyətimizə, Azərbaycan səhnəsinə hörmətsizlikdi. Azərbaycan xanımları o tamaşaya baxanda nə düşünər, onu necə qəbul edərlər? Ayıbdır! İndi həmin adamlar nə basqı edir “Azdrama”ya? Bəli, “Azdrama”nın öz ənənəsi var. Estetikası da gözəllikdir.
- Neçə gündür ki, aktyor İlham Hüseyinli ilə bağlı qalmaqal başlayıb...
- İlham yaxşı aktyordur. Amma o, eyni vaxtda həm Gəncə Teatrında, həm də “Azdrama”da işləyir. İndiki vaxtda iki teatrda işləmək mümkin deyil. Buna görə “Azdrama”nın üstünə nə düşmüsünüz? Əməkdar artistdir. Mən demirəm ki, o, istedadsızdır, əsla. Ona hörmətim var. Lakin İlham fəxri adı 3 ilə alıb, mən isə 30 ilə. Bu, teatrda bağışlanılmaz ədalətsizlikdir. Əməkdar artist fəxri adını almaq üçün gərək 15 il səhnə fəaliyyətin ola. Bələdiyyə teatında bir tamaşada oynamayan aktyor, teatrın 10 illik yubileyində bəxti gətirib, fəxri ad alıb. Bu, teatr sənətində bağışlanılmaz səhvdir.
- “Azdrama”da bütün titulları alan sənətkarlar ola-ola, bu gün teatra və Azər Paşa Nemətova qarşı ünvanlanan iradların qarşısına sənəti və əməyi qiymətləndirilməyən Əli Nur çıxıb?
- 1961-ci ildə Mədəniyyət naziri müəyyən adamları yığıb mərhum Ədil İskəndərovu işdən çıxardılar. Bir adam onu müdafiə etmədi, səsini çıxarmadı. Onun rol verib, ucaldıb-tanıtdırdığı şəxslər ağzına su alıb oturdular. O hadisə bu günə kimi mənə təsir edir. Əzab çəkirəm ki, "Kərəməli"dən "Otello"ya kimi kimi qaldırdığı aktyorlar belə onu müdafiə etmədilər...
Son iki ildə teatra həvəskar teatrşünaslar tərəfindən basqı olur, lakin hamı ağzına su alıb susur, bir nəfər belə danışmır. Onların arasında Azər Paşa Nemətovun tələbələri, sevdiyi aktyor və aktrisalar da var. Bəs bunlar niyə danışmır? Amma mən susa bilmərəm. Bu, teatra və Azər Paşa Nemətova qarşı olan basqıları mən qəbul edə bilmərəm. 11 direktorla işləmişəm. Bilirəm kim kimdir. Rejissor canını və həyatını teatra verir. Bu teatra təsadüfən məmurdan inzibatçıya kimi gəlib rəhbərlik edənlər olub. Teatr rejissor sənətidir. Yazırlar ki, Azər Paşa Nemətov tamaşadan sonra təzim edir. Bu, tamaşaçını teatra bağlamaqdır. Aktyora qalan isə alqış və tamaşaçıdan gələn təbəssümdür. Azər Paşa Nemətov teatra məhz bunu gətirdi.
Akademik teatra olan basqını qəbul edə bilmərik. Ola bilsin ki, bəzi aktyorlar dövlət tərəfindən qiymət almayıblar, bu, başqa söhbətidr. Amma bir İlham Hüseynova görə “Azdrama”nı top atəsinə tutmaq böyük səhvdir. İsrafil İsrafilov Azər Paşanın ən yaxın dostu olub. O, bir neçə məqaləsində “Azdrama”nı tənqid edib. Bəs sənin vaxtında teatr nə halda idi? İsrafilin rəhbərliyi dövründə “Azdrama” Afrika “cəngəlliyinə” oxşayırdı. Böyük-kiçik yox idi, adam xəcalət çəkirdi, elə bilirdin Dərbənd bazarıdı. Utanmırsan? Nə istəyirsən bu teatrdan? Sən Azər Paşanın heç ayaqqabısını da geyə bilməzsən. Bu, cahillik və nadanlığın əlamətidir.