772-ci batalyon FOTO

17-04-2015, 12:14           

Həmsöhbətim 772 saylı reyd dəstəsinin könüllü əsgərlərindən
Fərid Rəhimov
- Fərid bəy, sizin hərbi hissənin erməninin kabusuna çevrilməsi bəllidir, bəs bunun sirri nədə idi?
- Bizim hərbi hissənin üstünlüyü ondan ibarət idi ki, tərkibi əsasən həqiqi hərbi xidmət kecmiş, təlim görmüş döyüşcülərdən, gizir və zabitlərdən təşkil edilmişdi. Bizdə "əfqanıstan" keçmiş hərbçi və əsgərlər vardı. Bilmirəm, sizə danışıbmı uşaqlar, Çərəktar döyüşündə Qəribov Fazil adlı snayperçimiz vardı. O, həmin döyüşdə ən az 8-10 nəfər erməninin atəş nöqtələrini məhv edərək susdurmuşdu. Onlar Fazilin sərrast atəşindən tutduqları mövqedə hərəkət edə bilmirdilər. Onun Çərəktar döyüşündə özünəməxsus rolu olub. (Fazil (ləqəbi - Faza) Qəribov - K.S.) Əfqanıstan müharibəsini keçmiş snayperçidir, orada xüsusi təyinatlı hərbi hissədə qulluq edib və Döyüş xidmətinə görə medalla təltif olunub. 772-yə gəldiyində də snayperçi kimi müharibəni bizimlə bərabər keçib. Bilirsiniz, ətrafında biriləri gözləmədiyin halda və naməlum istiqamətdən vurulanda, bu, vahimə yaradır. Ermənilər yerindən tərpənə bilmirdi. Həm də belə hallar atəş nöqtələri bilinməyən güllə altında vurulan meyid və yaralıları çıxarmaq onları çətin duruma salırdı. Deyərdim ki, bu anlamda onun Çərəktar döyüşündə böyük xidməti olub və qeyd edilməlidir. Digər döyüşçümüz PDM1-in atıcısı, təxəllusu “Başgir” - Robert Axunovun (sürücüsü isə ukraynalı olduğundan (adı yadımda deyil) təxəllüsü “xaxol” idi - F.R.) PDM dən atdığı sərrast atəşlər fermada pusquda duran erməniləri vahiməyə salmışdı, onun da bu döyüşdə özünəməxsus rolu olub. Daha sonra bizdə Novruz (Kərimov - K.S.) vardı, əvvəlcədən üzr istəyirəm, uşaqların çoxunun soyadı xatirimdə qalmayıb, təxəllüslə bir-birimizə müraciət etdiyimizdən ad və soyadları işlənmir və unudulur, o, Çərəktar döyüşündə yaralanandan sonra “Qozlu körpü” döyüşünə hospitaldan yarımçıq çıxıb gəlmişdi və ikinci dəfə bu döyüşdə də yaralanaraq yenidən hospitala düşdü. Bizdə döyüşçülər əməliyyatlara belə can atırdı, bu, bizim hərbi hissənin tarixidir, hissədə olmuş hər bir döyüşçünün tarixi, şərəfli tarixi...
Çərəktar döyüşündə mən Şahvələdin adını çəkməyə bilmərəm. O, Rusiyada "MVD məktəbini" (Polis Akademiyası) qırmızı diplomla bitirmişdi. Çərəktar döyüşü zamanı onun tərkibində getdiyi qrup ilk olaraq Çərəktara gəlmişdi və sonradan 2-ci və 3-cü qruplar yetişənə qədər bilirsiniz ki, qrupun uşaqları hamısı qeyri bərabər döyüşdə yaralanmışdı. Sahvələdin isə xidməti ondan ibarət olmuşdu ki, yaralı 10 nəfər yoldaşının tək başına avtomatlarının darağını dəfələrlə doldurmuşdu. Döyüşdə olanlar bunun nə qədər böyük əhəmiyyətə malik olduğunu anlar, olmayanlar üçün deyim ki, yaralı əsgərin bunu təkbaşına etmək imkanı olmur, darağı dolduran olanda isə olduğu yerdən düşmən mövqeyinə atəş açmaq və düşmənin irəliləməsinin qarşısını almaq şansı böyüyür.
Çərəktar döyüşündə yaralananlardan Rzayev Rafiqin, Mustafayev Xanların, Əzizov İlhamın, Seyidin(təxəllüsü - Ərəb), Məmmədov İlqarın, Novruzun, Qafarov Əjdərin, İlhamın (təxəllüsü - Sembe) adlarını qeyd etmək istərdim. Adları yadımdan çıxan döyüşçülərimizdən üzr istəyirəm.

Zod-Qızıl mədənlərində
- Siz reyd dəstəsinin tərkibində ilk gündən döyüşlərin demək olar ki, hamısında iştirak etmisiniz, ilk söhbətimiz zamanı Zod-Qızıl mədənlərində olan döyüş haqqında bəzi dəqiqləşdirməyə ehtiyac olduğunu söylədiniz və mən bu döyüşü ətraflı danışa biləcək birbaşa əməliyyatın iştirakçısını tapa bilməmişdim. İndi sizdən məmuniyyətlə məhz bu döyüşü duymaq istərdim ki, oxucularımıza da döyüşün dəqiq mənzərısini çatdıra bilək.
- Zod döyüşündə bir PDM-in vurulmasını söyləmişdilər, amma burada yanlışlıq var. Döyüşün bilavasitə iştirakçısı kimi deyim ki, biz ermənilərin döyüş maşınını vurmamışdıq. Amma döyüşçülərlə dolu Zil131 və URAL vurmuşduq.

- Bəs erməni hücuma texnikasızmı keçmişdi? Daha ətraflı danışın, zəhmət olmasa.
- Biz oraya çatana qədər erməni nə ilə hücum etmişdisə, biz onu dəqiq deyə bilmərik, amma yerli batalyonun uşaqları dedi ki, ermənilər texnika və piyada qüvvə ilə hücuma keçmişdilər. Biz çatanda artıq döyüş səngimişdi və ermənilər arxayın gəzirdi. Elə məhz bu səbəbdən Rəfayıl dedi ki, biz indi hücuma keçəriksə ermənilər üçün gözlənilməz olacaq və biz onları qəfil haqlayacayıq. Ermənilərin belə güclü höcuma keçib, ərazidə irəlilədikdən sonra dərhal Azərbaycan ordusunun hücuma keçməsi döyüş zamanı olmayan bir hadisə idi, onlar buna hazır deyildilər və biz komandirin peşəkarlığı nəticəsində bu əməliyyatı uğurla keçirdik. İndiyə qədər həmin səs qulağımdadır: ermənilər ratsiyada bağırırdı ki, "Ara, ara, eto ne momedovskaya armiya! Eto SNQ-ovskie voyska prişli im na pomoş!" ( Ara, bu Mamedin ordusu deyil! MDB qoşunlarıdır, onlara yardıma gəlib!) Hələ də bu sözlər qulağımdan getməyib. Hətta o səsi indi duysam, bütün səslərin içindən seçə bilərəm. Qızıl mədənləri ətrafındakı döyüşlərdə düşmən tərəfin itgisi 50- 60 nəfərdən az olmazdı. Mən hələ gözlə sezilən sahələri nəzərdə tuturam ki, onların meyidləri sahə boyunca var idi. Biz düşmənin bir URAL və bir Zil131-ni məhv etdik, onlar bizim başladığımız hücuma qarşı yerli silahlılarına yardıma gəlirdilər və maşınlar erməni silahlıları ilə dolu idi. Bir dənə də avtobus vurmuşduq, içində 3-5 nəfər silahlı vardı. Döyüş meydanından sol tərəfdə qızıl mədəninin içində traktor vurulanda yanında 3 nəfər həlak oldu. Bu döyüşdə snayperçi Elçin Şükürov 3-5 arası erməni məhv etmisdi. Bu döyüşdə canlı iştirakçılardan minamyot dəstəsinin komandiri Mustafa Niyazəliyev öz qrupunun bir hissəsi ilə iştirak etmişdi. (Səhv etmirəmsə avtobusla traktoru onun qumbara atanları məhv etdi - F.R.)
Bəlkə bunu çoxları bilmir, amma hələ SSRİ dövründə Ermənistanın Zod kəndində yerləşən qızıl mədənlərindən çıxarılan xam mal Ermənistanın deyil, məhz Azərbaycan torpaqlarınin qatlarından çıxarılırdı. Onların əl atdığı firildaq və bizim rəhbərliyin göz yumduğu əməl bundan ibarət idi ki, ermənilər qazdıqları şaxtaların girişini Ermənistan ərazisindən başlasa da şaxtalar uzanaraq Azərbaycan sərhəddini keçib, ərazimizin alt qatlarını zəbt edir və beləliklə bizim milli sərvətimizi oğurlayırdılar...

Qozlu körpü
- Qozlu körpü döyüşüylə də əlaqəli maraqlı məqamlar haqqda məlumatlarınız var, demişdiniz, sizi dinləyirik.
- Qozlu körpü döyüşündə əvvəla bir dəqiqləşdirməni etmək istərdim ki, biz texnikaların üstünə minəndə səhər saat 6:15 idi. Bəzi mənə sonradan aydın olan məqamlar da var ki, ümumi döyüşün məqsəd və məramına aydınlıq gətirə bilər və mən bunu sizinlə paylaşmaq istəyirəm..
Döyüşün bir qaydası var, öndə gedənlər əsas döyüşü üzərinə almağa gedir, yəni irəlidə gedənlər öz üzərlərinə birinci atəşi qəbul edirlər ki, arxadakılar artıq döyüşün xarakterini anlasın, zərbə vurulan nöqtələri təyin etsin və düşmənin qüvvəsini müəyyənləşdirə bilsin. Artıq arxadan gələn qüvvə düşmən qüvvəsini məhv etməlidir, qarşıdakı qüvvələrin döyüşərək aşkarladığı düşmən mövqelərini arxada gələnlər ayırd edərək həmləyə başlayırlar. Əvvəldən müəyyən edilən döyüş taktikasına görə biz Agdaban-Çapar istiqamətində kəşfiyyat aparmışdıq və məhz oradan hücuma keçməliydik. Axşamdan briqada komandiri Zaur Rzayev bizə əmri çatdıranda hamımız narazı qaldıq. Səhər də texnikalara əyləşəndə Rafaelə dedim ki, Raf, axı bu istiqamətdə bizi nə gözlədiyini bilmirik. Cavab verdi ki, nə gözləyir fərq etməz, gedirik, əmr belədir! Adı artıq uşaqlar tərəfindən çəkilmiş Teymurla mən eyni PDM-də idik. Mən AQS-çi olmuşam. Məhz bu səbəbdən, məndən başqa AQS-də işləyə bilən olmadığı üçün tək öz qrupumla deyil, qrupların hər biriylə demək olar ki bütün döyüşlərdə iştirak etmişəm. Hətta AQS-dən istifadəni briqadanın uşaqlarına da biz öyrətmişik. Bizimlə kəlbəcərli bir nəfər gedirdi, bələdçi kimi, təəssüf, adı xatirimdə deyil. Axırıncı döngəni keçmədən ona dedim ki, bizə dəqiq de ki, ermənilərin əsas qüvvəsi harada gizlənə bilər , biz hazır olaq. Bizim kəşfiyyatçı uşaqlar isə ermənilərin mövqelərinə qədər gedib çatmışdı, amma dəqiq yerlərini müəyyən edə bilməmişdilər. Zaman az idi. Biz onları durduğu mövqedə ötüb keçməliydik və bizdən sonra onlar ardımızca hərəkət edib, döyüşü qəbul etdiyimizdən sonra onlar da döyüşə girməliydilər. Bələdçi dedi ki, qabaqda təxminən 300 metrdən sonra döngə var, oradan sonra yol şaquli istiqamətdə Qozlu körpüyə gedir, ola bilsin ki, ermənilər məhz bu döngədə bizi qarşılasın. Qaçıblarsa başqa, amma döyüş qəbul edəcəklərsə əlverişli yer oradır. Döngən sonra qarşımızda, körpünün yanı meşəlik idi və ermənilər bu meşəlikdə özlərinə əlverişli mövqe tutmuşdular. Biz döngəni keçən kimi güclü atəşə düşdük və Rafael PDM-dən düşərək, əmr verdi ki, mən trasserlə haranı vursam, oranı məhv edin! O, açıq sahəyə keçdi, onun bu hərəkəti elə ölümə atılmaq demək idi. Bizdən öndə 4 nəfər: rəhmətlik Elçin Şükürov, Mehdi (indi Azərbaycandan kənarda yaşayır), Arif və Ağabəy vardı. Onlar erməni mövqeyinə 10-20 metr məsafədə atəşə düşdü, biz biraz, 15-20 metr geridəydik, atəş başlayanda. Bizim qrup zərbə qrupuydu və irəlidə gedib arxadakılara yol açmalıydıq. Biz ilk atəşi üstümüzə almağa hazır idik. Ağabəygil meşəyə girib, fırlanaraq yenidən bizim yanımıza qayıtdılar, açıqda hərəkət etmək imkansız idi. Biz Faton1, (yevrey milliyyətli) Saşa Dobin isə Faton2 idi. Rafael ratsiya ilə əmr verdi ki, Faton1 irəli və Faton2 onu qoru. Biz irəliyə getdiyimiz anda nişançı bildirdi ki, məndə lülə atmır. Rafaelə ratsiya ilə bu məlumatı çatdıran kimi o, dərhal əmr verdi ki, Faton1 geri çəkilsin, Faton2 onu qoru! Faton2 gəlib, bizim sağ istiqamətimizdən, çay tərəfdən irəliyə keçdi. Faton2-ni orada vurdular, Saşanın mexanik-sürücüsü də Oleq idi. Oleqi lyukdan çıxan zaman snayperlə başından vurmuşdular. O, yarıya qədər lyukdan çıxmışdı və vurulandan sonra gözlərimiz önündə sürüşərək PDM-in tırtılının yanına düşdü. Saşa Dobin isə üzünü sol tərəfini tamamilə tutmuş və gözünə 47 oskolka dəydiyindən bir gözünü itirdi...
Bilirsiniz, onsuz da kimsə sizə döyüşün tam mənzərəsini danışa bilməyəcək. Hərə öz gördüyünü danışa bilər. Həm belə mənzərələri bəlkə filmlərdə görmək olar, təsvir etmək çətindir. Torpaq od tutub yanırdı, qoca ağacların kökündən çıxıb, göydə uçması... anlatması çətin mənzərəydi, inanın. Mən o döyüşdə partlayışdan kontuziya almışdım. PDM-dən çıxıb, daşın arxasında uzanmışdım. Azər Umudov meşə tərəfdən çıxıb və mənə dedi ki, AQS-i götür gəl, mən ermənilərin üstündəyəm. Mən o vaxt onu eşıdə və anlaya bilmirdim, sonradan söhbətdə o, dedi ki, mən sənə bunu deyirdim. Mən xatırlamıram, amma Azər deyir ki, sən mənə cavab verdin ki, gözlə biraz istirahət edim... Artıq ermənilər sağ və sol tərəfdən dağın üstündən hücuma keçirdi. Simon (indi Moskvada yaşayır) vardı bizdə, çox savadlı zabit idi, o, Uralların üstünə PTUR-lar bağlamışdı, kuzalarında yerləşdirmişdi. O, başladı PTUR-la işləməyə. Ondan başqa bizdə Şilka da işləyirdi. Şilkanı işlədənin adı səhv etmirəmsə Fail, mexanik isə Şahin idi. Şilkanın komandiri rus idi, Hava Müdafiə Qüvvələri hərbi məktəbini bitirmişdi, leytenant idi. Çox savadlı idi və onun əməyi nəticəsində Şilka bizim döyüşlərdə köməyimizə çatırdı. Adı xatirimdə deyil, çox təəssüf. O, biz 1992-ci ildə Bakıya qayıtdıqdan sonra hissəmizdən getdi. Bilirsiniz, bizdə o vaxtlar belə axmaq söhbətlər dəbdəydi, rusdur, ruslara işləyir və sairə. O, ordudan uzaqlaşdırıldı və bu söhbətlərdən sonra çıxıb getdi. Siması hələ də xatirimdədir, arıq, uzun oğlan idi və olduqca döyüşkən idi. Məhz bu döyüşdə də o, şəxsən Şilkayla işlədi və bizi atəşdən qorudu. Az itki ilə geri çəkilə bilməyimizə səbəbkarlardan biri də həmin leytenant idi. O biri isə biriqadanın Şilkası, komandiri baş leytenat Fuad adlı zabit idi. Həmin iki Şılka və Simon Rafaelin trasserlə işarə etdiyi nöqtələri dərhal susdururdular. Biz geri çəkiləndə 3 şəhid vermişdik, 1 nəfərdən xəbərimiz yox idi, onu da şəhid bilirdik, amma o, səhəri gün yaralı, qan içində, lakin salamat gəlib çıxmışdı. Bu, Mehdi idi. (Indi, səhv etmirəmsə, İsraildə yaşayır - F.R.)
Daha sonrasını sizə danışıblar ki, biz Ağdaban - Çapar istiqamətindən qalxdıq yuxarı və Qozlu körpüyə Çapardan düşdük. Qozlu Körpü döyüşündə yaralananlardan Novruzun, İsrafilov Nazimin, Mehdinin, Arifin adlarını qeyd etmək istərdim. (Adı yadımda qalmayan döyüşçülərimizdən üzr istəyirəm - F.R.).
Mənim sizinlə paylaşmaq istədiyim maraqlı məqamlar isə bizim hansı səbəbdən məhz Çərəkdar - Qozlu körpü yolu ilə hərəkət etməyimizin səbəbini sonradan öyrənməyimlə bağlıdır. Biz Bakıya gətirildikdən sonra Valeh Bərşadlının əmriylə məni öz yanına, mühafizə bölüyünün komandiri vəzifəsinə təyin etdilər. Bu hadisənin üstündən bir-neçə ay keçmişdi, biz onunla söhbət etdiyimizdə ona Qozlu körpü əməliyyatı ilə bağlı sual verdim ki, niyə bizim məhz Qozlu körpü yolu ilə hərəkət etməyimizi əmr etmişdiniz? Axı biz hücuma Ağdaban - Çapar istiqamətində hazırlaşırdıq və oranı kəşfiyyat etmişdik? V.Bərşadlı bu əməliyyatın məğzini mənə o zaman açıqladı. Düzdür qəddar qərar və addım hesab edilə bilər, lakin müharibənin insan məntiqinə tabe olmayan qanunları var. Bu əməliyyat da elələrindən olmuşdu. O, dedi ki, mənə lazım idi ki, Ağdərədə Kəlbəcər istiqamətində erməni qüvvələrinin əsas hissəsini Qozlu körpü istiqamətinə cəlb etdirim və kimi göndərsəydim, ermənilər əhəmiyyət verib, həmin qüvvələri Qozlu körpü istiqamətində qüvvəni cəmləşdirməyəcəkdilər . Siz ad çıxarmışdınız və ermənilərin içində xof yaratmışdınız. Sizin adınızı eşidən kimi, ermənilər oraya əlavə qüvvələr cəlb edəcəkdi. Mən düşmənin psixologiyasının incə məqamlarından istifadə edərək, məhz sizi oraya göndərdim və ermənilərə məlumat sızdırdım ki, bu yolla 772-ci reyd dəstəsi böyük qüvvə ilə hərəkət edəcək. Eyni zamanda, əməliyyatın uğurlu alınması üçün Zaur Rzayevin də briqadasi artıq sizin tərəfinizdən kəşfiyyat edilmiş və təhlükəsiz yolla irəliləməli idi çünki, erməni yalnız sizi durdurmaq üçün məhz Çərəktar - Qozlu körpü yoluna cəmlənəcəkdi. Mən sizi ölümə göndərdiyimi bilirdim. Amma sizin 100 nəfərin şəhid olması başqa istiqamətlərdə yüzlərlə əsgərin canının qorunması və Ağdərə istiqamətində bütün cəbhələrdə uğurla irəliləməsi demək idi. Sizin dəstə isə bu döyüşdən az itkiylə və şərəflə çıxdı. Biz sizdən bu qədər böyük uğur gözləmirdik. Siz əsas məqsədə hesablanan tapşırığı yerinə yetirə bilmişdiniz, erməni sizin adınızın vahiməsinə Ağdərədə Kəlbəcər istiqamətindən xeyli qüvvələrini sizin üstünüzə yönəltmişdi, siz bu döyüşdən minimal itkiylə salamat çıxmışdınız. Məndə olan məlumata görə ermənilərin 50-60% qüvvəsini məhz sizin hərəkət edəcəyiniz istiqamətdə cəmləmişdi. Mən də bundan istifadə edərək, əsas ermənilərin bazası yerləşən Aterki yüzlərlə azərbaycanlı balasının canını qoruyaraq asanlıqla, Almanlar Fransanı necə götürmüşdüsə, elə götürdüm... Allah ona qəni-qəni rəhmət eləsin, general böyük sərkərdəydi!
Mən Rafaellə bağlı bir-iki kəlimə demək istərdim. O, bizə döyüşdə komandir idi, amma döyüşdən kənar, bizim dostumuz, yoldaşımız oldu! Hər zaman: mən yalnız döyüşdə komandirəm, döyüşdən kənar sizlərdən biriyəm! – deyirdi.
Söhbətimizin sonunu komandirimiz İlqar Qəhrəmanov haqqında danışaraq yekunlaşdırmağı üzümə borc bilirəm. İlqar Qəhrəmanov Bakıdan Kəlbəcərə çıxmamışdan əvvəl ona verilən əmrdən imtina edərək belə bir tələb irəli sürmüşdü: - “Tabeçiliyimdə olan zabit və gizirlərin social-maddi durumu pis vəziyyətdədir. Onların ailəsi ən azı evlə təmin olunmalıdır”. Bu tələb dərhal yerinə yetirildi. Ailələr evlə təmin olunduqdan sonra biz Kəlbəcərə yola düşdük. Döyüşdən kənar qayğıkeşliyi ilə yanaşı bütün döyüşlərdə komandirimiz yüksək səviyyədə tam hazırlığlı zabit kimi özünü göstərdi. Çərəktar döyüşündən sonra səhhətinin hədsiz pisləşməsi ilə bağlı, özünün narazı olmasına baxmayaraq, hospitala yerləşdirildi. “Qozlu körpü” döyüşləri zamanı biz onun yanımızda olmamasını hər an hiss etdik.
Döyüşlərə gedərkən hər bir əməliyyat dəstə komandiri kimi onun rəhbərliyi ilə hazırlanırdı. Onun "Əfqanıstan təcrübəsi" hər zaman bizə əməliyyatlarda uğur qazandırır və əsasən də dəstənin tərkibinin sağ qalmasını təmin edirdi. O, hər bir döyüşçüsünün həm komandiri, həm də atası idi. Onun düşüncəsinə görə əsgər itgisi komandirin səhvi və məsuliyyətsizliyi idi, bu səbəbdən bizdə dəmir nizam-intizam vardı. Nizam-intizam olan hərbi hissədə sağ qalmaq şansı da həmişə dəfələrlə yüksək olur və təbii ki, əməliyyyatların doğrü qurulması da əhəmiyyət kəsb edən amillərdəndir.
Bizim Qozlu körpü əməliyyatı sonrası Kəlbəcərdən çıxarılmamızın da tələbini Qəhrəmanov qoymuşdu. O, təkid etdi ki, dəstənin 60% (şəhid və yaralılarla) tərkibini itirdikdən sonra artıq burada qalıb döyüşə davam etməsi dəstənin tamamilə məhv olması deməkdir və reyd dəstəsinin Bakıya qaytarılıb, yenidən tərkibinin formalaşdırılması vacibdir. Buna səbəb onun MN-nin rəhbərliyi ilə problemləri də oldu, amma bir peşəkar zabit kimi əsgərlərinin həyatını öz karyerasına qurban vermədi.
İlqar Qəhrəmanov Əfqanistanda, Sovet Ordusu sıralarında qulluq etmiş, səriştəli bir zabitdir. O, Igidliyə, Xidmətinə görə medalllarla təltif olunmuş və iki dəfə Qırmızı Ulduz ordeninə layiq görülmüşdür. SSRİ dövründə iki dəfə Qırmızı Ulduz almaq avtomatik Sovet İttifaqı Qəhrəmanı adının verilməsi demək idi, lakin Qəhrəmanova milliyyətiylə bağlı qısqanclıq nəticəsində bu ad verilmədi. Buna misal, elə Valeh Bərşadlını da çəkmək olar, məhz milliyətinə qisqanclığın nəticəsi onun general rütbəsi 7 il gecikdirilmişdi...
• İlqar Qəhrəmanov (Dəstənin komandiri)
• Oqtay Kərimov (Qərargah rəisi)
• Rafiq Rzayev (1-ci qrupun komandiri)
• Cəbrayıl Həbibov (2-ci qrupun komandiri)
• Rəfayıl Həbibov (3-cü qrupun komandiri; ölümündən sonra - Milli Qəhrəman)
• Mustafa Niyazəliyev (Minaatan qrupun komandiri)
• Xanlar Mustafayev (Kəşfiyyat qrupunun komandiri)
• Volodya Malinin (dəstənin yaradılmasının təşəbbüskarı)
• Volodiya Kozlov (dəstənin yaradılmasının təşəbbüskarı)
Qalanların ad və soy adlarını toplaya bildiyim kimi deyəcəm, çətindir on illiklər sonrası çox şeyi xatırlamaq...
• Simon
• Kostya Firsov
• Azər Umudov
• Rövşən Melikov
• Mübariz
• İlqar Məmmədov
• İlham Əzizov
• Ağabəy Əliyev
• Teymur (Sonbeşiy)
• Nazim İsrafilov
• Əjdər Qafarov
• Novruz Kərimov
• Fazil Qəribov
• Yalquzaq (adının çəkilməsini istəmədi)
• Məhərrəm (Qorbaçov)
• Eldar (Batyan)
• Aleksandr Dobin
• Mehdi
• Arif
• Zülfüqar Əliyev
• Fail Baxışov
• Həsən (Şampanzavod)
• Vaqif (Vaqulya)
• İlqar (Analqin)
• Xaxol (adı xatirimdə deyil)
• İdris (Rabitə)
• Zakir
• Robert Axunov
• Said Xairbekov
• İlqar (Lapata)
• Ədalət (Dərviş)
• Səid (Ərəb)
• Ərəstun İsrafilov
• İlham (Sem-be)
• Polkovnik - ləqəb (adı xatirimdə deyil)
• Nizam Nağıyev
• Yaşar Əliyev
• Batya mexanik (adını xatırlamıram)
• Çingiz
• Elbrus
• Kamal (Zərgər)
• Zahid Salmanov
• Etibar Əliyev
• Şahin (Şilka)
• Sidokin
• Əlif Mirzəyev
• Pavel Şevçov
• Aleksadr Trunov
• Valentin Seleznyov
• Şahvələd
• Zaur Nuriyev
• Leytenant - rütbə (adı xatirimdə deyil)

Şəhidlərimiz
• İlham Həsənov
• Vadim Xanin
• Elçin Şükürov
• Mübariz Ağamirzəyev
• Aleksey Dementyev
• Oleq Dmitrenko

• Rafayıl Həbibov
• Valeriy Rassoxa
• İlqar Zülfüqarov

• Gennadiy (Krokodil)
Hərbi hissəmizdə həlak olmuş, əlil və sağ qalan, adlarını qeyd etmədiyim döyüşçülərimizin ruhundan və özündən üzr istəyiurəm.
Könül Sərdarlı














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.