“Bu hadisələr kənar güclərin oyunu ola bilər” - Müsahibə

7-07-2018, 10:33           
“Bu hadisələr kənar güclərin oyunu ola bilər” - Müsahibə
“Prezident tam doğru hərəkət edərək, onu məhz müşavirədə istefaya göndərmədi”

Teleqraf.com saytının suallarını “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu cavablandırıb. Müsahibəni təqdim edirik:

– Rauf bəy, Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş verən qəza ilə bağlı fikirlərinizi bilmək istərdik.
– Belə bir qəzanın baş verməsi əlbəttə, çox pis haldır. Bu qəza baş verməməli idi. Arzu və dua edirəm ki, bu, hansısa kənar güclərin təxribatı olmasın və dövlət yetkililərinin prezidentin yanında dedikləri kimi, öz işinə ciddi yanaşmamalarının və “Azərenerji” ASC-nin günahı olmuş olsun. Allah eləsin bu hadisə kənar güclərin Azərbaycanı qarışdırmaq cəhdlərindən biri olmasın. Yenə deyirəm, mən bunun üçün dua edirəm.

– Demək, Sizin ehtimallarınızdan biri də budur…
– Bir neçə gün ard-arda ölkəni enerji fəlakətinə yaxın bir vəziyyətə salmaq, eyni zamanda bunun ardınca Azərbaycanın çox önəmli bir dövlət məmurunu güllələmək kənar ssenarilər təsiri bağışlayır. Yəni, buna bənzəyir. Bu, mənim ehtimallarımdan biridir. Şəxsi düşüncəmdir və mən bunu bir qədər ehtimal edirəm. Ard-arda belə bir situasiyanın olmasını mən variantlardan biri hesab edirəm və buna görə də düşünürəm ki, bu, kənar güclərin oyunu ola bilər.

– Ancaq həm də bunun belə olmadığına ümid edirsiniz…
– İstəyirəm ki, belə olmasın və həqiqətən də texnogen bir qəza olmuş olsun. Əgər belə olarsa, problem deyil. Dövlət də, millət də, ölkə də vəziyyətdən çıxacaq. Ortada çox böyük bir can qeybi yoxdur. Ümumiyyətlə, can qeybi yoxdur və düzəlməyəcək bir durum da deyil. Azərbaycan zəngin dövlətdir, onun çoxlu imkanları, maliyyə resursları var. Özünə bir, hətta bir neçə istilik elektrik stansiyası inşa etdirə, yaxud su elektriik stansiyasını yeniləyə bilər.

Amma bu, kənar güclərin məsələsi olsa, o deməkdir ki, Azərbaycan hədəfdədir və ölkə yetkililərinin ilin əvvəlində elan etdikləri “Azərbaycanı qarışdırmaq istəyirlər” xəbərdarlığı demək hələ də keçərlidir. Mən həm də ona görə narahatam ki, Azərbaycan gözlənilən təxribatlar səbəbindən prezident seçkilərini 6-7 ay qabağa çəkmək məcburiyyətində qaldı. Buna görə də hər halda mənim narahatlığım var.

– Bu məsələ ilə bağlı Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi. Bu müşavirədə səslənən fikirlər, deyilən sözlərə münasibətinizi bilmək istərdik.
– Prezident Azərbaycan xalqının və sosial şəbəkələrdəki təftişçilərin dediklərindən daha kəskin fikirlər səsələndirdi və xalq nə deyirdisə, necə təhlil edirdisə, o cür təhlil etdi. Bu baxımdan müşavirədə göründü ki, Prezident proseslərin, xalaqın düşüncələrinin fərqindədir və eyni zamanda da gerçəkəri söylədi. Bilirsinizmi, etibar edib kimlərəsə hansısa sahəni tapşırırlar. Dövlət başçısının o sahəni incəliklərinə, prosesləri ən dərinlikəriə qədər yoxlamaq imkanı yoxdur. Tutaq ki, bizə bir qəzet tapşırılıb. O qəzetin funksiyalarını, necə fəaliyyət göstərməsini, işçilərə yaradılan əmək şəraitini ona rəhbərlik edən şəxslər müəyyənləşdirirlər. Belə məlum oldu ki, Etibar Pirverdiyev ona etibar olunan sahəni batırıb. Mən əminəm ki, bu böhran aradan qalxandan sonra o , istənilən halda bunun cəzasını alacaq. Prezident tamamilə doğru hərəkət edərək onu məhz müşavirədə istefaya göndərmədi. Belə olardısa, bu o demək idi ki, Azərbaycan böhran prosesini idarə edə bilmir, o prosesi kəsib atmaqla vəziyyətdən çıxmağa çalışır və ən asanı da bu idi. Hesab edirəm ki, Etibar Pirverdiyevin üzərinə, boynuna o prosesdən, böhrandan Azərbaycanın çıxmasının bir qismi həvalə olunacaq. Azərbaycan bu prosesdən çıxdıqdan sonra da o, istefaya göndəriləcək.

Mən Fövəladə Hallar naziri Kəmaləddin Heydərovun müşavirədə səsləndirdiyi fikirlərlə tamamilə razıyam. Mənə elə gəlir ki, geniş ictimaiyyət də razıdır. Bu, yeni elektrik stansiyasının tikilməsi ilə bağlıdır. Azərbaycan Prezidenti də bu ideyanı dəstəklədi. Görünən bundan ibarətdir ki, böhran anında yalnız bir sahədən başqa dövlətin digər strukturları saat kimi çalışıb. Bura polis, prokurorluq, Fövqəladə Hallar Nazirliyinin strukturundakı bölmələr, həmçinin qismən qüsurlar olsa da, səhiyyə də daxildir. Yəni, görünən budur ki, Azərbaycan dövləti var, mexanizmlər, dövlət strukturları keyfiyyətli çalışır. Heç bir təxribat, heç bir provokasiya bu dövlətin əsaslarını sarsıda bilmir, bilmədi. Yeganə təsərrüfatçı olan Etibar Pirverdiyevin sahəsində ciddi axsamalar var, bu axsamalar da Azərbaycanı çox böyük, çox ciddi bir problemə soxub. Ölkəni o problemdən çıxarmaq lazımdır.

– Mingəçevirdə baş verən qəza və Gəncədə icra hakimiyyəti başçısının güllənməsinə dair məlumatları hardan əldə etdiniz?
– Mən həmin vaxt Tovuzda idim. Yeganə məlumat qaynağım telefon idi. Çox şükürlər olsun ki, “Azercell”in və digər mobil rabitə xidmətləri göstərən operatorların interneti sönmədi. Bu da çoxsaylı Azərbaycan istifadəçilərinin məlumatsız qalmamasını təmin etdi. Mən həmin gecə səhərədək özüm çalışdım. Məlumatı da Mingəçevirdəki dostlardan, rəsmi qurumlardan və o cümlədən sosial şəbəkələrdən aldıq. O məlumatlar əsasında da sağlam, heç bir provokasiyaya yol verməyən və təxribatları önləyəcək məlumatlar yaymağa başladıq. Həmin gecə Azərbaycanın yeni mediası – saytları bir daha sınaqdan çıxdı və məlum oldu ki, işıqlar ölkə boyu sönəndə belə Azərbaycanın işığını söndürmək olmur və o, xəbərləşmək üçün bir yol tapır. Bu da yeni medianın imkanları sayəsində mümkündür. Hesab edirəm ki, bundan dövlətimiz də nəticə çıxarmalıdır. Hər zaman ayaqda olmağı bacaran və istənilən kritik situasiyada dövlətin yanında olduğunu sübut edən media quruluşlarına – Azərbaycanın yeni mediasına ciddi bir dəstək vermək lazımdır ki, biz daha bir boyut adlayaq, daha yüksək bir səviyyəyə gəlmiş olaq.

– Medianın bu hadisələrin baş verdyi günlərdəki fəaliyyətini necə qiymətləndirirsiniz?
– Çox yüksək qiymətləndirirəm. İstər yeni televiziya olan “Real” TV-nin fəaliyyətini, istər agentliklərin, istərsə də saytların fəaliyyətini yüksək səviyyədə qiymətləndirirəm və hesab edirəm ki, onlar hətta, müəyyən dövlət strukturlarının çalışma imkanı olmadığı məqamlarda da xalqı, dövləti və cəmiyyəti vəziyyətdən çıxardılar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.