Azərbaycanda talışca təbliğat kampaniyası - FOTOFAKT
9-10-2015, 21:58
Azərbaycanda keçiriləcək parlament seçkilərinə qatılmış namizədlər olduqca maraqlı kampaniyalar təşkil edirlər. JAM.AZ xəbər verir ki, həmin kampaniyalar arasında seçicilərin diqqətini xüsusi olaraq çəkmək marağı bəzən namizədləri daha fərqli addım atmağa sövq edir.
Amma bu sırada elə namizədlər var ki, onların seçki təbliğatları nadir rast gəlinən olmaqla yanaşı, həm də ilklər sırasındadır. JAM.AZ xəbər verir ki, 78 saylı Lerik Seçki Dairəsindən namizədliyini irəli sürmüş Mehdibəy Səfərov özünün seçki kampaniyasını doğma talış dilində aparır. Onun seçki plakatlarının üzərində də elə talış dilində sözlər yazılıb.
Qeyd edək ki, bu qanunla qadağan edilən hal deyil. Üstəlik, heç bir şəkildə qınanılması mümkün olmayandır. Yəni, Mehdibəy Səfərovun, eyni zamanda digərlərinin öz ana dillərində seçki təbliğatı aparmaları təbii haqlarıdır.
Xatırladaq ki, belə təbliğat ilk dəfə vəkil Xalid Bağırov tərəfindən aparılıb. Lənkərandan namizədliyini irəli sürmüş Bağırov həmin vaxt plakatlarına “Çəmə Xalid” (Sizin Xalid) sözlərini yazdırmışdı.
DİA.AZ-dan: Hər halda MSK-nın bu olaya reaksiya verməsi gözləniləndir. Ən azından bu ölkənin rəsmi dövlət dili var. Digər tərəfdən, talışca təbliğat aparan namizəd bununla həm də məğlubiyyətinə tədarük görmüş olur. Çünki istənilən halda onun namizədi olduğu seçki dairəsinin əksər seçiciləri namizədin təbliğat dilini anlamır ki, bu da onun seçilməsinə ciddi problem yarada bilər.