Məhkəmə sistemi yenilənir, nazir Ramiz Rzayevi “vurur” - Yeni plan

6-04-2015, 17:08           
Məhkəmə sistemi yenilənir, nazir Ramiz Rzayevi “vurur” - Yeni plan
Azərbaycan iqtidarı, nəhayət, ədalətli məhkəmə sisteminin formalaşdırılması yönündə ciddi addımlar atmağa qərar verib. Ancaq indidən sızan informasiyalar və onların təhlili islahatlardan dövlətin və cəmiyyətin qazanacaqları ilə bağlı ümidlərini haçalayır.

Dia.az «Reytinq»ə qəzetinə istinadən bildirir ki, 2005-ci ildən Ali Məhkəməsinin sədri olan Ramiz Rzayevin yola salınması artıq böyük ölçüdə razılaşdırılıb. Yəni aprelin 19-da səlahiyyət müddəti bitəcək Ramiz Rzayevin yenidən vəzifəsində saxlanılmayacağı dəqiqləşib.

Məlumatda o da bildirilir ki, Ramiz Rzayevin hazırkı vəzifəsinə təyin olunacaq şəxs də müəyyənləşib:

«... Ramiz Rzayevin Ali Məhkəmənin sədri vəzifəsində 10 illik fəaliyyəti hakimiyyəti qane etməyib. Xüsusiylə beynəlxalq təşkilatların, həmçinin, ölkənin ən müxtəlif qütblərindən Azərbaycanın məhkəmə sisitemi haqqında davamlı mənfi rəylərin açıqlanması, Ali Məhkəmənin sədri ilə bağlı məlum qərarın verilməsinə səbəb olub. Bir sözlə, aprelin 19-da səlahiyyət müddəti bitəcək Ramiz Rzayev başqa vəzifəyə təyinat almaqla, Ali Məhkəmənin sədri vəzifəsindən uzaqlaşdırılacaq. Ramiz Rzayevlə yanaşı, Azərbaycan məhkəmə sisteminin ikinci pilləsində. Yəni Bakı Apellyasiya Məhkəməsində də ciddi dəyişikliyin olacağı gözlənilir. Bəli, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin də barəsində sərəncam olacaq. Bu sərəncam isə onun Ramiz Rzayevin postunu tutması ilə bağlı olacaq. Sizə deyə bilərəm ki, İman Nağıyev artıq özünü Ali Məhkəmənin sədri postunda görür və təbriklər qəbul edir. Yəni artıq o, yeni vəzifəsinə təyinatının razılaşdırıldığını yaxın ətrafına bölüşüb. Hətta ən yaxın çevrəsi də təbii olaraq, onun Ali Məhkəmənin sədri vəzifəsinə təyinatını indidən bayram edirlər».

Məlumata görə, İman Nağıyevin Ali Məhkəmənin sədri postu uğrunda gedən gərgin mübarizədən qalib ayrılacağı ehtimalın gücləndirən əsas faktor nüfuzlu şəxslərin ciddi dəstəyində axtarılır. Xüsusən də ədliyyə naziri Fikrət Məmmədovun Ramiz Rzayevin getməsinə, İman Nağıyevin isə Ali Məhkəmənin sədri olmasına çox çalışdığı bildirilir:

«Fikrət Məmmədovun İman Nağıyevin üzərində dayanmasının isə çox ciddi səbəbləri var. Nazirlə Bakı Apellyasiya Məhkəməsinin sədri arasındakı «körpü rolu»nu nazir Fikrət Məmmədovun yaxın qohumlarından biri oynayıb. İman Nağıyev demək olar ki, hər gün nazirin həmin yaxın qohumu ilə bir yerdədir. Həm bu, həm də İman Nağıyevi nazirlə əlaqələndirən və adını çəkmək istəmədiyim həmin şəxsin daha bir ciddi qruplaşma ilə qohumluğu İman Nağıyevin Ali Məhkəmənin sədri vəzifəsinə iddiasını demək olar ki, təmin edib. Onu da deyə bilərəm ki, İman Nağıyevin Ali Məhkəmənin sədri vəzifəsini tutmasını Baş Dövlət Yol Polisinin rəisi, general Ramiz Zeynalov da dəstəkləyir. Tovuzlu Ramiz Zeynalovun Gədəbəyli İman Nağıyevi dəstəkləməsinin səbəbi təkcə regional yaxınlıq deyil.

Bir qədər dərinə gedərək deyə bilərik ki, Ramiz Zeynalovun nazir Fikrət Məmmədovun İman Nağıyevin üzərində belə ciddi dayanmasına dəstəkçi olması, həm də qohumluq əlaqələri ilə bağlıdır. Yəni general həm də ədliyyə nazirinin qohumu olan və yuxarıda adını çəkmədiyimiz şəxslə qohumdur. Bir sözlə, qohumluğa söykənən qruplaşma İman Nağıyevin məhkəmə sədri olmasına var qüvvələri ilə çalışırlar. Söz yox ki, bu qruplaşma İman Nağıyevin təyintı məsələsində daha çox ədliyyə naziri Fikrət Məmmədova güvənirlər. Əgər İman Nağıyevin artıq təbriklər qəbul etməsini nəzərə alsaq, o zaman nazirin də bu qrupun güvənini hələlik boşa çıxarmadığını deyə bilərik. Söz yox ki, sonda qərarı yalnız Prezident verəcəyini nəzərə almaq lazımdır. Yəni hələki bu qruplaşmanın istəyi rəsmiləşdiyindən yekun qələbədən söhbət gedə bilməz».

İman Nağıyevin Ali Məhkəmənin sədri kimi məhkəmə sisteminin "üzünü ağartması”na gəlincə isə, müsahibimiz bunun çətin olacağını etiraf edib:

«Çünki hələ bu günə qədər Beynəlxalq və yerli təşkilatların diqqətində olan ciddi bir məhkəmə prosesi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin əks qərar verməsi müşahidə olunmayıb. Tam əksinə, İman Nağıyevin sədri olduğu məhkəmə əsasən rayon məhkəmələrinin qərarlarını notarius kimi təsdiq etməklə məşğul olub. Belə olmasaydı, Avropa İnsan Haqları Məhkəməsinə də Azərbaycandan belə çox şikayətlər getməz, nə də ölkəmizə qarşı çox qərarlar qəbul olunmazdı. Bu faktlar da göstərir ki, İman Nağıyev Ali Məhkəmənin sədri vəzifəsində də məhkəmə sisteminə "yeni nəfəs” gətirmək gücündə olmayacaq. Təbii ki, bu da Azərbaycan iqtidarının məhkəmə sistemi ilə bağlı tez-tez qəbul etdiyi iradlar və mənfi yönlü hesabatlardan xilas ola bilməyəcəyinə səbəb olacaq. Elə İman Nağıyevin yuxarı pillərdəki əleyhdarları da bu arqumenti əsas gətirərək, onun təyinatına qarşı çıxırlar. Çünki İman Nağıyev Azərbaycanın məhkəmə sistemində daha çox mənfi xarakterizə olunan adamdır. Onun barəsində hansı ittihamlar səslənməyib ki?! Sifarişli qərarlar, rüşvət, korrupsiya, qrup oyunları və sair ləkəli «damğa»ları üzərində olan birinin təyinatı, razılaşaq ki, beynəlxalq və yerli təşkilatların Azərbaycana müsbət imic gətirməyəcək hesabları ilə müşaiyət olunacaq. Amma nə edək ki, burada bəzi qruplar əksər vaxtı dövləti və hakimiyyəti deyil, öz qrup maraqlarını önə çəkməkdə israrlıdırlar».

Məlumatlı şəxs deyir ki, İman Nağıyevin məhz yuxarıda sadalanan ləkəli imicinə görə bu təyinatına qarşı çıxanlar Ali Məhkəmə sədrinə daha çox Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynlinin namizədliyi üzərində dayanırlar:

«Hətta bu posta Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynovun gətirilməsinin az da olsa, tərəfdarları var. Hər iki şəxs sahələri üzrə peşəkardır. Eyni zamanda, beynəlxalq əlaqələrə və təcrübəyə sahibdirlər. Ancaq qeyd olunduğu kimi, adıçəkilənlərin şansı aşağı dəyərləndirilib».

Mənbə sonda bildirib ki, əgər «fövqəladə hal» baş verməsə, aprelin 20-də İman Nağıyevi Ali Məhkəmənin sədri vəzifəsində görə biləcəyik: "Söz yox ki, son qərarı Prezident İlham Əliyev verəcəyindən, İman Nağıyevlə bağlı ədliyyə sisteminin planı baş tutmaya da bilər...".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.