BMT üzərindən Azərbaycana qarşı erməni təxribatı – Azay Quliyev AÇIQLADI
23-04-2019, 21:12
"BMT üzvü olan hər bir ölkə bu quruma illik hesabat verir. Lakin təəssüf ki, budəfəki hesabatda Ermənistan təxribata yol verib, qondarma "Dağlıq Qarabağ respublikası”nın hesabatının BMT-nin saytında yerləşdirilməsinə nail olub”.
7NEWS.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Azay Quliyev çıxış edərkən deyib.
O bildirib ki, hesabat rəsmi hesabat statusunda 6 dildə yayılıb: "Buna müvafiq qurumlar tərəfindən münasibət bildirməlidir. Ermənistan tərəfindən bu cür təxribatlar indiyədək də edilib. Lakin budəfəki təxribata BMT şərait yaradıb. İndiyədək heç bir halda BMT tərəfindən belə qanunsuzluğa yol verilməyib.
Təşkilatın qəbul etdiyi qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Belə olan halda, necə ola bilər ki, BMT tərəfindən bu cür hesabat "Artsax” adı ilə qəbul olunsun?
Bu məsələ araşdırılmalı, qanunsuz, qondarma hesabat BMT-nin rəsmi saytından çıxarılmalıdır”.
Millət vəkili Qənirə Paşayeva da A.Quliyevin qaldırdığı məsələni dəstəkləyib.